BolgeXeber.Com » Bölgə » Şəki səhiyyəsinin “psixo-nevroloji” problemləri - İDDİA

Şəki səhiyyəsinin “psixo-nevroloji” problemləri - İDDİA

22-11-2016, 12:54
Oxunub: 4 407 Şəki səhiyyəsinin “psixo-nevroloji” problemləri - İDDİAAkif Əsədullayev yaranmış vəziyyətə görə məsuliyyəti, Şəki RMX-nın baş həkimi Məcid Əliyevin üzərinə yönəltməyə çalışır

Qəzetimizin ötən saylarında da biz öz yazılarımızda bəzi psixo-nevroloji səhiyyə müəssisələrinin fəaliyyətlərinə dair redaksiyamza daxil olan məlumatlara diqqət çəkmişdik. Qeyd edək ki, bu məlumatlarda daha çox şikayət və ittiham xarakterli açıqlamalar yer almışdır. Həqiqətən də, bu tip müəssisələrin fəaliyyətində zəruri olan özəlliklər, eyni zamanda araşdırma aparılması imkanlarını da müəyyən çərçivəyə salmış olur. Bu isə öz növbəsində, həmin müəssisə rəhbərlərinə bu və ya digər maxinasiyaları daha sərbəst formada həyata keçirmək üçün əlverişli şərait yaradır. O cümlədən, son vaxtlar aldığımız məlumatlarda Şəki Rayonlararası Psixiatriya Xəstəxanası da, bu rayonun səhiyyə sisteminin ən problemli müəssisələrindən biri kimi təqdim olunur. Açıqlamalarda xəstəxananın baş həkimi Akif Əsədullayevin fəaliyyətində vəzifəsindən sui-istifadə, rüşvətxorluq və digər ciddi qanun pozuntularına yol verildiyi bildirirlir. Aldığımız məlumatlarda əks olunan ümumi rəyə görə, məhz baş həkimin yarıtmaz fəaliyyəti nəticəsində bu gün Şəki Rayonlararası Psixiatriya Xəstəxanasında vəziyyət son dərəcə acınacaqlı bir duruma gəlmişdir. Açıqlamalara görə, hazırda xəstəxanada müalicə olunan xəstələr müəssisə rəhbərliyi tərəfindən dözülməz haqsızlıqlara məruz qalırlar. Belə ki, iddialara görə, bu səhiyyə müəssisəsində heç bir xəstənin pulsuz müalicə və ya hətta müayinə olunmaq şansı yoxdur. Həkimlər isə, Akif Əsədullayevin tapşırığı əsasında müalicənin müddətini mümkün qədər uzatmağa çalışırlar. Həmçinin daxil olan məlumatlarda, xəstəxanada buraya Səhiyyə Nazirliyi tərəfindən ayrılan dərman preparatları ilə də müəyyən maxinasiyalara yol verildiyi bildirilir. Bu “biznes”in sadə sxemi bundan ibarətdir ki, dövlət tərəfindən verilən preparatların çeşidi və sayı nə xəstələrə, nə də onların qohum və ya hamilərinə məlum deyil. Bundan yararlanan xəstəxana rəhbərliyinə sadəcə olaraq dərman qıtlığı görüntüsü yaratmaq kifayət edir. Xəstə sahibləri özləri həkimlərə müraciət edərək, iki-üç qat bahasına tələb olunan preparatları almaq arzularını ifadə edirlər.

Həmçinin, məlumatlarda Şəki Rayonlararası Psixiatriya Xəstəxanasında primitiv səviyyədə göstərilən tibbi xidmətlərə görə yüksək məbləğlərin alınması, xəstəxananın antisanitariya şəraitində saxlanması, abadlıq və təmirə ayrılan vəsaitlərin mənimsənilməsi kimi halların da mütəmadi yer aldığı iddia olunur. Aldığımız açıqlamalardan birində deyilir: “Akif Əsədullayev özü qət-təzə “Niva”da gəzir. Amma rəhbərlik etdiyi xəstəxana az qala dağılmaq üzrədir. Xəstəxana binasının təmirinə dövlət tərəfindən ayrılan pullar hara xərclənirsə, təyinatı üzrə məsrəflərə vəsair qalmır. Akif Əsədullayev isə, məsuliyyəti Şəki RMX-nın baş həkimi Məcid Əliyevin üzərinə yönəltməyə çalışır...” Mövzuya dair dərc etdiyimiz ötən yazılarda da biz qeyd etmişik ki, bu gün ölkəmizin səhiyyə sistemində əsaslı islahatların həyata keçirildiyi və bir çox istiqamətlərdə kifayət qədər inkişaf dinamikası və irəliləyişlərin müşahidə olunduğu bir dövrdə, bəzi rayon və bölgələrimizdə bu sahədə ciddi problemlərin mövcud olması obyektiv reallıqdır. Təbii ki, Şəki Rayonlararası Psixiatriya Xəstəxanasında mövcud olan vəziyyətə görə də rayonun istisnasız olaraq bütün hakimiyyət orqanları və yerli ictimaiyyət məsuliyyət daşıyır. Digər tərəfdən isə, bəzən konkret bir müəssisəyə rəhbərlik edən məmurun özbaşnalıqları hətta yuxarı instansiyalar tərəfindən belə qarşısı alınmaz bir həddə çatır. Bu gün də redaksiyamıza daxil olan məlumatlarda məhz baş həkim Akif Əsədullayevin rəhbərlik etdiyi tibb müəssisəsini olduqca acınacaqlı bir duruma saldığı iddia olunur.bizimdovr.az

Qarşı tərəfin də məsələyə münasibətini öyrənməyə hazırıq.