BolgeXeber.Com » Ölkə » “Təmiz Binəqədi”nin zibili - illərlə davam edən savaş-FOTOLAR

“Təmiz Binəqədi”nin zibili - illərlə davam edən savaş-FOTOLAR

28-11-2016, 09:22
Oxunub: 5 491 “Təmiz Binəqədi”nin zibili - illərlə davam edən savaş-FOTOLAR“Bələdiyyəyə 5-10 manat verib...”

..“Təmiz Binəqədi” – iri hərflərlə yazılmış bilbordla buranı yalnız bir hasar ayırır. Magistral yoldan sağa dönüb məhəlləyə giririk. İlk qarın şaxtasından donmuş əllərimizlə burnumuzu qapatsaq da, mümkün deyil, üfunət dəhşət saçır.

Bura Binəqədi qəsəbəsi, 3-cü mədən küçəsidir. Əslində küçədən daha çox xarabalığı xatırladır. Benzin çənləri, neft buruqları, pərakəndə tikilmiş evlər, qamışlıqla örtülmüş bataqlıq və bir də zibillik.

Hektarlarla ərazini bürüyən zibillik bu məhəllənin kabusuna çevrilib. Burada yaşayan uşaqları zibilliklə qorxudurlar. “Tez yat, uzağa getmə, dərsini yaxşı oxu, sözümə bax, qaçma, vurma. Yoxsa səni də zibil torbasına qoyub apararlar”.

Burada yaşayan böyüklər bütün problemlərini unudublar, yeganə dərdləri zibilliklə bağlıdır.

Beləliklə, biz ölkənin paytaxtında - Binəqədi rayonu, Binəqədi qəsəbəsində, yüzlərlə sakinin yaşadığı 3-cü mədən küçəsindəyik. O küçədə ki, hər gün zibillik üstündə dava gedir, bir yanda çörəyini zibil toplayıb satmaqla qazananlar, digər yanda zibilliyin içində yaşayanlar dayanır. Birincilərin qazancı bir parça çörəyə güclə çatır, ikincilər isə bu xarabalıqda sağ qaldıqlarına hər gün şükür edirlər.


Dörd yanımız “gülüstan”

“Kaş bura axşam gələsiz, maşınlar növbəyə düzülür. Yaxınlıqdakı dəri və bağırsaq sexinin, sallaqxanaların, kafe və restoranların tullantıları bura atılır. Səhərə kimi sahibsiz itlərin səsindən yatmaq olmur”, - sakinlərdən biri Əli Əliyev deyir bunları. Və qapıların üzərinə vurulmuş elanları göstərir. “Baxın, hər iki evdən biri satışa çıxarılıb. Hamı da zibilliyin əlindən qaçır. Yay-qış fərqi yoxdur, biz qapıları, pəncərələri açıq saxlaya bilmirik. Üfunət iyi bir yana, bura sahibsiz heyvanların məskəninə çevrilib. Hələ bomjları demirik. Təkcə Binəqədidən deyil, paytaxtın hər yerindən bura zibil daşınır”.

Cığırla irəliləyirik, 5-6 nəfər zibillliyin içərisində nəsə axtarır. Kənarda bir neçə “ZİL” maşını dayanıb. Yaşlı kişi dəmir, metal qırıntılarını torbalara yığır:


“80 yaşım var, neçə ildir bu zibillikdən dolanıram. Səhərdən axşama qədər yığdıqlarım 4-5 manat edir. Bu pulla da dolanıram. Bəs neyləyim, acından ölümmü?”

“Kimsə gəlib, zibilliyi çəkirlər”, - xəbərdarlıqdan sonra ətrafımıza toplananlar kişinin sözünü bitirməsinə imkan vermirlər. Hamı bir ağızdan danışır. “Bu zibillik çoxlarının dolanışıq yeridir. İş yoxdur. Biz də torbalardan tutmuş köhnə pal-paltara qədər nə var yığırıq. Elə adamlar var ki, quru çörəyi toplayıb satırlar. Nə çoxdur mal-qarası, toyuq-cücəsi olanlar”, - biri dillənir.

Bu dəfə sakinlər əsəbiləşirlər. “Kim belə vəziyyətdə yaşamaq istəyər? Binəqədi Rayon İcra Hakimiyyətinin nümayəndələrindən biri tək bir gecə qonağımız olsun. Bələdiyyədən gəlib baxsınlar. Onlar bura gəlməyi belə özlərinə rəva bilmirlər”.

Ağdam rayonundan qaçqın düşmüş, evtikmə kombinatında məskunlaşan Elşən Yunis oğlu Fərhadov isə deyir ki, səhərdən axşama kimi bu zibillikdə eşələnməklə ailəsinə 4-5 manat aparır. “7 övladım var, böyüyünün 14 yaşı var, kiçiyi 2 yaşındadır. Bəzən kiminsə qapısında fəhləlik edirəm, iş olmayanda isə burdan sellofan torbalar yığıram. Təsəvvür edin, zibilliyin içindən torbaları ayırıb, yığmaq necə çətindir. Bir də görürsən, üst-başım qurdla dolu olur. Mənimki iyrənməkdən keçib”, - söyləyir.


Elşən deyir ki, övladlarından 5-i məktəblidir. Onlar atalarının zibillikdən pul qazandıqlarını bilirlər. “Uşaqların yanında utanıram. Elə bilirsiz işin çətinliyindən qorxuram, yox, sadəcə 9 nəfəri dolandımaq asan deyil. Gün ərzində yığdıqlarımıza 5 manat verəndə sevinirəm ki, bu gün uşaqlarım ac qalmayacaq. Neçə dəfə iş üçün müraciət etmişəm. Heç ünvanlı sosial yardım da ala bilmirəm. Hansı sənədi dedilər düzəldib verdim, indi də deyirlər ki, kompüter sistemidir, belə müraciət et. Mənim kimilərin son dolanışıq yeri zibilxanalar olur”, - şaxtadan donmuş əllərini bir-birinə sürtməklə isitməyə çalışır.


Bələdiyyənin vədi və ya maklerlərlə əlbir iş

Maraqlıdır, sakinlər bələdiyyənin vədindən bəhs edirlər. Qasım Məmmədov adlı sakin deyir ki, ev alarkən zibilliyin tezliklə təmizlənəcəyini vəd ediblər: “Bizə dedilər ki, bu yaxınlarda zibillik daşınacaq. Guya ki, Binəqədi bələdiyyəsi Balaxanı zibil zavodu ilə müqavilə bağlayıb. Buraları abadlaşdıracaqlar, park edəcəklər. Sonra qonşularla tanış oldum, məlum oldu ki, 3-4 ildir hər ev alan bu sözləri eşidir. Yəni maklerlərin dediklərini bələdiyyədən təsdiqləmələri insanlarda əminlik yaradır”.

Digər sakinlər də illərdir bu vədin yerinə yetirəcəyini gözləyə-gözləyə qocalır.


“Təmiz şəhər”in reydi

Yaxınlıqda dayanan maşın diqqətimizi çəkir. “Təmiz şəhər” ASC-nin nümayəndələridirlər, reyd keçirirlər. “Tullantılar Balaxanıdakı zavoda daşınmalıdır, tullantıların hər tonu üçün 5 manat 50 qəpik ödənilməlidir. Pul ödəmək istəməyənlər zibilliyi bura daşıyırlar. Biz də reyd keçirməklə onların kimliyini öyrənirik. Sonra Ekologiya və Təbii Sərvətlər Nazirliyinə məlumat veririk. Onlar da cərimələr tətbiq edirlər”, - maşından düşən nümayəndələrdən biri izah edir. Digəri isə telefonda kiməsə jurnalistlərin gəldiyini, açıqlama almaq istədiklərini söyləyir. Və görünür, telefondakı rəhbər danışmalarına icazə vermir. Amma öyrənirik ki, son 1 həftədə heç kim reydçilərin “qara kitab”ına düşməyib. Halbuki sakinlər hər gün səhər və axşam saatlarında zibil daşındığını bildirirlər.


Qaz istəyirik, caz eşidirik...

“Azərbaycan Bayrağı ordenli zabitəm. Ev axtararkən aldadıldım, bir də gördüm ki, it də gedib, ip də. Gəlib çıxmışam zibilliyin içərisinə”, - bunu isə səhərdən bizimlə birgə addımlayan, hər kəs gedəndən sonra nəhayət danışmağa qərar verən sakin deyir. Və adının açıqlanmasını, şəklinin çəkilməsini istəmir. Səbəbini isə belə izah edir: “27 ildir orduda xidmət edirəm, indi bu vəziyyətdə yaşamağımı bilmələrini istəmirəm. Öz halal evimdən, yaşadığımız şəraitdən utanıram”.



O, “mavi yanacaq” verilməməsindən şikayətçidir: “Qaz problemindən də yazın. Qaz verilmir, evlərdə oturmaq mümkün deyil. “Azəriqaz” İstehsalat Birliyinə zəng vurursan, qulağına Vaqif Mustafazadənin caz musiqisini qoyurlar. Sonra da “xətlər məşğuldur” deyib telefonu söndürürlər. Biz də bu ölkənin vətəndaşlarıyıq, niyə səsimizi eşidən yoxdur. Axı, uşaqlar soyuqdan donurlar”.

Evlərin kənarında bataqlıqlar var, ətrafı qamışlarla örtülüb. Sakinlər deyirlər ki, torpaq satmadan əvvəl bataqlıqlar qurudulur, alıcı alandan sonra aldadıldığını başa düşür. Amma onda da gec olur. “Mənim evim zibilliyin lap yaxınlığındadır. 4-5 aydır evi almışam, problemlər gətirib məni bura. Nə qaz var, nə də rahatlıq. Bataqlıqdan nəmişlik yaranır, divarlar su verir. Qaz olmayanda istiliklə qızdırırıq, ona görə də tez-tez işıqlar sönür”, - Abbas Məmmədov söyləyir bunları.

Amma sakinlərin problemi bununla da bitmir. Məhəlləyə avtobus işləmir, sakinlər yayın istisində, qışın soyuğunda magistral yola qədər məsafəni qət etmək məcburiyyətindədirlər. Hətta bu məhəlləni tanıyan taksilər də bura maşın sürmürlər. Çünki yollar o qədər bərbad haldadır ki, hər addımbaşı ilişib qalan maşını itələmək lazım gəlir.


“Bələdiyyəyə 5-10 manat verib...”

Məhəllədən ayrılıb magistral yola çıxırıq, arxamızca gələn maşın dayanmağımızı xahiş edir. “Bura zibil atmaq üçün hər maşından 2-3 manat alırlar. Hətta bir nəfər də dayanıb gəlib-gedənləri güdür. Nazirlikdən və ya kənardan gələn olan kimi xəbərdarlıq edirlər. Həmin gün zibil atmağa gələn olmur. O “Təmiz Şəhər”in nümayəndələri guya ki, bunları bilmirlər? Hətta bələdiyyənin də bundan xəbəri var. Burdakı zibillikdən varlananlar çoxdur. Ona görə də, hamı görməzdən gəlir. Vallah, nəticəsi olmayacaq”,- maşından düşən cavan oğlan deyir. Hə, bir də onu deyir ki, bu məhəlləyə köçəndən problemlərin həlli üçün şikayət etmədiyi qurum, döymədiyi qapı qalmayıb.

“Bir məsələni də qeyd edin, burada yaşayanların tam əksəriyyəti bronxit, ağciyər xəstəliklərindən əziyyət çəkir”, - dediklərini yazacağımıza söz veririk. Amma işə yarayacaqmı?
“Təmiz Binəqədi”nin zibili - illərlə davam edən savaş-FOTOLAR
“Təmiz Binəqədi”nin zibili - illərlə davam edən savaş-FOTOLAR
“Təmiz Binəqədi”nin zibili - illərlə davam edən savaş-FOTOLAR
“Təmiz Binəqədi”nin zibili - illərlə davam edən savaş-FOTOLAR
“Təmiz Binəqədi”nin zibili - illərlə davam edən savaş-FOTOLAR
“Təmiz Binəqədi”nin zibili - illərlə davam edən savaş-FOTOLAR
“Təmiz Binəqədi”nin zibili - illərlə davam edən savaş-FOTOLAR
“Təmiz Binəqədi”nin zibili - illərlə davam edən savaş-FOTOLAR