BolgeXeber.Com » Müsahibə-Reportaj » “Mərkəzi Bank başdan- ayağa təmizlənməlidir” - “Əhalinin əksər hissəsinin həyat səviyyəsi o qədər aşağıdır ki...”

“Mərkəzi Bank başdan- ayağa təmizlənməlidir” - “Əhalinin əksər hissəsinin həyat səviyyəsi o qədər aşağıdır ki...”

29-11-2016, 16:33
Oxunub: 3 760 “Mərkəzi Bank başdan- ayağa təmizlənməlidir” - “Əhalinin əksər hissəsinin həyat səviyyəsi o qədər aşağıdır ki...”Azərbaycanda cəmi 15-17 bank olmalıdır, nizamnamə kapitalı isə 50 milyon yox, 200 milyon manat olmalıdır

Azərbaycan iqtisadiyyatında yaranan böhran hazırda mətbuatın bir nömrəli müzakirə mövzusudur. Bu problemlərin həlli ilə bağlı gedən ictimai polemikalarda da köklü islahatlar aparılmasını zəruri hesab edilir. Bəs hansı sahədə necə islahat aparmaq lazımdır? İqtisadiyyatı tənəzzülə sürükləyən problemlər hansılardır? Bu sualları təcrübəli iqtisadçı, Nazirlər Kabinetinin keçmiş şöbə müdiri Oqtay Haqverdiyev “Yeni Müsavat”a müsahibəsində cavablandırıb.

- Oqtay müəllim, Azərbaycan iqtisadiyyatının hazırda tənəzzül dövrünü yaşamasının səbəblərini nədə görürsünüz?

- Son 15 ili götürsək, bizdə yaranan iqtisadi model köhnəlib. Yeni model isə idarəetmədən başlamalıdır. Bugünkü sosial-iqtisadi sistem, siyasi sistem, məhkəmə sistemi dövrün tələblərinə cavab vermir. Ona görə də bütün bu sistemlərdə islahatlar aparılmalıdır. Bu barədə çox söhbətlər gedir, yuxarı səviyyədə də müzakirə aparılır, ekspertlər də bu haqda danışır. Amma düşünülmüş bir proqramla heç bir islahat aparılmır. Ona görə də dövlət bu məsələyə çox ciddi yanaşmalıdır. İctimaiyyətin özü də hökumətə radikal üsullarla yox, sivil qaydada təsir etməlidir. Bugünkü gündə biz ölkədəki xarici şirkətləri nəzərə almasaq, iqtisadiyyatın hamısı dövlətin əlindədir. Belə olduğu halda, sovet hökuməti ilə indiki hökumət arasında nə fərq oldu?

Böyük şirkətlərin, holdinqlərin demək olar ki, hamısı dövlətin əlindədir. Yeni sistem qurulmalı, liberal iqtisadiyyat yaranmalıdır. Sahibkarlığın inkişafı haqqında söhbətlər gedir. Ancaq sahibkarlığın inkişafı üçün heç bir addım atılmır. Korrupsiya, monopoliya və sair olan yerdə sahibkarlıq necə inkişaf edə bilər? Sahibkar çalışır, nə isə qurub yaradır, sonra gəlib bunu onun əlindən alırlarsa, sahibkarlıq necə inkişaf etsin? Hansı sahəyə toxunursansa, bu cür çatışmazlıqlar ortaya çıxır. Bunların hamısının kökündə isə idarəetmədəki problemlər durur. Ancaq bu, bir-iki günün işi deyil.

Bunun üçün məqsədli proqramlar olmalıdır. Həmin proqramların formalaşması isə ictimaiyyətin müzakirəsində olmalıdır, nəinki “yuxarıların”. “Yuxarılar” 25 ildir oturublar orada və demək olar ki, paslanıblar. Gərək yeni fikirlər, yeni düşüncələr olsun.

- Azərbaycan iqtisadiyyatının hazırkı vəziyyətə düşməsində məmur biznesinin nə dərəcədə rolu var?

- Məmurların bizneslə məşğul olmaları azmış kimi, bir-biri ilə qohum da olurlar. Ona görə də onlarla mübarizə aparmaq mümkün deyil. Mübarizə deyərkən vuruşmaq, heç həbs etmək də lazım deyil. Həbs etməyə qalsa, gərək Azərbaycanın yarısını həbs edələr. Sadəcə, vəzifəsindən uzaqlaşdırmaq lazımdır. Artıq nə isə etmək lazımdır. Nə qədər danışmaq olar. Danışırlar, gözəl sözlər deyilər, adam inanır ki, artıq düz yola çıxırıq... Ancaq hanı? Heç nə görünmür.

- Oqtay müəllim, qeyri-neft sektorunu inkişaf etdirmək üçün hökumət kənd təsərrüfatına yararlı torpaqlarda pambıq əkir, zeytunçuluğun, üzümçülüyün, digər kənd təsərrüfatı sahələrinin inkişafından danışır. Bu, sizdə bir ümid yaradırmı?

- Kənd təsərrüfatı ümumiyyətlə başlı-başına qalıb. Orada düzgün siyasət aparılmır. Sovet dövrünü heç kim bəyənmir. Amma mən o zaman bu sahədə çalışırdım. İqtisadi baxımdan bu məhsulların gəlirliliyini yoxlamaq üçün bir il həm pambıq, həm üzüm, həm tütün əkdik. Sonra gəlir gətirməsinə görə birinci yerə pambıq, ikinci yerə tütün, üçüncü yerə üzüm çıxdı. Bu mənada taxıl ən sonuncu yerdə idi. Bizim əkin sahələrinin hamısında isə taxıl əkilib. Bizim becərdiyimiz taxıl çörək üçün yaramır.

Xaricdən buraya 1 milyon tondan çox taxıl və un gətirilir. Bu da o deməkdir ki, biz həmin hektarlarla ərazindən effektiv istifadə etmirik. İnsanlar taxılı ona görə əkir ki, ən azı qışda çörəyi olsun. Amma belə iqtisadiyyat aparmaq olmaz axı. Bizim torpağımız da o qədər çox deyil. 1 milyon 400 min hektar torpağımız var, onun da yarısı şoranlanıb, təmizlənmir. 90-cı illərdə torpaq islahatı düzgün aparılmadı. Böyük sahələr xırdalandı, bölündü, verildi kəndlilərə. Bunun heç bir xeyri də olmadı.

- Oqtay müəllim, bəs siz qeyri-neft sektorunun inkişafı üçün nəyi təklif edirsiniz?

- Düşünürəm ki, bunun üçün bir strateji proqram olmalıdır. Biz bilməliyik ki, 15-20 ildən sonra neftə, qaza alternativ olaraq ortaya nə çıxacaq. Bunun üçün də dünya təcrübəsi var. Bütün dünya robot texnologiyasına, nanotexnologiyaya keçir. Ən müasir üsullarla ayrı-ayrı sahələr inkişaf edir. Azərbaycanın çox böyük potensialı var, lakin daha çox ümumdaxili məhsul verən sahələrə diqqət artırılmalıdır. Bizim ölkədə həm xaricə məhsul çıxarmaq, həm daxili bazarın tələblərini ödəmək üçün iqtisadiyyat yaradılmalıdır. Model sözünə o qədər də fikir vermək lazım deyil. Hər bir ölkənin öz modeli olduğu kimi, Azərbaycanın da öz modeli var. Məsələn, Çində indiyədək Kommunist Partiyası fəaliyyət göstərir, onların modeli tamam başqadır. Yəni bu ölkədən modeli yox, müasir texnologiyaları götürmək lazımdı.

- Siz manatın valyuta bazarında “üzən məzənnə” rejiminə buraxılmasının və həqiqi bazar qiymətini almasının tərəfdarısınızmı? Yoxsa bunun hansısa fəsadları ola bilər?

- Həm nəzəri baxımdan, həm də praktiki baxımdan manat buraxılmalıdır. İndinin özündə də buraxılıb. Son iki devalvasiya da onu göstərir. Düzdür, devalvasiya birdən-birə yox, tədricən olmalı idi, ancaq artıq elədirlər və o bir tarixdir. İndi hamı soruşur ki, manatın və dolların sonu necə olacaq? Mən isə deyirəm ki, manatla dolları çaşdırmayın. Dolların bizə heç bir aidiyyəti yoxdur. Çünki bizim Amerika ilə heç bir iqtisadi əlaqələrimiz yoxdur. Dollar Amerikanındır, biz dolları valyuta ehtiyaclarımızı saxlamaq və xaricdən məhsul almaq üçün istifadə edirik. Çünki dünya bazarında manatı tanımırlar. Biz dollarla mal alıb gətirə bilərik. Ona görə də bizə dollar lazımdır. Ancaq dolların bizim məzənnəyə təsiri yoxdur. Manatın məzənnəsi Mərkəzi Bank tərəfindən tənzimlənir. Mərkəzi Banka lazımdırsa, dolların kursunu artırır, lazım deyilsə, artırmır. Hazırda gedən proses ki var, onun özü də devalvasiyadır. Ancaq kəskin şəkildə yox, yavaş-yavaş aparılır. Mən belə proqnoz edirəm ki, manat yaxın 3-4 ildə real qiymətinə gəlib çatacaq. Manatın real qiyməti isə bir dollara qarşı 3-5 manat arasındadır.

- Düşünürsünüz ki, bir neçə ilə 1 dollar Azərbaycanda 3-5 manata bərabər ola bilər?

- Bəli, 3-4 ilə belə olacaq. Təbii ki, bunu birdən-birə etmək olmaz. Mən Mərkəzi Bankı tənqid etmirəm. Çünki, o kursu bu cür aparmağa məcburdur. Əhalinin əksər hissəsinin həyat səviyyəsi o qədər aşağıdır ki, manatı birdən-birə buraxmaq çox böyük problemlərə gətirib çıxara bilər.

- Azərbaycan iqtisadiyyatı idxaldan asılıdır. Bəs manatın bu qədər dəyərdən düşməsi qiymətlərə necə təsir edəcək?

- Hazırda iqtisadiyyat belə qurulub ki, biz xaricə nefti və qazı satıb oradan gələn dollarların hesabına nə isə alıb ölkəyə gətirə bilirik. Heç kim deyə bilməz ki, sabah dollar aşağı düşsə, manat qalxacaq. Manatla dollar arasında bağlılıq yoxdur. Bizim Amerika iqtisadiyyatına bağlılığımız yoxdur. Bəzi ekspertlər də bunu səhv salırlar. Başa düşmək lazımdır ki, dollar bizim pul deyil, o Amerikanın puludur. Bizim də Amerika iqtisadiyyatına inteqrasiyamız yoxdur. Orada nə isə baş verirsə, bizə də gəlib toxunur. Avro ilə dollar arasında rəqabət ola bilər, çünki onlar bir-birinə inteqrasiya olunub. Avrozona ilə Amerika, Çinlə Amerika iqtisadiyyatları bir-birinə inteqrasiya olunub. Çinin məhsullarının 50 faizi ABŞ bazarındadır. Bunlar bir-biri ilə bağlıdır, ancaq biz onlarla bağlı deyilik axı.

- Manatın hazırkı durumunu nəzərə alsaq, bank sektorunu nə gözləyir? Hazırda bu sektordakı vəziyyəti necə qiymətləndirirsiniz?

- Bank sektorunu təmizləmək lazımdır. Bu sektor düzgün yolda deyil, orada problemlər çoxdur. Özü də bu problemləri üzə çıxarmaqdan qorxurlar. Çünki zəncirvari şəkildə gedib yuxarılara çıxır. Bu sistemi təmizləmək lazımdır. Mərkəzi Bankın sədri 20 ildən çoxdur orada oturub. Mərkəzi Bank başdan-ayağa təmizlənməlidir. Ümumiyyətlə, bizdə bank sektoru doğru tənzimlənmir. Görün nə qədər bank var, orada nə oyunlar gedir... İndi onlar bir-bir açılır. Yəni bunun özü normal deyil. Mən həmişə deyirəm ki, Azərbaycanda 15-17 bank olmalıdır. Nizamnamə kapitalı isə 50 milyon yox, 200 milyon manat olmalıdır. Kimə gəldi kredit verirlər, sonra da oturub ağlayırlar ki, kreditlər qaytarılmadı.

- Oqtay müəllim, problemli kreditlərdən danışdınız. Bu fəlakətdən necə xilas olmaq olar?

- Bu işə hökumət qarışmalıdır, bir-bir baxılmalıdır ki, hansı kreditlər qayıda bilər. Elə insan var ki, başına silah da dayasan qaytarmaq imkanı yoxdur. Bu cür kreditlər təsnifləndirilməlidir. Ümumiyyətlə, sistemin özündə islahatlar getməlidir. Bizim bank standartları Avropa standartlarına uyğun deyil. Onlar elə bilirlər ki, bank yaratmaq asandır. Amerikada cəmi 3-4 əsas bank var, o biri bankların adı belə çəkilmir. Bizdə də elə olmalıdır.

- Əhalinin qorxulu yuxusuna çevrilən bahalaşmanın səbəblərini nədə görürsünüz? Bu prosesin qarşısını almaq mümkündürmü?

- Bahalaşma monopoliya ilə bağlıdır. Bizim istehlak bazarımız monopolistlərin əlindədir. Nə istəyirlərsə onu edirlər. Bəziləri də bunu idxalın üzərinə atır. Bir dəfə götürüb baxmırlar ki, bizim idxal strukturunda ərzağın xüsusi çəkisi nə qədərdir. Cəmi 12 faizdir. Milyardlarla manatlıq idxalda cəmi 12 faiz ərzaq gətiririk. Həm idxal, həm də daxili bazar monopolistlərin əlindədir. Bütün bazarların başında kimlərsə dayanır, rayondan gələn sahibkarı heç içəri buraxmırlar, alverçilər kəndlilərdən ucuz qiymətə alıb öz istədikləri qiyməti qoyurlar. Bütün bazarlar monopolistlərin əlindədir. Bunu da hamı bilir. Mən Amerika açmıram. Hamı bilir, ancaq etiraz edən, mübarizə aparan yoxdur. Bunun üçün siyasi irad olmalıdır. Bunun üçün bizim yaxşı qanunlarımız da var. Prezident də hər dəfə çıxış edəndə monopoliya ilə mübarizəni vurğulayır. Amma bu yetərli deyil. Bunun üçün maraq olmalıdır. Maraq olmayan yerdə nə qədər siyasi iradə göstərsən də, danışsan da heç bir xeyri olmayacaq.