BolgeXeber.Com » Ölkə » "Expressbank" kredit borcu olanları ölüm həddinə çatdırır - ŞİKAYƏT VAR

"Expressbank" kredit borcu olanları ölüm həddinə çatdırır - ŞİKAYƏT VAR

30-11-2016, 10:41
Oxunub: 2 974 "Expressbank" kredit borcu olanları ölüm həddinə çatdırır - ŞİKAYƏT VARBu gün vətəndaşların əksəriyyətinin banklara borcu olduğunu və həmin borcları geri qaytarmaqda çətinlik çəkdiklərini hər birimiz bilirik

Bolgexeber.com xalqxeber.az-a istinadən xəbər verir ki, günü-gündən banklara olan borcların portfelinin artması isə, həm əhalinin vəziyyətinin pisləşməsinə, həm də banklarda müəyyən qədər inkişafa mane olur. Əgər nəzərə alsaq ki ölkədə orta hesabla 2 milyon ailə var və banklara borclananlarınsa sayı 1 milyon 600 min nəfəri keçir onda əminliklə demək olar ki, ölkədəki ailələrin 75 faizi bankirlərin borc girovuna çevrilmiş vəziyyətdədirlər. Banklara borclanmış hər hansı bir şəxs iş yerini itirəcəyi təqdirdə hansı fəlakətlə üzləşəcəyini yaxşı bilir və bu fəlakəti hər an yaxınlığında hiss edən insan heç vaxt siyasi cəhətdən azad və etirazçı ola bilməz. O, iş yerini saxlamaq müqabilində bütün təhqirləri həzm etməyə, ən ağır şərtlər çərçivəsində işləməyə məcbur və məhkumdur. Bəzən biz belə iradlar da eşidirik " günahkar vətəndaş özüdür, heç kəsə krediti zorla vermirlərki, ağlı var götürməsin". Prezident İlham Əliyev "Azərbaycan Respublikasının dövlət büdcəsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi barədə fərmanda kredit faizlərinin azaldılmasına nail olunması ilə bağlı xüsusi göstəriş vermişdi. Fərmana görə, Mərkəzi Banka (MB) kommersiya banklarının kreditləri üzrə, eləcə də kreditlər və tənzimləyicinin uçot dərəcəsi üzrə faiz dərəcələri arasında fərqin azaldılması ilə bağlı faiz dərəcələrinin aşağı salınması barədə tədbirlər görmək tapşırılıb. Fərmana uyğun olaraq, MB 6 aydan bir Azərbaycan Prezidentini görülmüş işlər barədə məlumatlandırmalıdır. MB artıq xeyli vaxtdır ki, kredit faizlərinin aşağı düşəcəyini bəyan etsə də, reallıqda dəyişən heç nə yoxdur. Aydındır ki, məsələnin dövlət başçısı tərəfindən özü də rəsmi fərmanla gündəmə gətirilməsi problemin ciddiliyini və miqyasını təsəvvür etmək üçün kifayətdir. Xatırladaq ki, ölkə Prezidenti son fərmanadək kredit faizlərinin aşağı salınması və bankların real sektora daha çox kredit ayırmasının təmin edilməsi barədə bir neçə dəfə MB rəhbərliyinə öz tapşırıqlarını vermişdi. Bu gün yenidən banklarla, kreditlərlə bağlı danışmağımızın səbəbi var. Belə ki, redaksiyamıza daxil olan şikayət əsasında bu mövzu barədə yenidən söhbət açmalı olduq. Sözü uzatmadan qeyd edək ki, daxil olan şikayət Şirvan şəhər Heydər Əliyev, 58 ünvanda yerləşən "Expressbank" ASC Şirvanfilialındandır. Banka yeni təyin olunmuş müdir Alim İsmayılov, kredit borcu olan şəxslərə qan uddurur. Belə ki, gecikməsi olan şəxslər polislə hədələnərək, qapılarına hər gün bankın əməkdaşları gəlib onları ölüm dərəcəsinə çatdırır. Əslində isə qanunvericilikdə bank əməkdaşının kredit borcu olan şəxslərin qapısına getmək hüququ yoxdur və yolverilməzdir. Lakin bank müdiri Alim İsmayılov qanunları tapdalayaraq, bank əməkdaşlarından tələb edir ki, bir-bir qapılara gedərək borcu tələb edin və borclu səsini yüksəltdiyi zaman onu polisə şikayət edin. "Expressbank" ASC Şirvan filialı vətəndaşların demək olar ki, ən çox şikayət etdiyi filialdır. Sözügedən filiala müraciət edən şəxslərin dediklərinə görə, banklar içində ən aşağı xidmət burada göstərilir. Yeri gəlmişkən onu da diqqətinizə çatdıraq ki, sözügedən filialdan ilk dəfə deyil şikayət daxil olur. Bu isə onu göstərmiş olur ki, daxil olan şikayətlə əsassız deyil. Şikayətçinin sözlərinə görə, televiziya ekranlarında reklam edildiyi kimi, bankdan pul götürmək heç də asan məsələ deyil. Filialın əməkdaşları bir növ vətəndaşları süründürməliklə məşğuldurlar. İnsanlar işlərinin alınıb-alınmayacağını bilmədikləri halda, burada saatlarca növbə gözləməli olurlar. Bu da təbii ki, ilk olaraq vaxt itkisinə, daha sonra isə insanların əsəbi bahasına başa gəlir. Həmçinin şikayətdə müştərilərə kredit verən zaman onlardan yüksək məbləğdə "şapka" istənməsi də yer alır. Həmçinin vətəndaşlar təyin edilən gündə kredit borcunu qaytara bilmirlərsə, o zaman həmin məbləğin üzərinə hədsiz çox faiz gəlir. Bu isə təbii ki, haqlı olaraq vətəndaşların narazılıqları ilə qarşılanır. Göstərilən xidmətin aşağı olması ilə, vətəndaşların aldadılması ilə yanaşı, bankın müdiri özünü "Burda mənəm, Bağdad da kor Xəlifə" kimi aprır. Burdan da, belə nəticəyə gəlmək olar ki, bank müdiri müştərilərini yox, yalnız öz şəxsi mənfəətini və yalnız pul qazanmağı düşünür. Sözün qısası "Expressbank" ASC Şirvan filialına bir dəfə müraciət edən şəxs, bir daha ora ayaq basmaq belə, istəmir. Sadəcə olaraq, bəzi vətəndaşlar məcburiyyət qarşısında qalıb bankın qoyduğu şərtlərə, işçilərin müştərilərə olan davranışına susmalı olurlar. Ümumiyyətlə, bu gün respublikamızda istehlakçı hüquqlarının ən çox pozulduğu sahələrdən biri məhz bank sektorudur. Xüsusilə kreditlərin ödənilməsinin vaxtı ilə bağlı vətəndaşlarla banklar və kredit təşkilatları arasında daim narazılıqlar yaranır. Bir tərəfdən vətəndaşların bağlanılan kredit müqavilələri ilə yaxından tanış olmaması, digər tərəfdən isə məhkəmələrin bu işləri yetərincə araşdırmaması səbəbindən insanlar çox vaxt əmlaklarını itirirlər. Bu nöqteyi-nəzərdən də, bankların təklif etdikləri kreditlərin faiz dərəcələrinin yüksək olması müxtəlif səviyyələrdə narazılıq və ciddi suallar doğurur. Bizlər bir daha daxil olan şikayət əsnasında bu mövzuya toxunduq. Ümid edirik ki, bu qədər şikayətlərdən sonra məsələ ilə bağlı bir əncam çəkiləcək. Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.