BolgeXeber.Com » Xəbərlər » Cahangir Hacıyevdən sensasion müraciət: “Haradadır həmin pullar?”

Cahangir Hacıyevdən sensasion müraciət: “Haradadır həmin pullar?”

1-12-2016, 09:22
Oxunub: 3 472 Cahangir Hacıyevdən sensasion müraciət: “Haradadır həmin pullar?”ABB-nin keçmiş rəhbəri özünün həbsindən sonra Mərkəzi Bankdan və Neft Fondundan Beynəlxalq Banka verilən milyardların hesabını sordu

Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin keçmiş sədri, hazırda həbsdə olan Cahangir Hacıyev barəsində səsləndirilən ittihamlarla bağlı ictimaiyyətə müraciət edib. O, ittihamları cavablandırmaqla bərabər, ölkənin maliyyə sektorunda hazırda baş verən proseslərdə Maliyyə Nazirliyini ittiham edib. C.Hacıyevin vəkilləri vasitəsi ilə yaydığı müraciəti təqdim edirik:
Son günlər mətbuatda mənim ünvanıma böhtan və iftiraların yeni dalğası başlanıb. Böhtan və iftiranın icrası – dostlarına, əqidəsinə dönüklüyünə görə nankorluğun “simvoluna” çevrilənlərin adını belə çəkməyi özümə rəva görmürəm. Nankorluq, namərdliklə yaşayan insanlar həyatda yazıq insanlardır. Lakin bu kampaniyanın sifarişçisi haqqında danışmaya bilmərəm, ona görə ki, bu şəxsi məsələ deyil.
Yazıların sifarişçisi heç bir maliyyə siyasəti olmayan, eləcə də heç iqtisadi – maliyyə təhsili olmayan maliyyə naziridir. Əgər nazirin maliyyə siyasəti olsaydı, milli valyutamız belə acınacaqlı duruma düşməzdi. Devalvasiya siyasətinin müəllifi maliyyə naziridir. Harada və nə vaxt belə yarıtmaz devalvasiya keçirilib, gəlin başqa ölkələrin təcrübəsinə baxaq: Qazaxıstanda 24 faiz, Gürcüstanda 30 faizə qədər, Ermənistanda 20, Rusiya Federasiyasında 45 faiz olsa da sonradan görülən tədbirlər nəticəsində devalvasiya 15 faizdə qərarlaşmışdır. Bizdə isə devalvasiya 100 faizdən də yuxarı oldu və acınacaqlısı budur ki, manatın ucuzlaşması davam edir. Halbuki, qeyd etdiyim ölkələrdə onların valyutaları devalvasiyadan sonra sabitləşmişdir.
Haradadır Maliyyə Nazirliyinin iqtisadi – təhlükəsizlik siyasəti? Milli valyutanın möhkəmliyi, sabitliyi, ölkənin iqtisadi təhlükəsizliyinin qarantıdır. İqtisadi təhlükəsizlik Maliyyə Nazirliyinin əsas fəaliyyətidir. Devalvasiyanın müəllifi maliyyə naziri devalvasiyanı hansı iqtisadi qanunlar və meyarlar əsasında aparıb? Bu təxribat deyilmi?
Vaxtı ilə Beynəlxalq maliyyə və bank sistemi ixtisası üzrə REA Akademiyasında Abalkinin rəhbərlik etdiyi İqtisadiyyat İnstitutunun iqtisadiyyat üzrə namizədlik elmi dərəcəsini müdafiə etmişdim. Elmi rəhbərim akademik B.Sençaqov idi. O, iqtisadi təhlükəsizlik haqqında bir çox kitab və dərsliklərin, elmi məqalələrin müəllifidir. Hər bir ölkənin milli təhlükəsizliyinin əsasında iqtisadi təhlükəsizlik dayanır. Milli təhlükəsizliyin isə təsnifat tərkibi belədir: 1-ci maliyyə təhlükəsizliyi, 2-ci enerji təhlükəsizliyi, 3-cü müdafiə təhlükəsizliyi, 4-cü müdafiə sənayesi təhlükəsizliyi. Göründüyü kimi, Maliyyə təhlükəsziliyi birinci yerdə qərarlaşır. Əfsuslar olsun ki, maliyyə təhlükəsizliyinə cavabdeh olan Maliyyə Nazirliyinin bu təhlükəsizliyi təmin etmək barədə heç bir təsəvvürü yoxdur. Qəribədir ki, milli valyutanın hər bir devalvasiya mərhələsində mənim var-dövlətim haqqında şou məlumatlar başlanır, cinayət işləri start götürür və s.
Başqa bir qəribəlik ondan ibarətdir ki, iki ildir istintaq gedir, məhkəmə prosesinin birinci mərhələsi başa çatıb. Ancaq Londondakı lordlar məhəlləsindəki bahalı malikanələrim, təyyarələrim, offşor zonalarındakı pullarım haqqındakı şaiyələr şaiyə olaraq qalmaqdadır. Real aləmdə bunları tapan və görən yoxdur.
2015-ci ilin fevral ayında maliyyə nazirinin təklifi ilə manatın ilk devalvasiyası keçirilir. Devalvasiyanın miqyası, ölçüsü, bankların və əhalinin buna hazırlanmaması bank sektorunu çökdürür, insanlara ağır təsir edir. Həmin devalvasiyada Azərbaycan Beynəlxalq Bankı (ABB) kapitalının ən azı 20-25 faizini (130-150 mln AZN) itirə bilərdi. Lakin ABB menecmenti tərəfindən görülən tədbirlər nəticəsində bu itki 7 milyon manat olur. Hər halda ağır itkinin qarşısını ala bildik, 7 milyon manat qaçılmaz itki isə səriştəsiz devalvasiyanın qurbanına çevrilir. Halbuki, bu zərəri də mənə aid edirlər.
2015-ci ilin mart ayında mən istefa ərizəsi yazaraq bankın rəhbərliyindən uzaqlaşıram. Maliyyə Nazirliyi və ABB-nin yeni rəhbərliyi bankda külli miqdarda kredit qalmaqalı ilə bağlı yazıları təhrif edilmiş formada mətbuata çıxarır, BMCMİ-də cinayət işi başlanır, çoxlu sahibkarlar həbs edilir, minlərlə vətəndaşa ölkəni tərk etmək qadağası qoyulur, minlərlə iş yerləri bağlanır, Beynəlxalq Bankın maliyyələşdirdiyi layihələr iflic olur, bankın və layihələrin idarəçiliyində xaos yaranır və kreditlərin ödənilməsi dayanır. Nəticədə bankların yaranan zərərlərini hazırda mənə aid edirlər.
Beləliklə, hər devalvasiya vaxtı yaranan zərərlər mənim ünvanıma aid edilir. Rəqəmlərdə silsilə artım davam edir 1 milyard manat, sonra 3 milyard, 6 milyard manat, indi də 10-20 milyard manat nağılı işə düşüb. Gəlin xronologiyaya baxaq:
Birinci devalvasiya 2015-ci il fevral ayının 21-də baş venrib. ABB menecmentinin tədbirləri nəticəsində bank kapitalını qoruyur, dayanıqlığını təmin edir. 2015-ci ilin mart ayında maliyyə naziri tərəfindən dövlət başçısına ABB-də kredit və kapital itkiləri barədə yanlış məlumat verilir, bankın rəhbəri istefa verir, mətbuatda 1-3 milyard manat pul itkisi haqqında məlumatlar yer alır, BMCMİ-də cinayət işi qaldırılır, yüzlərlə sahibkar, bank işçiləri həbs edilir, minlərlə vətəndaşın ölkədən çıxışına məhdudiyyətlər qoyulur, minlərlə iş yeri bağlanır, layihələr, kredit ödəmələri dayanır, bank real zərərlə üz-üzə qalır. Həmin zərərlər də mənə aid edilir.
2016-ci il may-iyun aylarında manatın növbəti devalvasiya dalğası. Mətbuatda kredit itkiləri 6 milyard manat göstərilir və sonra nə baş verir? Dövlət zəmanəti ilə Mərkəzi Bankdan 7 milyard manat, eyni zamanda Neft Fondundan 1 milyard ABŞ dolları ABB-yə verilir. Mənə və bir qrup bank işçisinə tələsik ittiham verilir, iş tələsik məhkəməyə göndərilir, məhkəmə mənə və digərlərinə ağır cəza hökmü ilə başa çatır.
Hazırda hər gün manatın ucuzlaşması davam edir. Devalvasiyanın üçüncü dalğası qaçılmazdır, mətbuatda yenidən kredit itkilərinin rəqəmləri 10-20 milyarda qaldırılır. Mənə yeni ittiham verilir. Bu lap sinxron qadın üzgüçülüyü idman növünə bənzəyir, əhsən! Tanrı bizi növbəti devalvasiyalardan, məni isə üçüncü ittihamdan qorusun!
Yenə də şaiyələrə cavab olaraq bildirirəm ki, ABB-nin aktivləri orta hesabla 6 milyard dollar təşkil edirdi. Onun 70 faizi dövlət və dövlət sifarişlərini icra edən təşkilatlara verilən kreditlər olub. Özəl müəssisələrin layihələrinə yönəldilən investisiyaların payı təxminən 2 milyard dollar təşkil edirdi. Həmin vəsait sırf layihələrə sərf edilmişdir. Bu da manatın məzənnəsinə və infilyasiyaya heç bir təzyiq edə bilməzdi. Manata və infilyasiyaya təsir edən faktorlardan biri rəsmi dövriyyədən, yəni bank sistemindən kənar qalan pul kütləsidir və bunun əsas mənbəyi Maliyyə Nazirliyidir.
Yarıtmaz devalvasiya nəticəsində 11 bank bağlanıb, məgər bunun da günahkarı mənəm? Əhalinin banklardakı əmanətlərini çox hissəsi batıb, Əmanətlərin Sığortalanması Fondunda vəsait çatışmazlığından Mərkəzi Bankdan 500 milyon manat götürmək məcburiyyətində qalıb. Məgər bunun da günahkarı mənəm? ABB özəl layihələrə qoyulan investisiyaları 2 milyard dollar, xarici banklardan cəlb olunmalar üzrə 1-1,5 milyard dollar təşkil etdiyi təqdirdə dövlətdən 7 milyard manat və Neft Fondundan 1 milyard dollar götürülən vəsait hara sərf olunur? Məgər bunun da günahkarı mənəm!?
Ölkəyə valyuta daxil olmalarnın yolları əsasən üç istiqamətdən ibarətdir: Neft və qaz satışından daxil olan valyuta, qeyri-neft sektorunun fəailiyyətindən daxil olan valyuta və xarici banklardan valyuta cəlb olunmaları. Vaxtilə ABB ölkəyə xarici banklardan valyuta cəlb olunmalarını təmin edir, manata olan təzyiqi azaldır, valyuta bazarını tənzimləyirdi. Hazırda ABB həmin funksiyanı itirib, çünki yarıtmaz devalvasiyanın ağır təsiri, bankların kütləvi bağlanması, banklar arasında rəqabətin olmaması, bank sektorundakı mencmentlərin işdən çıxarılması və ya kütləvi həbsi, xarici bankların Beynəlxalq Banka və maliyyə strukturlarına ehtimad indeksini sıfıra endirmişdir. Ona görə də xarici banklardan ölkəyə valyuta axını dayanmışdır. Bunun günahkarı məgər mənəm?!
Yaranmış vəziyyətdə milli və xarici valyutanın kəskin qıtlığı yaranıb. Valyuta bazarını tənzimləməyə cavabdeh olan Maliyyə Nazirliyinin bu fəaliyyəti təxribat deyilmi? Kəskin valyuta çatışmazlığı şəraitində hansı iqtisadi inkişafdan söhbət gedə bilər. Məgər bunun da günahkarı mənəm? Qeyri-neft sektorunun inkişafı ABB-nin həmişə prioritet istiqaməti olub. ABB-nin investisiyaları hesabına xeyli kənd təsərrüfatı obyektləri yaradılıb və hazırda ölkəyə xidmət edirlər. Hərçənd hazırda bu obyektlərdən danışarkən ABB-nin adını unudurlar.
Bu uğurlar çox ola bilərdi, təkcə bir faktı deyim ki, 10 il bundan əvvəl baramaçılığın inkişafi haqqında ABB-nin tərtib etdiyi dövlət proqramı Nazirlər Kabinetində illərdir hərəkətsiz qalır. Ümumiyyətlə, ABB və mənim haqqımda həqiqət yox, şaiyələr gəzir. İstintaqda və məhkəmədə həqiqəti aşkar etmək üçün göstərdiyimiz cəhdlər heç bir nəticə vermir. Ona görə də ictimayyətə müraciət edirəm, gəlin, nəhayət ki, səmimi olaq, məgər bütün bunlarda mənəmmi günahkar?
Və nəhayət, mən şaiyələrə rəqəmlərlə cavab vermək istəyirəm. Beynəlxalq Bankda işlədiyim dövrlərdə bank hər ili xalis gəlirlə başa vurub. 2014-cu ilin hesabatına görə Beynəlxalq Bankın xalis gəliri 40 milyon manat olub. Gəlin indiki vəziyyətə baxaq: 2015-ci ilin yarım ilində Beynəlxalq Bankın xalis zərəri 197 milyon manat, 2016-ci ilin yarım ilində isə 323 milyon manat, eyni zamanda bankın 125 milyon manat kapital itkisi olub.
Məni ittiham edirlər ki, 2 milyard manatı riskli layihələrə qoymuşam və həmin məbləğdə zərər vurmuşam. Halbuki, həmin layihələrin hesabına Beynəlxalq Bank hər ili xalis gəlirlə başa vurub. Biz bankdan uzaqlaşdırıldıqdan sonra həmin layihələrin təsisçiləri, benefisiyaları dəyişdirildi, nəticədə layihələr iflic oldu. Həmin layihələri sağlamlaşdırmaq adı ilə Beynəlxalq Banka Mərkəzi Bankdan 7 milyard manat, Neft Fondundan 1 milyard dollar verildi. İndi sual olunur: Haradadır həmin pullar? Biz dövlət büdcəsindən heç bir vəsait götürmədən hər ili xalis gəlirlə başa vururduq. Beynəlxalq Bank hazırda isə göstəridiyim külli miqdarda vəsaiti nəğd formada almasına baxmayaraq ili xalis zərərlə başa vurur. Axı rəqəmləri inkar etmək olmaz. Bir məşhur siyasətçinin belə bir ifadəsi var: Bir şəxsi həmişə aldatmaq olar, bir neçə şəxsi müəyyən vaxta qədər aldatmaq olar, hamını həmişə aldatmaq olmaz… Ona görə gəlin səmimi olaq, həmin suallar haqqında birlikdə düşünək./Basta.info/