BolgeXeber.Com » Ölkə » Lerikdə şikayətdən şikayət: “Bu qədər əməyin müqabilində yenə də şikayətçidirlər”-FOTOLAR

Lerikdə şikayətdən şikayət: “Bu qədər əməyin müqabilində yenə də şikayətçidirlər”-FOTOLAR

2-12-2016, 12:59
Oxunub: 4 915 Lerikdə şikayətdən şikayət: “Bu qədər  əməyin müqabilində yenə də şikayətçidirlər”-FOTOLARNatiq Cəfərli: “Dövlət orqanları, bələdiyyələr vətəndaş qarşısında məsuliyyət hiss etmir”

Yaz aylarında Lerikə ziyan vurmuş təbii fəlakətin fəsadları aradan qaldırılmayıb. Qeyd edək ki, aprelin 16-da rayonun Nüvədi kəndini sel yumuş, əhaliyə, ətraf mühitə xeyli ziyan vurmuşdu. Hadisənin üzərindən 8 ay keçsə də, kənd sakinlərinə dəyən ziyan ödənilməyib.


“Bizimlə maraqlanan yoxdur”

Cebhe.info-ya danışan Lerik rayonu Nüvədi kənd sakini İslam Mirzəyev kəndi yuyan selin fəsadlarının aradan qaldırılmadığını və rayon İcra Hakimiyyəti və Fövqəladə Hallar Nazirliyi əməkdaşlarının məsələ ilə maraqlanmadığını bildirib: “Bu gördüyünüz çay aprel ayında yağış və qar əriməsi nəticəsində məcrasından çıxdı. Gecə saatlarından etibarən evimizi basdı. Həyətdəki tövləm sel altında qaldı. 6-7 qoyunumu da sel apardı. Çayın üzərindəki kənd sakinlərinin istifadə etdiyi körpünü də sel dağıdıb. Ən çox ziyan mənə dəyib. Kəndimizə dəymiş ziyanla bağlı rayon rəhbərliyi, hökumət nümayəndələri gəlib vəziyyətimizlə maraqlanmayıb, problemlərimizi görməyib. Həmçinin bizə dəymiş maddi ziyana görə də kompensasiya ödənilməyib”.
Lerikdə şikayətdən şikayət: “Bu qədər  əməyin müqabilində yenə də şikayətçidirlər”-FOTOLAR

Körpü uçub, uşaqlar məktəbə gedə bilmir

Körpünün dağılması da problem yaradıb. Beləki sakinlərin sözlərinə görə, uşaqlar məktəbə gedib gələ bilmir. Məktəb direktoru davamiyyətin aşağı olacağı təqdirdə şagirdlərin məktəbdən uzaqlaşdırılacağını bildirib: “Körpünü sel aparıb deyə uşaqlar dərsə gedə bilmirlər. Dərsə getmək üçün uzun bir məsafə getmək lazımdır. Məktəb direktoru isə uşaqlar dərsə gəlməsələr güzəşt edilməyəcəyini, kənd sakininin uşaqlarını həmçinin digərlərinin məktəbdən uzaqlaşdırılacağını deyib”.

Məsələyə münasibət bildirən rayon İcra Hakimiyyətinin Nüvədi kəndinin icra nümayəndəsi Ceyhun Həsənov kəndin körpüsünün bərpa olunduğunu və problemin qismən aradan qaldırıldığını qeyd edib: “Biz icra nümayəndəliyi olaraq üzərimizə düşən vəzifəni yerinə yetirməyə çalışırıq. Bəli, sel ciddi dağıntılar yaratdı və əhaliyə ziyan vurdu. Körpünü də yuyub apardı. Bu körpü nəinki Nüvədi kənd sakinlərinin hətta digər kəndlərin də daimi istifadə etdiyi körpü idi. Biz kənd sakinlərini vəsaiti hesabına körpünü bərpa etdirdik. İndi körpü kənd sakinlərinin istifadəsindədir”.

“Körpünü bərpa etmişik”

Hətta Cavid Əzizov adına Lerik rayon Nüvədi kənd ümumi orta məktəbinin direktoru Zaid Xeybər oğlu Səmədov kənddəki körpünün kənd sakinlərinin vəsaiti hesabına yenidən qurulduğunu təsdiq edib, ancaq kənd sakininin uşağının məktəbdən çıxarılması ilə bağlı iddiaların həqiqəti əks etdirmədiyini bildirib: “Mən özüm şəxsən bu körpünün ərsəyə gəlməsində böyük əmək sərf etmişəm”.

Lerikdə şikayətdən şikayət: “Bu qədər  əməyin müqabilində yenə də şikayətçidirlər”-FOTOLAR

“Bu qədər əməyin müqabilində yenə də şikayətçidirlər”

Lerik rayon İcra Hakimiyyəti başçısının ictimai-siyasi, humanitar məsələlər üzrə müavini Arzu Həmzə qızı Vəliməmmədova qızı rayonun, həmçinin rayon kəndlərinin ciddi problemlərlə üzləşdiyini, lakin problemə maksimum şəkildə diqqət yetirildiyini bildirib: “Nüvədi kəndindəki sellə bağlı icra aparatının əməkdaşları həmin ərazidə olub və sakinlərin problemləri ilə maraqlanıblar. Bütün rayonlarda problemlər var. Lerik ucqar rayon olduğu üçün problemlər daha çoxdur. Digər rayonlarda çəkilmiş yollar bir neçə il davam gətirdiyi halda Lerikdə yollar qısa müddət ərzində istifadə müddətini başa vurur. İpək yolunun tikintisi ilə əlaqədar rayondan keçən ağır tonnajlı maşınlar yolu yararsız vəziyyətə salıb. Bu günlərdə uçqun oldu və iri qaya parçaları Lerik-Kəlvəz-Göydərə yolunun bir hissəsini dağıtdı. Biz icra hakimiyyəti olaraq həmin qaya parçalarını partladıb yolu açdıq, bundan başqa rayonun Orand kənd məktəbində də müəyyən problemlər var. Nüvədi kəndində də sel ciddi fəsadlar yaradıb. Həmin kənddə də olduq, kənd sakinlərinin problemi ilə maraqlandıq və selin uçurtduğu körpünü yenidən qurduq, sakinlərin istifadəsinə verdik. Buna baxmayaraq sakinlər də öz üzərinə düşən işləri görmürlər. Bu qədər əməyin müqabilində yenə də şikayətçi olurlar”.



Sakinlərə kompensasiya verilməyib

İcra başçısının müavini təbii fəlakət nəticəsində kənd sakinlərinə kompensasiyanın verilməsindən də söz açıb: “Səhv eləmirəmsə yerli fövqəladə hallar komissiyası həmin hadisəni təbii fəlakət kimi qeydə almayıb. Bildiyim qədərilə gərək dəyən maddi ziyan müəyyən bir məbləğ etməlidir ki, bu təbii fəlakət kimi qeydə alınsın. Təbii fəlakət kimi qeydə alınmadığı üçün də sakinlərə kompensasiya verilməyib. Bundan başqa kənd sakinləri öz əmlaklarının sığorta da etdirməyiblər. Ona görə də kompensasiya ödənilməsi də mümkün olmayacaq”.

Lerikdə şikayətdən şikayət: “Bu qədər  əməyin müqabilində yenə də şikayətçidirlər”-FOTOLAR

Şagirdlərin həyatı təhlükə altındadır

Cavid Əzizov adına Lerik rayon Nüvədi kənd orta məktəbində də olduq. Yeni təmirdən çıxmış məktəbdə vəziyyət qənaətbəxş olsa da məktəb yolları və məktəb həyətinin hasarları qəzalı vəziyyətdədir. Məktəb həyətində oynamaq istəyən şagirdlərin həyatı daim təhlükə altındadır. Hətta dəfələrlə məktəb hasarları uçaraq həyəcanlı anlar yaşadıb. Hasarın bir hissəsi uçduğu üçün məktəb direktoru hasarı məktəbin mühafizəçisinə inşa etdirib. Bunu elə məktəbin yaxınlığına yaşayan məktəbin mühafizəçisi də təsdiq etdi: “Gördüyünüz kimi məktəbin hasarları uçuruma yaxın olduğu üçün qəzalı vəziyyətdədir. Məktəbin həyətində uşaqların əylənməsi də təhlükəlidir. Bir neçə dəfə də hasar uçub mən özüm hörmüşəm hasarı. Nə qədər hörsək də gərək bu yenə uçacaq çünki torpaq sürüşkəndir və yeri də mailidir”.

Direktor məsuliyyəti boynundan atdı

Məktəb direktoru Zaid Xeybər oğlu Səmədov məsuliyyəti öz üzərindən atdı: “Bu mənim edə biləcəyim bir iş deyil. Birincisi bu o qədər də təhlükəli vəziyyətdə deyil. Uçsa da hasar yenidən bərpa edilib. Lakin burada təhlükəsizliyi təmin etmək üçün genişmiqyaslı iş görülməlidir, bu da mənim səlahiyyətimdə deyil. Gərək xüsusi texnika cəlb oluna və bünövrə dərinləşdirilə ki sürüşmə də olmasın. Bunu etməyə nə maddi vəsaitim, nə də səlahiyyətim yoxdur. Vəziyyətin belə olmasından da hər kəsin xəbəri var. Burda gizlədiləcək heç nə yoxdur”.

Lerikdə şikayətdən şikayət: “Bu qədər  əməyin müqabilində yenə də şikayətçidirlər”-FOTOLAR

“Hökumət görüntü yaradır ki, hər şey yaxşıdır”

Problemlərlə əlaqədar “Cümhuriyət”ə danışan iqtisadçı-ekspert Natiq Cəfərli isə problemin hökumətdə olduğunu deyib. Onun sözlərinə görə, icra orqanları, bələdiyyələr və yerli icra strukturları vətəndaşın, seçicinin səsindən asılı olmadığı üçün məsuliyyət hiss etmirlər: “Son zamanlar büdcədə yaranan problemlərdən sonra hökumət qənaət rejiminə keçib. Nədənsə məhz sosial məsələlərdə, əhaliyə birbaşa təsir göstərən sahələrdə qənaət rejimini tətbiq etməyə çalışırlar. İnkişaf etmiş ölkələrdə təbii fəlakətlər zamanı dəymiş ziyanı sığorta şirkətləri ödəyir. Təəssüf ki, Azərbaycanda normal sığorta sisteminin inkişaf etmədiyi üçün belə təbii fəlakətlər zamanı yük dövlətin üzərinə düşür. Əgər dövlət özünün sosial dövlət olduğunu elan edirsə, bu konstitusiyamızda da öz əksini tapıbsa təbii fəlakətlər zamanı dövlət dəymiş ziyanı qarşılamaqda borcludur. Əhali həm də nəticə etibarilə vergi ödəyicisidir, büdcə vəsaitinin formalaşdırılmasında iştirak edirlər ona görə də onlar ödədikləri vergi hesabına gələcəkdə belə forsmajor situasiyalar zamanı dəymiş ziyanın geri ödənilməsinin təmin olunmasını tələb etməkdə haqlıdırlar. Dövlət qənaət rejiminə keçdiyi üçün bu tipli xərcləmələri ertələməyə çalışır. Əhalinin bu durumdan necə çıxacağı haqqında təəssüf ki, heç bir ciddi iş görmür. Bunun iqtisadi səbəblərdən çox həm də siyasi səbəbləri var”.

N.Cəfərli lüzumsuz xərclərmələrdən də danışıb: “Siz sual edə bilərsiniz ki, niyə məhz Gəncədə Flarmoniyia binasının təmiri üçün 5 milyon, hansısa bir idman oyunlarının şəklini üçün yüz milyonlarla vəsait ayrılır, niyə orada qənaət rejimi tətbiq edilmir, məhz vətəndaşa dəymiş 500-1000 manat ziyanın ödənilməsində qənaət rejimi tətbiq edilir? Bunun da bir səbəbi odur ki, hökumət görüntü yaratmaq istəyir ki, ölkədə hər şey yaxşıdır. Digər səbəb isə bu kimi layihələr hesabına işsizliyi müəyyən miqdar aşağı salırlar. Həmin o tikinti işlərinə xeyli sayda işçi qüvvə səfərbər olunacaq müvəqqəti də olsa. Əhaliyə dəymiş ziyan isə birbaşa olaraq insanların öz cibinə getdiyinə görə, hökumət kəsintilərə getməkdən çəkinmir”.
Lerikdə şikayətdən şikayət: “Bu qədər  əməyin müqabilində yenə də şikayətçidirlər”-FOTOLAR
Lerikdə şikayətdən şikayət: “Bu qədər  əməyin müqabilində yenə də şikayətçidirlər”-FOTOLAR
Lerikdə şikayətdən şikayət: “Bu qədər  əməyin müqabilində yenə də şikayətçidirlər”-FOTOLAR
Lerikdə şikayətdən şikayət: “Bu qədər  əməyin müqabilində yenə də şikayətçidirlər”-FOTOLAR
Lerikdə şikayətdən şikayət: “Bu qədər  əməyin müqabilində yenə də şikayətçidirlər”-FOTOLAR
Lerikdə şikayətdən şikayət: “Bu qədər  əməyin müqabilində yenə də şikayətçidirlər”-FOTOLAR