BolgeXeber.Com » Analitika » İki oğlunu itirən ata danışdı

İki oğlunu itirən ata danışdı

30-08-2012, 15:35
Oxunub: 5 499
Allahşükür Əsədov: “Vüqar dedi, ata, özündən muğayat ol, 3 gün sonra gülləyə tuş gəldi”

2012-ci ildə Azərbaycanın təhlükəsizlik və müdafiə sektorunun itirdiyi 66 hərbçidən biridir. Ən ağrılısı da budur ki, bu itkinin də qarşısına “qeyri-döyüş şəraitində” yazılıb. Baxmayaraq ki, aylarla düşmənin beş addımlığında xidmət keçib, dəfələrlə erməni gülləsindən yayınıb, ancaq rəsmi məlumata görə, əsgər yoldaşının açdığı təsadüfi atəş nəticəsində həlak olub.

Söhbət ordumuzun növbəti qurbanından, Yardımlı rayonu, Vərgədüz kənd sakini Əsədli Vüqar Allahşükür oğlundan gedir. Bugünlərdə Yardımlıda olarkən Vərgədüz kənd qəbiristanlığından çıxıb kəndə sarı yol alan adamlar diqqətimi çəkdi. Məlum oldu ki, bu, bir müddət öncə “Yeni Müsavat”da ölüm xəbəri dərc olunmuş, yanvar ayından vətənə xidmət edən əsgərin anım mərasimidir. Ağır da olsa, Vüqarın hüzn içində olan atası Allahşükür kişi ilə həmsöhbət olduq. Vərgədüz kənd orta məktəbini bitirən Vüqar bu ilin yanvarında, elə 18 yaşı tamam olan kimi hərbi xidmətə yollanıb və Tərtərdəki N saylı hərbi hissədə xidmət edib. Atası deyir ki, oğlu xidmət şəraitindən heç bir narazılıq etməyib: “Hər həftə telefon əlaqəsi saxlayırdı. Sonuncu dəfə ölümündən 3 gün əvvəl, iyulun 27-də saat 5-6 radələrində bizimlə danışdı. Dedi, xəstəyəm. Dedi, ata, özündən muğayat ol. Dedim, bala, sən özündən muğayat ol, bizdən nigaran qalma. Dedi, mənim kefim kənddəkindən yaxşıdır”.

Ata hətta bir neçə dəfə oğlunun yanına getmək istəyib. Vüqar razılaşmayıb ki, narahat olmayın, hər şey qaydasındadır.

A.Əsədov dedi ki, oğlunun meyitini gətirib təhvil verən hərbi hissənin nümayəndələri dəfn mərasimində iştirak edib geri qayıdıblar: “Bizə dedilər ki, gecə saat 2-nin yarısında ön mövqedə postda olan vaxt əsgər yoldaşının gülləsi açılıb və dəyib”.

Hərbi hissə komandiri isə bir gün sonra gəlib. O da deyib ki, oğlu yoldaşının gülləsindən həlak olub. Ancaq mərhumun atası ölümü ilə bağlı rəsmi məlumata inanmır: “Fikirləşin ki, onun əynində zirehli geyim olub. Açılan güllə isə soldan dəyib, sağdan çıxmışdı. Bu, necə təsadüfdür?”

Dediyinə görə, qətldə ittiham olunaraq həbs edilən əsgər isə Neftçala rayonunun Banka kəndindəndir.

Tərtər Qarnizonu Hərbi Prokurorluğunda açılan cinayət işi ilə əlaqədar A.Əsədov özü də Tərtərdə olub və ona yeni heç nə deməyiblər: “Dedilər ki, əsgər özü günahını etiraf edib”.

Ata deyir ki, əgər işin gedişində onu şübhələndirən məsələlər olsa, o halda müvafiq qurumlara, ölkə rəhbərliyinə müraciət edəcək: “Mən aydınlaşdırmaq istəyirəm ki, əgər həmin əsgər oğlumu vurubsa, qəsdən vurubmu, yoxsa bilmədən atəş açılıb”.

Əsgər atası sorğumuza cavabında rayon rəhbərliyinin diqqətindən razılıq etdi. Dedi ki, icra başçısı Sevindik Hətəmov başda olmaqla, Yardımlı Rayon İcra Hakimiyyətinin bütün rəhbərliyi, rayon hərbi komissarı, komissarlığın nümayəndələri yasda iştirak edib. Müdafiə Nazirliyindən kiminsə dəfndə iştirak edib-etmədiyini soruşduqda isə ata “mən heç onları gözləmirdim də” söylədi.

A.Əsədov oğlu cəbhə bölgəsində, erməni ilə üzbəüz mövqedə aylarla vətənə sədaqətlə qulluq edib həlak olduğu üçün ona şəhid statusunun verilməsini istəyir: “Hələ mənə onun nə səbəbdən həlak olması tam məlum deyil. Amma düşmən gülləsi dəymiş, dost gülləsi dəymiş, nə fərqi? Cəbhə bölgəsində həlak olub da...”

Onu da qeyd edək ki, bu, atanın vətən yolunda ilk itkisi deyil. Allahşükür kişinin 6 övladından 4-ü ön cəbhədə xidmət edib: “İlk övladım Rasim Murovda xidmət keçirdi. 2000-ci ildə qar uçurumuna düşmüşdü, yarımcan vəziyyətdə gətirdim evə, burada dünyasını dəyişdi. O biri üç uşağım da ön xətdə xidmət keçib. Mən həmişə onlarla fəxr eləmişəm. Ancaq tale belə yazdı...”