BolgeXeber.Com » İdman » “Neftçi” klubu Avroliqanın qrup mərhələsinə vəsiqə qazandı

“Neftçi” klubu Avroliqanın qrup mərhələsinə vəsiqə qazandı

31-08-2012, 00:20
Oxunub: 5 024 Azərbaycan çempionu sensasion qələbə ilə Avroliqanın qrup mərhələsinə vəsiqə qazanıb

Bakının “Neftçi” klubu bu gün Avropa Liqasının son təsnifat mərhələsinin cavab oyununa çıxıb. ANS PRESS-in məlumatına görə, qrup mərhələsinə vəsiqə qazanmaq arzusunda olan flaqman Kiprdə yerli APOEL-lə gücünü sınayıb.

Xatırladaq ki, Böyükağa Hacıyevin komandası Bakıda keçirilən ilk qarşılaşmada Nikosiya təmsilçisi ilə 1:1 hesablı “sülh” bağlamışdı.

Bugünkü oyunda B.Hacıyev Bakıda meydana buraxdığı start heyətini dəyişməyərək, həmin 11 futbolçuya güvənib. Komandalar meydana daxil olarkən azarkeşlər meydan sahiblərini alqışlarla, qonaqları – “Neftçi” klubunun oyunçularını isə fitə basmaqla qarşıladılar. Kiprli fanatlar dayanmadan mahnı oxuyaraq, komandamıza əlavə psixoloji təzyiq yaradırdılar.

Bu azmış kimi, yerli azarkeşlər azərbaycanlıları qıcıqlandırmaq üçün stadiona Ermənistan bayrağı da gətirmişdilər. Bu bayraq Kipr bayrağı ilə yanaşı qoyulmuşdu. Amma oyun başladıqdan və ilk qolu Bakı klubu vurduqdan sonra erməni bayrağı aşağı salındı.

İndi isə oyun haqqında. Nikosiyanın GSP stadionunda keçirilən oyunun 22-ci dəqiqəsində “Neftçi” hesabı açdı. Cavid İmamverdiyevin ötürməsindən sonra Rəşad Sadiqov topu qapıya göndərdi. Ancaq nədənsə UEFA qolu Cavidin adına yazdı.

30-cu dəqiqədə “Neftçi” hesab arasındakı fərqi 2 qola çatdırdı. Bu dəfə fərqlənən Vobay oldu.

APOEL isə oyunun 44-cü dəqiqəsində özünə gələrək hesab arasındakı fərqi azalda bildi. Benaçour Bakıda olduğu kimi, bu dəfə də fərqlənərək hesabı 1:2 etdi.

Oyunun ikinci hissəsinin 60-cı dəqiqəsində “Neftçi” daha bir qol vurdu. Bu dəfə Flavinyo fərqləndi. O, rəqibin səhvindən yararlanaraq fərdi ustalığı hesabına qol vurdu - 1:3. Oyun bu hesabla bitdi. Beləliklə, “Neftçi” tarix yazaraq UEFA Avroliqasının qrup mərhələsinə vəsiqə qazandı.