BolgeXeber.Com » İqtisadiyyat » Ölkədə saxta və keyfiyyətsiz dərmanlar var - RƏSMİ

Ölkədə saxta və keyfiyyətsiz dərmanlar var - RƏSMİ

7-12-2016, 10:52
Oxunub: 3 574 Ölkədə saxta və keyfiyyətsiz dərmanlar var - RƏSMİAzərbaycanda olan qeydiyyatdan keçmiş dərman vasitələri keyfiyyəti yoxlanılmış, ekspertizası aparılmış və keyfiyyət standartlarına cavab verən dərman vasitələridir

"Dərman vasitələrinin keyfiyyəti və təhlükəsizliyi ölkəmiz üçün ən vacib və aktual məsələdir. Beynəlxalq mənbələrdə göstərilən məlumatlara əsasən, 2005-ci ildən saxta və keyfiyyətsiz dərman vasitələrinin dövriyyəsində 400% artım olub. Ümumdünya Səhiyyə Təşkilatının verdiyi məlumata görə, Asiya ölkələrində belə saxta və keyfiyyətsiz dərman vasitələrinin payı 30%-dir"

Bolgexeber.com xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin direktoru Murad Süleymanov Trend-ə müsahibəsində deyib. Onun sözlərinə görə, bu cür dərman vasitələrinin ölkəmizə idxalının qarşısının alınması üçün bütün rəsmi idxal olunan dərman vasitələrinin seriyalar üzrə keyfiyyəti yoxlanılır:
"Azərbaycanda olan qeydiyyatdan keçmiş dərman vasitələri keyfiyyəti yoxlanılmış, ekspertizası aparılmış və keyfiyyət standartlarına cavab verən dərman vasitələridir. Azərbaycanda qeydiyyata alınan dərman vasitələrinin 55,53 %-i Avropanın nüfuzlu dərman istehsalçıları olan şirkətlərin dərman vasitələridir. Xəstələrin müalicələrində istifadə olunan bütün dərman vasitələrinin keyfiyyətinə və təhlükəsizliyinə istehsalçıdan istifadəçiyə qədər bütün mərhələlərdə ciddi nəzarət tədbirləri həyata keçirilir. Dərman vasitəsinin keyfiyyətini və təhlükəsiz istifadəsini təmin etmək məqsədilə aparılan bütün fəaliyyətlər tərəfimizdən yoxlanılır və ona nəzarət edilir.
M.Süleymanov deyib ki, dərman vasitələri hətta istifadə edildiyi zaman düzgün saxlanılmadıqda keyfiyyətini itirə bilər: "Təəssüf ki, ölkədə keyfiyyətsiz dərman vasitələri var ki, bunlar da Səhiyyə Nazirliyinin icazəsi olmadan, laborator yoxlamalardan keçməmiş, dövlət qeydiyyatına alınmamış, naməlum yollarla ölkəyə gətirilmiş dərman vasitələridir. Onlara qarşı mübarizədə hər bir vətəndaşımızın köməyi vacib və əhəmiyyətlidir. Aşkarlanan faktlar araşdırılır və onların aradan qaldırılması istiqamətində qanunvericiliyə uyğun tədbirlər görülür".