BolgeXeber.Com » Gündəm » Səkilər buzdan təmizlənmir - Milyonlar hara xərclənir? VİDEO

Səkilər buzdan təmizlənmir - Milyonlar hara xərclənir? VİDEO

9-12-2016, 16:44
Oxunub: 4 863 Səkilər buzdan təmizlənmir - Milyonlar hara xərclənir? VİDEO2016- cı ilin dövlət büdcəsindən MKTB-nə 416 milyon manat vəsait ayrılıb

Ötən gün səhər saatlarından etibarən paytaxta Bakının bir sıra yerlərinə güclü qar yağıb.

“Qafqazinfo” xəbər verir ki, əsasən paytaxtın Yasamal rayonu ərazisinə düşən güclü qar nəticəsində axşam saatlarından etibarən yollar buz bağlayıb.

Bu məqsədlə də “Azəravtoyol” ASC balansında olan yolların buzdan təmizlənməsi ilə bağlı tədbirlər həyata keçirməyə başlayıb. Belə ki, qurum əməkdaşları tərəfindən buz bağlayan yollara maşın-mexanizmlər vasitəsi ilə duz-qum qarışı səpilib.

Maraqlıdır ki, yollarda buzlaşmaya qarşı tədbirlər həyata keçirilsə də, piyadaların ən çox istifadə etdiyi səkilər diqqətdən kənarda qalır. Hazırda Yasamal rayonunda səkilərin buz bağlaması nəticəsində piyadaların hərəkətində ciddi problemlər yaşanır. Bununla bağlı sakinlər video çəkərək sosial şəbəkədə də paylaşıblar.

“Azəravtoyol” ASC-nin Mətbuat Xidmətinin rəhbəri Anar Nəcəfli problemlə bağlı “Qafqazinfo”ya açıqlamasında bildirib ki, səkilərin təmizlənməsi onların səlahiyyətinə daxil deyil: “Piyada səkilərinin buzdan təmizlənməsini rayon icra hakimiyyətlərinin tərkibinə daxil olan Mənzil Kommunal Təsərrüfat Birlikləri həyata keçirilməlidir”.

“Qafqazinfo” rayonun MKTB idarələrinin telefonlarına zəng etsə də, onların heç biri zənglərə cavab vermir.

Qeyd edək ki, Azərbaycanda “JEK”-lərin fəaliyyəti ilə bağlı problemlər hər zaman müxtəlif səviyyələrdə dilə gətirilir, hətta onların ləğv edilməsi də təklif edilir. İlin yalnız qış fəslində Bakıda bir sıra ərazilərdə səkilər buz bağlasa da, bu idarələr üzərinə düşən vəzifəni yerinə yetirmirlər. Piyadaların həyatına biganə qalırlar.

Maraqlıdır ki, 2016- cı ilin dövlət büdcəsindən MKTB-nə 416 milyon manat vəsait ayrılıb. Gələn ilin dövlət büdcəsindən isə 300 milyon manat vəsait ayrılması nəzərdə tutulur. Belə olan halda, paytaxtda adi səkilərin buzdan təmizlənməsini belə həyata keçirməyən bu birliklərin milyonlarla vəsaiti hara xərclədiyi sual doğurur.
Bolgexeber.com