BolgeXeber.Com » Ölkə » Prezident müşavirinin köməkçisi Bakıda necə qatil oldu...

Prezident müşavirinin köməkçisi Bakıda necə qatil oldu...

12-12-2016, 10:56
Oxunub: 2 164 Prezident müşavirinin köməkçisi Bakıda necə qatil oldu...Mahnurə sevgilisi və keçmiş əri ilə əlbir olub...

Bakıda Taxıl Terminalı MMC-də baş texnoloq işləyən Qalib Bağırovu tamah məqsədi ilə qətlə yetirən şəxslərin hər biri Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə 20 il müddətinə azadlıqdan məhrum edilib. Onlar Ehtiram Həsənov, Mahnurə Hüseynova, Mübariz Əliyevdir. Ehtiram Həsənov əvvəllər də bir neçə dəfə məhkumluq həyatı yaşayıb.

Musavat.com xəbər verir ki, 1970-ci il təvəllüdlü Ehtiram Həsənov Laçında anadan olub, Rusiyanın Çelyabinsk vilayətində, daha sonra isə Almaniyada hərbi xidmətdə olub. Könüllü olaraq Qarabağ döyüşlərində iştirak edib. 1993-94-cü illərdə Türkiyədə hərbi kurslarda olub. 1994-cü ildə Daxili qoşunların N saylı hərbi hissəsində kəşfiyyat idarəsinin rəisi, 1994-95-ci illərdə isə prezidentin müdafiə məsələləri üzrə müşavirinin köməkçisi vəzifəsində işləyib.

Bakı Hərbi Məhkəməsinin hökmü ilə dələduzluqda təqsirli bilinərək 7 il, daha sonra vətəndaşlardan ali məktəbə qəbul etdirmək adı ilə pul alıb, aldatdığına görə həbs edilib. O, bu əməllərinə görə də ümumilikdə 12 il müddətinə azadlıqdan məhrum edilib. E.Həsənov amnistiyaya düşdüyündən cəzalarını tam çəkməyib. Həbsdən çıxdıqdan sonra isə ailəsindən ayrılıb. Ailəsindən ayrıldıqdan sonra Mahnurə Hüseynova ilə tanış olub və qeyri-rəsmi ər-arvad münasibətində yaşayıblar.

Qatilin əvvəlki cinayət əmələri...

Araşdırmalar zamanı məlum olub ki, Mahnurə Hüseynova və Ehtiram Həsənov əlbir olaraq, bir neçə Bakı sakininə qarşı da dələduzluq əməli də törədiblər. Onlar Ruhiyyə Əkbərova və bacısı Mətanət İsmayılovanı aldadaraq onların övladlarını Türkiyədə polis akademiyasına düzəldəcəkləri vədi ilə ümumilikdə 10500 dollar pul alıblar. Zərərçəkmişlərin ifadələrindən isə məlum olub ki, Mahnurə Hüseynova Ehtiram Həsənovu onlara MTN işçisi kimi təqdim edirmiş.

Zərərçəkmişlər onların bu əməllərindən hüquq-mühafizə orqanlarına şikayət edəcəklərini deyiblər. Bu zaman isə Mahnurə Hüseynovanın ağlına başqa bir cinayət planı gəlib. M.Hüseynova Hövsanda yaşayan Qalib Bağırovun evində külli miqdarda pulun olduğunu bildiyini və onu oğurlamaq haqda planını Ehtiram Həsənova danışıb. Bununla da onlar zərərçəkmişlərin pulunu ödəməyi planlaşdırıblar.

Mahnurə sevgilisi və keçmiş əri ilə əlbir olub...

Mahnurə Hüseynova ifadəsində deyib ki, Qalib Bağırovla sosial şəbəkədə tanış olub: “Qalibin ailəsindən ayrıldığını, bağ evində tək yaşadığını bilirdim. Dedi ki, evi yığışdırmağa, təmizləməyə adam axtarır. Mən də evinə getdim. 50 dollar verdi, sonra tək yaşadığını və yaxınlıq etmək istədiyini dedi. Mən razılaşmadım. Başqa bir rəfiqəmlə tanış etməyimi istədi”.

Mahnurə Hüseynovanın ifadəsindən məlum olub ki, o, sevgilisi ilə qurduğu planı ərinə danışarkən onu da aldadıb. Belə ki, M.Hüseynova keçmiş əri Mübariz Əliyevə deyib ki, qızı xəstədir və onun müalicəsinə pul lazımdır. Keçmiş əri Mübariz də bu planla razılaşıb. M.Hüseynovanın keçmiş ərini yeni sevgilisinə qaynı kimi təqdim etdiyi də istintaq zamanı məlum olub.

İstintaqa ifadəsində hər hansı bir cinayətin törədilməsində özünü təqsirli bilmədiyini söyləyən M.Hüseynova Qalib Bağırovun öldürülməsindən də xəbərinin olmadığını deyib. O, ancaq özünü Qalib Bağırovun öldürülməsini bilib, polisə xəbər verməməkdə təqsirli bilib.

Mübariz Əliyev ifadəsində deyib ki, keçmiş arvadının Ehtiram adlı şəxslə yaşadığını bilib. O, özü fəhlə işləyərək, gündəlik qazancını Mahnurəyə və qızı Günəşə verirmiş. Onun ifadəsinə görə, Ehtiram onun yanına gələrək, qızı Günəşin xəstə olduğunu, müalicəsi üçün 10 min manatın lazım olduğunu deyib. Bunun üçün də Qalib Bağırovun evindən oğurluq etməyi təklif edib.

Ölümlə bitən oğurluq planı...

Plana əsasən əvvəlcə Qalib Bağırova zəng etmək üçün başqa telefon nömrəsi əldə edilib və icarəyə maşın götürülüb. Mahnurə Hüseynova keçmiş əri Mübariz Əliyevi yüngül həyat tərzi yaşayan Gülnarə Kərimovanın (ad və soy ad şərtidir) yanına apararaq, onu müştəri kimi təqdim edib. Mübariz Əliyev Gülnarə Kərimova ilə danışmaq üçün onu heç kimin olmadığı bir yerə dəvət edib. M.Əliyev orada qadına yumruqla vuraraq onun mobil telefonunu və 15 manatını götürüb. Daha sonra isə salonlardan birindən icarəyə maşın götürüblər.

M.Hüseynova ələ keçirdikləri telefon nömrəsindən plana uyğun olaraq Qalib Bağırova mesaj yazaraq görüşmək istədiyini deyib. Məqsəd Qalib Bağırovu evdən çıxardıqdan sonra onun mənzilinə girmək olub. Ancaq Q.Bağırov bu təklifi qəbul etməyib. Bundan sonra 3 nəfərlik dəstə Qalib Bağırovun evinə getməyi qərarlaşdırıblar.

M.Hüseynova maşında gözləyib, sevgilisi və keçmiş əri üzlərinə maska geyinərək hasardan Q.Bağırovun evinin həyətinə düşüblər. Bir müddət həyətdə dayanaraq qapının açılmasını gözləyiblər. Qapını açan Q.Bağırov hər iki şəxsin hücumuna məruz qalıb. Ondan pul tələb edən şəxslərə “yox” cavabı verən Q.Bağırov əvvəlcə bıçaqlanıb, daha sonra isə iplə boğularaq öldürülüb.

Mənzildən 200 manat, 30 avro, 10 dolar, planşet və Q.Bağırova məxsus gödəkçəni götürən şəxslər ümumilikdə 683 manatlıq əmlak ələ keçiriblər. Planlaşdırdıqları kimi külli miqdarda pulu evdən tapa bilməyiblər.

Qətldən sonrakı cinayətlər...

Bu planları da baş tutmayan dəstə qətli törətdikdən sonra yolda bir neçə qadına hücum edərək onların əlindən çantalarını alıblar. Bu quldurluq əməllərini də Mübariz Əliyev törədib.

Bakı sakinləri Səadət Şabıyeva, Nuriyyə İsaqovaya qarşı soyğunçuluq əməlləri törədərək onlara hədə-qorxu gəlib, çantalarını alıblar.

Qətl hadisəsindən danışan Mübariz Əliyev deyib ki, evə girəndə Qalibi yerə yıxıblar. Bu zaman Ehtiram Həsənov pulun yerini soruşub: “Ehtirama pulun gödəkçənin cibində olduğunu dedi, ancaq orada yox idi. Ehtiram əsəbiləşib həyətdən ip gətirib, Qalibi boğmağa başladı. Əvvəlcə bir neçə bıçaq zərbəsini Ehtiram vurdu. Sonra bıçağı mənə verdi. Mən də sinəsinə bir neçə zərbə vurdum. Amma Qalib pulunun olmadığını dedi. Qalibin maşınına da baxdıq. Amma heç nə yox idi. Evdən çıxanda əynimizdə olan əlcəyi, maskanı yandırdıq”.

Zərərçəkmişin hüquqi varisi olan qardaşı Elşən Bağırov hadisə ilə bağlı ifadəsində bildirib ki, qardaşı ailəsindən ayrıldıqdan sonra Hövsandakı bağ evində tək yaşayıb. E.Bağırov deyib ki, mərhum qardaşı 6 ay əvvəl ona kimlərinsə həyətini güddüyünü deyib. İki uşaq atası olan qardaşının evində qızıl-zinət əşyaları və pulun olmadığını deyən E.Bağırov bildirib ki, qardaşı ölümündən əvvəl 10 min dollarını iş yoldaşı Yusif adlı şəxsə verib.

Ehtiram Həsənov isə ifadəsində deyib ki, Qalib Bağırovu pulun yerini demədiyi və onları tanıdığı üçün öldürüblər. Onu da qeyd edək ki, Mahnurə Hüseynova həbs edilməmişdən əvvəl hamilə olub. O, övladını həbsxanada dünyaya gətirib.