BolgeXeber.Com » Bölgə » Rövşən Bağırov başçı olan yerdə... - ŞİKAYƏT VAR

Rövşən Bağırov başçı olan yerdə... - ŞİKAYƏT VAR

13-12-2016, 10:06
Oxunub: 3 233 Rövşən Bağırov başçı olan yerdə... - ŞİKAYƏT VARLerikin Cəngəmiran kəndinin sakinləri buradakı Şəhidlər Xiyabanının günbəgün dağılıb bərbad duruma düşməsindən narahatdırlar

Bu məzarlıqda uyuyanlar kəndin 1993-cü ildə Qarabağ döyüşlərində həlak olan gəncləridir. İntiqam adlı kənd sakini danışır ki, məzar daşları çöküb, əyilib. Buraya doğma və yaxınlarının ziyarətinə gələnlər məzarlığı baxımsız vəziyyətdə görüb əzab çəkirlər:

“Başdaşı üstündəki portretlər sınıq-sınıqdır. Bələdiyyə küləyin sovurub gətirdiyi tullantıları vaxtında təmizləmir. Kənd sakinləri kəndin icra nümayəndəsinə, bələdiyyəyə dəfələrlə müraciət ediblər, elə hey “imkan yoxdur”, - deyib dururlar. Axı 5-10 şəhidin məzarüstü abidəsini abadlaşdırmağa, ətrafı təmizləməyə nə böyük imkan lazımdır? Türkiyədə övladı şəhid olanlar qürur duyurlar, çünki şəhidə sayğıyla yanaşılır. Bizdə isə onların məzarları zibillikdən fərqlənmir”.

– Kənd sakinlərinin özü niyə tədbir görmür?

– Özümüzün elə imkanımız yoxdur ki, tarixi abidə sayılan bu məzarlığı səliqə-sahmana salaq, qəbirlərin üstündəki mərmərləri əvvəlki vəziyyətinə gətirək. Kənddə camaat acından günorta durur”.

Kənd sakinləri imkanlı şəxslərdən “Şəhidlər Xiyabanı”na diqqət ayırmağı umurlar: “İmkanlılar min yerə pul xərcləyirlər, bu məzarlığı düzəltmək onların xərclədiyi böyük pulların cüzi hissəsi də deyil. Bir şeyi nəzərə alsınlar ki, burada uyuyan oğlanlar onların həyatda qalması üçün öz canlarından keçiblər. Məmurlardansa nə isə istəmək boş işdir”.

Lerik Rayon İcra Hakimiyyətindən bildiriblər ki, rayondakı abadlıq işlərinin siyahısına kəndlərdəki Şəhidlər Xiyabanlarının abadlaşdırılması məsələsi də daxildir. Bu işlər planlaşdırılmış və növbəli şəkildə aparılır. Növbə yaxın vaxtlarda Cəngəmirandakı Şəhidlər Xiyabanına da çatacaq.