BolgeXeber.Com » Müsahibə-Reportaj » "Krediti olan insanlar bütün gün məhkəmələrdədir" — Deputat manatın taleyindən danışdı

"Krediti olan insanlar bütün gün məhkəmələrdədir" — Deputat manatın taleyindən danışdı

15-12-2016, 11:29
Oxunub: 3 330 "Krediti olan insanlar bütün gün məhkəmələrdədir" — Deputat manatın taleyindən danışdı“Birdən birə “tam üzən məzənnə” siyasətinə keçmək olmaz. Bu, “şok devalvasiya” effekti yaradar”

Bu sözləri Ölkə.Az-a açıqlamasında iqtisadçı millət vəkili Vahid Əhmədov bildirib.

Deputat deyib ki, indiyədək manat 2 dəfə “şok devalvasiya”ya uğrayıb:

“Bu da əhali ilə banklar arasında ciddi problemlər yaratdı. İndiyədək də bankların dollarla verilən kreditlərinin taleyi həll olunmayıb. İnsanlar bütün gün məhkəmələrdədir. Ona görə də manatı birdən-birə sərbəst buraxmaq olmaz. Heç bir dövlət də birdən-birə devalvasiyaya getməyib. Misal üçün, Qazaxıstanda da milli valyutanı yavaş-yavaş buraxdılar. İndi də artıq öz həllini tapmaq üzrədir”.

V.Əhmədov Mərkəzi Bankın manatla bağlı indiki siyasətinin tamamilə doğru olduğunu söyləyib.

“Mərkəzi Bank hələlik “üzən məzənnə” siyasətini tənzimləyir. Bu cür siyasəti davam etdirmək lazımdır. Ancaq bu hara qədər gedə biləcək, hansı məzənnədə dayanacaq, bunu dəqiq demək mümkün deyil. Bu həm də bir sıra məsələlərdən asılıdır. İlk növbədə bu, neftin qiymətindən asılıdır. Əgər neftin qiymətində artım olarsa, o zaman dollarla nisbətdə manat gəlib 1.80-2.00 həddində dayansın.

Digər tərəfdən isə bu məsələ idxal-ixrac siyasətindən asılı olacaq. Hazırda Azərbaycanın idxalı ixracından böyükdür. Əgər gələcəkdə idxalın həcmi azalarsa, ixracın həcmi artarsa, tədiyyə balansı müsbət olarsa, bu da öz təsirini göstərəcək”.

Deputat qeyd edib ki, hökumət 2017-ci ildə “tam üzən məzənnə” siyasətinə keçmək istəyir:

“Ancaq bunu nə qədər buraxsalar da, Mərkəzi Bank müəyyən qədər nəzarətdə saxlayacaq. Çünki Mərkəzi Bank pul-kredit siyasətinə nəzarət edən orqandır”.