BolgeXeber.Com » Müsahibə-Reportaj » Ramiz Rövşənin 70 yaşı tamam olur- "Onu mən bu dünyadan gedəndən sonra biləcəksiz"(MÜSAHİBƏ)

Ramiz Rövşənin 70 yaşı tamam olur- "Onu mən bu dünyadan gedəndən sonra biləcəksiz"(MÜSAHİBƏ)

15-12-2016, 15:22
Oxunub: 4 191 Ramiz Rövşənin 70 yaşı tamam olur- "Onu mən bu dünyadan gedəndən sonra biləcəksiz"(MÜSAHİBƏ)Bu gün məşhur şair, yazıçı, esseist, kinossenarist, tərcüməçi, Azərbaycan Yazıçılar Birliyinin üzvü Ramiz Rövşən 70 yaşını qeyd edir

Bolgexeber.com xəbər verir ki, Ramiz Rövşən 1946-cı il dekabrın 15-də Bakının Əmircan kəndində anadan olub.

Əslən Qubadlı rayonunun Teymur Müskanlı kəndindəndir. Suraxanı rayonundakı 208 saylı şəhər orta məktəbində təhsil alıb. Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsini (1964-1969), Moskva Ali Ssenari kurslarını bitirib (1976-1978). Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında, “Mozalan” satirik kinojurnal studiyasında redaktor (1971), kinostudiyanın ssenari emalatxanasında ssenarist (1974-1975), ssenari redaksiya heyətinin üzvü (1979-1987), kinostudiyanın baş redaktoru (1987-1992) işləyib. 1992-ci ildən Azərbaycan Tərcümə Mərkəzinin baş redaktorudur. Bir neçə şeir kitabının müəllifidir.

Ramiz Rövşənin ssenariləri əsasında çoxlu sayda bədii və sənədli film çəkilib. Şeir və hekayələri tərcümə edilərək bir sıra keçmiş SSRİ respublikalarında, eləcə də ABŞ, Almaniya, Böyük Britaniya, Fransa, Polşa, Bolqarıstan, Türkiyə və İranda çap olunub.

Müsahib var, arxanca sürünür ki, ondan nəsə yazasan. Müsahib də var, sən onun arxasınca sürünürsən ki, barı dilindən nəsə bir söz çəkəsən. Bunlardan biri də sevilən şair Ramiz Rövşəndir. Hərdən mətbuatdan uzaq gəzib-dolanan bu şairi heç qınamıram da. Düşünürəm ki, Ramiz Rövşən nə qədər mükəmməl, nə qədər maraqlı danışsa da, yenə yazdıqlarının kölgəsində qalacaq. Əslində onun yazdıqları elə ürəiyindəkilərdir. Hər dəfə onu oxuyanda elə onunla da söhbətləşirik. Bu gün onun doğum günüdür. Nə az, nə çox, 70 yaşın kürəyini yerə vurur. Bir gün öncə Yazıçılar Birliyində səbəbkarın yubileyini də qeyd etdilər. Mən də bu fürsəti fövtə vermədim. Məclis qurtarar-qurtarmaz, qocaman birliyin pilləkanında şairin qolundan yapışıb, suallarımı güllə kimi yağdırmağa başladım. Hərçənd onunla şəkil çəkdirib, avtoqraf almaq istəyənlər açıq üzümə söysələr də, nə mən şairin qolunu buraxdım, nə də, insafən, o məni özündən itələdi.

Ramiz Rövşən milli.az-a danışdı.

- "Bir qoca uşağam mən bu yaşımda, bir dəli ağıl var hələ başımda..." 70 yaşınız olmasına rəğmən simanız uşaq təbəssümü qədər safdır...

- Əgər siz hesab edirsinizsə ki, mən cavan qalmışam, bunu eşitmək mənə çox xoşdur. Doğrudan da insanın içindəki uşağın görünməsi xoş duyğudur.

- Qocalığın yaşa dəxli var, sizcə?

- Yox, qocalıq, bilirsiz, haçan başlayır? İnsan qocalıqla barışanda. Əgər insan qocalıqda barışmayıbsa, demək ki, hələ qocalmayıb. Qocalığın yaşa qətiyyən dəxli yoxdur.

- İndi bunu necə başa düşək, siz qocalıqla barışmısınız, yoxsa hələ mücadilə gedir?

- Mən hələ qocalıqla barışmamışam, heç barışmaq fikrində də deyiləm. Barışana qədər də hesab edirəm ki, bu dünyanın haqq-hesabın çürüdəcəm.

- Bir şerinizdə "aradan çıxıb gedən" dostlarla bağlı yaman yazmısız. Heç sizi dar ayaqda qoyub gedən dostlarınız olubmu?

- Olub... Amma bunu pis mənada deməmişəm.

- Bəs nə mənada demisiz?

- Yəni o mənada ki, çoxu bu dünyadan köçüb gedib. Hər halda, bunun özü də aradan çıxmaq kimi bir şeydir. Nə qədər kədərli olsa da, o dostlar aradan çıxıb getdilər. Amma etibar mənasında itirdiyim dostlar çox azdır.

- Bəzən həyatdan bezib, iyrəndiyiniz anlar olub?

- Onun da öz rəngi var. Həyat həmişə eyni rəngdə olmur axı.

- Oxucular üçün bütün şeirləriniz gözəldir. Bəs sizcə, ən gözəl şeirinizi yazmısınız?

- Hələ ki, yox, yazmamışam hələ.

- Özünüz özünüzə səmimi etiraf etsəydiniz, nə cavab verərdiniz - Ramiz Rövşən ruhunu kirlətmədənmi 70 yaşı başa vurdu?

- Ümid edirəm ki, hə. Ümid edirəm...

- Allahdan nə vaxtsa möhlət istəmisiniz?

- Allahla aramda olan söhbətlər yalnız özümə aiddir. Özümlə də bu dünyadan gedəcək.

- Sevilən şair olduğunuzu bilirsiniz? Ürəyinizdə tez-tezmi "əhsən sənə, Ramiz Rövşən" deyirsiniz?

- Əstəğfurullah. Amma mənim öz sevdiyim şairlər başqalarıdır.

- Kimlər, deyin, biz də bilək.

- Çoxdurlar. Dünyada saysız-hesabsız tanıdığım çox şair var ki, mən onların yazdıqlarını sevirəm.

- Həmişə səmimi qala bilirsinizmi?

- Mən ilk növbədə özüm özümlə səmimiyəm. Oxucu ilə səmimi olmaq anlayışı mənə çatmır. Belə çıxır ki, sən şair kimi oxucunun xoşuna gəlmək üçün səmimi olursan. Mənim üçün şair ilk növbədə özünə qarşı səmimi olmalıdır. Nəinki şair, ümumiyyətlə, insan özünə qarşı səmimi olmalıdır. Nə duyursan, necə duyursan - onu da ifadə elə.

- Heç cavan vaxtı şeir yazanda qorxurdunuzmu ki, o biri şairlərin xoşuna gəlməz və sizi tənqid edərlər? Çünki ətrafınızda sevilən şairlər çox idi...

- Hə, gənclik illərimdə qorxurdum ki, yazdığım şeirləri birdən Anar, ya digər yazarlar bəyənməzlər. Amma sonradan qorxmadım.

- Niyə?

- Çünki bilirdim ki, nə yazsam da bəyənəcəklər. İndi nə yazıram - bəyənirlər. Onlar artıq məni bir şeirlə dəyərləndirmirlər. Bu dostluq bir hərəkətdən, bir şeirdən keçib artıq. İllərin sınağından keçib.

- Şeirlərinizə fərq qoyursunuz heç?

- Nə bilim... Necə ki ömrümün günlərinə fərq qoyuram, eləcə də şeirlərimə fərq qoyuram.

- Hansı şeirinizi daha cox sevirsiniz?

- Elə bir şeirim yoxdur.

- Bəlkə, "Qara paltarlı qadın"...

- O şeir mənim üçün doğma və təbii şeirdir.

- Varmı həyatınızda "qara paltarlı bir qadın"?

- Onu mən bu dünyadan gedəndən sonra biləcəksiz. Tək mənim yox, hamının qara paltarlı bir qadını var.

- Şair və sadəcə Ramiz Rövşən kimi arzularınızı eşitmək maraqlı olardı...

- Şair kimi arzum budur ki, Allah mənə ömür versin, daha bir şeir yazım. Yaşayım ki, dostlarımı, nəvələrimi, övladlarımı daha çox görüm. Həyatı, gözəllikləri daha çox görmək üçün yaşamaq istəyərdim.

- İnşallah, oxucularınızın da gözünü yolda qoymayın.
Bolgexeber.com