BolgeXeber.Com » BÖLGƏ TV » Xətai rayonundakı 10 hektarlıq yaşıllığı kim yandırır? - VİDEO

Xətai rayonundakı 10 hektarlıq yaşıllığı kim yandırır? - VİDEO

19-12-2016, 11:08
Oxunub: 3 310 Xətai rayonundakı 10 hektarlıq yaşıllığı kim yandırır? - VİDEOXətai rayonu, Məhəmməd Hadi küçəsi və Gəncə prospektinin kəsişməsində olan yaşıllıq məhv edilir

Musavat.com xəbər verir ki, 10 hektar ərazidə yerləşən yaşıllıqlar dəmir hasarlarla əhatələnib. 90-cı illərdə əhalinin istirahət etdiyi görkəmli məkanlardan olsa da, bu gün xarabalığı xatırladır. Parkda əsasən şam və nar ağacları yetişsə də, onlar zaman-zaman məhv edilir. Ətrafda yaşayan sakinlər bu ərazidə çoxlarının gözünün olduğunun deyirlər. Lakin yaşıllıq magistral yola yaxın, diqqət çəkən ərazidə olduğundan hər hansı tikinti işi aparmaq mümkün olmayıb. Burada tikinti aparmaq üçün gərək yaşıllıq tamamilə məhv edilsin. Ətrafda yaşayan sakinlərdən bu ərazinin sahibinin kim olduğunu öyrənə bilmədik. Lakin öyrəndik ki, tez-tez naməlum şəxslər ağacları tədricən yandırır, yaşıllığı məhv edirlər. İddialara görə, məhv edilən yaşıllıqların yerində bina tikəcəklər. Bir sözlə, müxtəlif yollarla ağacları yox etməyə çalışırlar.

Ərazidə olduğumuz zaman ağacların hansı yolla məhv edildiyini anladıq. Belə ki, ağacların kökünə benzin tökərək, onları yandırırlar. Bəzilərinin isə kökünü qazıb, aşmasına şərait yaradırlar. Elə görüntü yaradırlar ki, güya ağacı külək aşırıb. Görünür, bu əraziyə sahiblənən şəxs yaşıllığı bir gündə məhv etməyə cəsarət etmədiyi üçün bunu tədricən həyata keçirir. Ərazinin bir hissəsi qəsdən açıq saxlanılıb ki, ayaqaltı olsun. İnsanlar maşınlarla gəlib, ağacları kəsərək, oduncaq kimi satırlar. Buna isə göz yumurlar.

Məsələ ilə bağlı Xətai rayon icra başçısının müavini Zaməddin Əkbərovun mövqeyini öyrəndik. Z.Əkbərov musavat.com-a açıqlamasında ərazinin İran səfirliyinin balansında olduğunu bildirdi:

"Həmin ərazi Gəncə prospekti və Məhəmməd Hadi küçəsinin əhatəsindədir. 20 ildir ki, mən oranı boş görmüşəm. İran İslam Respublikası Səfirliyinin Mədəniyyət mərkəzinin ərazisi sayılır. Əvvəllər onların ərazisi geniş idi. Sonradan sərəncam ləğv edilərək, torpağın bir hissəsini Dövlət Sərhəd Xidmətinin Akademiyasına verdilər. Ərazinin tikinti olan hissəsi Əmlak Komitəsinin, bir hissəsi isə Bakı Şəhər İcra Hakimiyyətinin balansındadır”.

Daha ətraflı təqdim etdiyimiz videodan izləyə bilərsiniz.