BolgeXeber.Com » Sosial » Yeni il hədiyyələri alarkən ehtiyatlı olun - bağlamalarda təhlükəli qidalar da var!

Yeni il hədiyyələri alarkən ehtiyatlı olun - bağlamalarda təhlükəli qidalar da var!

21-12-2016, 10:18
Oxunub: 26 176  Yeni il hədiyyələri alarkən ehtiyatlı olun - bağlamalarda təhlükəli qidalar da var!Eyyub Hüseynov: “Ölkənin əmtəə bazarı təhlükəli mallarla sürətlə çirklənir”

Yeni ilin gəlişinə 10 gün qalır. Mağazalarda isə hələ dekabrın ilk günlərindən bir-birindən fərqli bayram hədiyyələri satışdadır. Yeni ilə aid hədiyyələrin qiyməti 5-150 manat civarında dəyişir. Təbii ki, qiymət bağlamanın içərisindəki şirniyyət məhsullarına, ölçüsünə, keyfiyyətinə, bükümünə görə dəyişir.

Ancaq çox zaman bu hədiyyə qutularının içi çölündən fərqlənir. Uşaqlarımızı sevindirmək üçün aldığımız bu hədiyyə paketləri bəzən sevincimizi yarıda qoyur. Bağlamaların bəzilərinin üzərində içərisindəki şirniyyat və oyuncaqların hara istehsalı olduğu yazılsa da, bir çoxlarında göstərilməyib. Apardığımız müşahidələr göstərir ki, qutuların içərisindəkilər Azərbaycan, Türkiyə və Çin istehsalıdır.

Hədiyyə qutularının içərisində bəzən sağlamlıq üçün təhlükə törədəcək şirniyyatlara da rast gəlmək olur. Belə ki, bağlamalara bəzən vaxtı ötmüş məhsullar qoyulur. Qutuların üzərində onun içərisində hansı şirniyyatların yer aldığı yazılsa da, onların heç birinin yararlılıq müddəti göstərilməyib. Bu hədiyyələri alarkən içindəki məhsulların keyfiyyətini yoxlamaq mümkün olmadığından bəzi şirkətlər fürsətdən istifadə edərək köhnə məhsullarını əhaliyə satmağa başlayıblar. Yararlılıq müddəti keçmiş və bitməsinə az qalmış bu məhsulları satmağın ən “münasib” üsulu onları hədiyyə paketlərinə yerləşdirməkdir. Satıcılar bu cür Yeni il hədiyyələrinin alıcılarının hələlik az olduğunu deyirdilər.

Satıcı Murad Süleymanov bildirir ki, hələ Yeni ilin gəlməsinə 10 gün qaldığı üçün bu hədiyyələrdən alanlar elə də çox deyil: “Uşaqlar görəndə ağlayıb aldırırlar. Ancaq hazırda bu cür hədiyyələri alanlar elə də çox deyil. Bunlar ən çox dekabrın 30-31-də satılır. Bizdəki hədiyyələr keyfiyyətlidir. Açıb içərisinə baxmağa isə icazə yoxdur. Bizdə müxtəlif qiymətə Yeni il hədiyyələri mövcuddur”.

Satıcı belə bağlamaları toplu şəkildə Yeni il şənlikləri keçirəcək bağçaların aldığını bildirdi.
Bəzi vətəndaşlar bu hədiyyələrdən aldıqlarını desələr də, bir çoxları onları övladlarına almağa tərəddüd etdiyini qeyd edirlər. Alıcı Könül Məmmədova bacısı qızı üçün bu hədiyyələrdən birini aldığını dedi: “Bacım qızı balacadır. Onun üçün 75 manata içində ”Maşa və ayı" olan Yeni il hədiyyəsi aldım. İnanıram ki, bəyənəcək. İçərisindəkilərin pis olacağını düşünmürəm. Məncə körpələrin həyatını riskə atacaq hansısa qidanı qoymazlar".

Digər alıcı Aydan Fətəliyev isə fərqli düşüncədə idi: “Mən hər il özüm hədiyyə düzəldirəm. İki azyaşlı uşağım var. Onların həyatını bu hədiyyələrlə riskə ata bilmərəm. Özüm rəngli hədiyyə bağlamaları alıb övladlarımın sevdiyi şirniyyatlardan içinə düzürəm. Onu daha çox sevirlər, həm də sərfəli olur”.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirdi ki, əhali üzərində yararlılıq müddəti olmayan Yeni il hədiyyələrini almaqdan imtina etməlidir: “Bunlara nəzarət demək olar ki, yox dərəcəsindədir. Biznes qurumlara heç kəsin ixtiyarı yoxdur ki, güldən ağır söz desin. Onlara toxunulmazlıq şəraiti yaradıldığı üçün ölkənin əmtəə bazarı təhlükəli mallarla sürətlə çirklənir. Bu sahədə olan şikayətləri həll etmək mümkünsüzdür. Dövlət orqanları adamları yalnız məhkəməyə göndərməklə məşğuldurlar. Ona görə də istehlakçılar özləri çox diqqətli olmalıdırlar. Yeni il hədiyyələrini açanda diqqətli olsunlar, üzərlərində saxlanma müddəti, yararlılıq müddəti yoxdursa, belə malları almaqdan imtina etsinlər. Körpələr bu cür hədiyyələri yeyib zəhərlənirlər. Bu cür şikayətlər adətən Yeni il şənliklərindən sonra daxil olur və bu, hər il təkrarlanır. Bu kimi şikayətlər arasında birinci yerdə şampan şərablarının partlamaması dayanır”.

Azərbaycanda yalnız uşaqlar deyil, böyüklər də bəzən bir-birini hədiyyə ilə sevindirir. Ancaq elə ölkələr də var ki, orada hədiyyə almağı bir növ təhqir hesab edənlər çoxluq təşkil edir.
Məsələn, Fransada Şaxta baba “Noel ata” adlanır.

O, Yeni il gecəsi gəlir və evin balaca sakinlərinin başmağına hədiyyələr qoyur. Böyüklərsə bayram günü daha çox yeyib-içməyi sevirlər. Hər hədiyyəni hər adama vermək olmaz. Məsələn, bu bayramda qadının öz ərindən başqa kimdənsə hədiyyə olaraq ətir qəbul etməsi yaxşı hal hesab olunmur. Qadına ətir hədiyyə etmək evin böyüyünü alçaltmaq kimi bir hal hesab olunur. Böyük Britaniyada bayram günü evdə ideal təmizlik və qanun-qayda hökm sürməlidir.

Gecə düşərkən ailənin başçısı illərin yerdəyişməsi üçün evin bütün qapılarını geniş açır. Daha sonra qapılar bağlanır və evə ilk gələcək qonaq həyəcan və səbirsizliklə gözlənilir. Gələn qonaqlar isə hədiyyə olaraq özü ilə viski, şirin çörək və kömür gətirməlidir. İtaliyalı uşaqların isə Şaxta babaları yox, Şaxta nənələri var. Onun adı Befan nənədir. Yaşından asılı olmayaraq, yumşaq oyuncaqlar hədiyyə etmək bu ölkə üçün ən gözəl hədiyyədir. İsveçrədə insanlar bir-birinə şam hədiyyə edirlər ki, bu da dostluğun və sevincin rəmzidir. Bayram axşamı isə ailə başçısı ata zibil atmaq bəhanəsi ilə evdən çıxır və Şaxta baba obrazında qayıdaraq hədiyyələri paylayır.
 Yeni il hədiyyələri alarkən ehtiyatlı olun - bağlamalarda təhlükəli qidalar da var!
 Yeni il hədiyyələri alarkən ehtiyatlı olun - bağlamalarda təhlükəli qidalar da var!
 Yeni il hədiyyələri alarkən ehtiyatlı olun - bağlamalarda təhlükəli qidalar da var! Yeni il hədiyyələri alarkən ehtiyatlı olun - bağlamalarda təhlükəli qidalar da var!