BolgeXeber.Com » Media » Azərbaycanda domen qalmaqalı: “Visa” inhisara alınır?

Azərbaycanda domen qalmaqalı: “Visa” inhisara alınır?

23-12-2016, 16:00
Oxunub: 3 214 Azərbaycanda domen qalmaqalı: “Visa” inhisara alınır?Azərbaycanda “ASAN Viza”nın fəaliyyətə başlaması ilə “az” domenində tərkibində “visa” sözü olan saytların fəaliyyəti dayandırılıb

Bolgexeber.com “Qafqazinfo”-ya istinadən xəbər verir ki, bu məsələ ilə bağlı səlahiyyətlər “ASAN xidmət”ə verilib. Rabitə və Yüksək Texnologiyalar Nazirliyi isə domen rəhbərlərinə (evisa.az və evisa.com.az) SMS göndərərək saytların fəaliyyətinin dayandırıldığını bildirib.

“ASAN xidmət” isə problemlə bağlı ötən günün sonunda yaydığı açıqlamada qeyd edib ki, “Elektron vizaların verilməsi prosedurunun sadələşdirilməsi və “ASAN Viza” sisteminin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 1 iyun tarixli Fərmanına uyğun olaraq, “ASAN Viza” sisteminin yaradılması təmin edilib, www.evisa.gov.az portalı vasitəsilə elektron vizaların verilməsinə başlanılıb.

Lakin bununla belə, oxşar saytlar vasitəsilə Azərbaycana gəlmək istəyən əcnəbilərə elektron vizaların verilməsi xidməti həyata keçirilirdi. Həmin saytlar dövlətin rəsmi elektron viza portalı təəssüratı yaradaraq, e-viza xidmətlərini qanunvericilikdə müəyyən edilən prosedurlardan fərqli, nəzərdə tutulan dövlət rüsumundan isə dəfələrlə artıq ödəniş almaqla həyata keçiriblər.
Bu da öz növbəsində elektron viza almaq üçün müraciət edən şəxslərdə çaşqınlıq yaradıb və haqlı olaraq kütləvi narazılığa səbəb olub.

Qeyd edək ki, Azərbaycana gəlmək üçün elektron vizanın verilməsi dövlətin müstəsna səlahiyyətidir və bu cür hallar isə ölkənin imicinə zərər verən amillərdən biridir.

Bunları nəzərə alaraq çaşqınlığın aradan qaldırılması məqsədilə həmin saytların üzərinə müvəqqəti məhdudiyyətlər qoyulub. Bununla əlaqədar həmin domen sahibləri ilə görüşülüb, müzakirələr aparılıb.

Bu cür halların baş verməməsi üçün həmin saytlarda Azərbaycan Respublikasının rəsmi elektron viza portalı “ASAN Viza” sistemi haqqında məlumat və elektron vizanın alınması üçün www.evisa.gov.az portalına keçidin yerləşdirilməsi qərara alınıb.

Maraqlıdır ki, nazirlik domen rəhbərləri ilə görüşmədən, onlara xəbərdarlıq etmədən birbaşa domeni bağlaya bilərmi?

Məsələ ilə bağlı açıqlama verən Milli İnternet Forumun prezidenti Osman Gündüz bildirib ki, domenin tənzimlənməsi ilə bağlı məsələlər qanunvericilikdə aydın şəkildə qeyd olunub:

“Bu məsələ “Telekommunikasiya haqqında” qanunla tənzimlənir. Qanunun müvafiq müddəasında qeyd olunub ki, milli domenin tənzimlənməsini Rabitə və Yüksək Texnologiyalar Nazirliyi əlaqədar qurumlarla birgə həyata keçirir.

Yəni, burada artıq səlahiyyət tamamilə nazirliyin üzərinə qoyulmayıb. Burada söhbət İT sahəsində olan provayderlərdən, ictimai qurumlardan gedir.

Realda nazirlik milli domenin tənzimlənməsi ilə bağlı əlaqədar qurumların birgə komissiyasını yaratmalıdır. Bu proses bütün dünyada belə gedir. Biz keçmiş nazirin dövründə belə bir qurumun yaradılması üçün çox danışıqlar apardıq və nəticəsiz qaldı.

Milli domenin qeydiyyatı ilə bağlı bir inhisarçılıq da var. Mövcud qaydaları da Ədliyyə Nazirliyi təsdiq etməyib. Belə olan halda qərarın da hüquqi əsası yoxdur”.

Media məsələləri üzrə ekspert Xalid Ağaliyev də problemlə bağlı deyib ki, dövlət yalnız gov.az domenləri ilə bağlı qərarvermə sərbəstliyinə malikdir: “Bu sərbəstlik digər milli domenlərə münasibətdə mümkün deyil. Ümumilikdə, nəzərə almaq lazımdır ki, Azərbaycanda domenlərin qeydiyyatı, domenlərə sahiblik məsələləri ilə bağlı hüquqi tənzimləmə xeyli dərəcədə aydın deyil.

“Az zonasında domenlərin qeydiyyatı qaydaları haqqında əsasnamə”də tənzimləmənin əsasları qarışıq ifadə edilib. Həmin sənədə görə, az zonasında domen adını qeydiyyatdan keçirmək istəyən şəxslə domeninin inzibatçısı arasındakı münasibətlər müqavilə ilə tənzimləyir.

Həmin müqavilə formasının özü qüsurludur. Müqavilə yalnız inzibatçıya hüquqlar verir, domeni alana isə vəzifələr yükləyir. Domeni alanın isə hüquqları demək olar ki, yox dərəcəsindədir.
Bununla belə həmin sənədin əsas məsələləri tənzimlədiyini demək olar. Əsasnamə inzibatçıya domenin fəaliyyətini dayandırmaq və ya ləğv etmək hüququ verir.

Domen ödənişi zamanında edilmədikdə, domen sahibi öz məlumatlarına dəyişiklik edib, bu haqda inzibatçıya bilgi vermədikdə, məhkəmə qərarı olduqda və domen sahibi özü müraciət etdikdə domen sərbəstləşdirilə və ya başqasına verilə bilər.

Beynəlxalq təcrübə bundan ibarətdir ki, domen adları üzrə mübahisələr adətən əmtəə nişanına, firma adına olan hüququn pozulması hallarında özünü göstərir. Bu kontekstdə yaranan problemlər əsasən, “İnformasiya cəmiyyəti məsələlərinə həsr olunmuş dünya sammitləri”nin, BMT-nin 11-ci konqresinin sənədləri, Avropa Şurasının “Kompyuter cinayətkarlığı ilə mübarizə haqqında” Konvensiyası, WIPO və ICANN-ın “Domen Adları Üzrə Mübahisələrin Araşdırılmasının Vahid Siyasəti və Qaydaları”, habelə, Paris konvensiyası tətbiq edilməklə həll edilir.

Həmin sənədlərdən çıxış etsək, prinsipcə, A tərəf B tərəfinin istifadəsində olan domen adına iddia edə, hətta onun qeydiyyatını ləğv etdirə bilər. Ancaq bunu məhkəmə qaydasında etmək olar. Məhkəmə yalnız o halda domeni başqasına verə və ya ləğv edə bilər ki, domen adına iddia edən tərəf domen adının onun əmtəə nişanına, firma adına oxşar və ya yaxın olduğunu, domenin sahibinin mübahisəli domenlə əlaqədar hüquqi və ya qanunu maraqlarının olmadığını, habelə, domenin məsuliyyətsiz istifadə olunduğunu isbat edə bilsin.

Nəzərə almaq lazımdır ki, bu, prinsipcə mümkündür. Ancaq yuxarıda qeyd olunan şərtləri məhkəmədə isbat etmək çox çətindir. Bütün deyilənləri ümumiləşdirsək, ortaya çıxan aydın mənzərə bundan ibarətdir ki, hər hansı nazirlik, inzibatçı domeni sahibindən alıb, öz istəyi üzrə başqa fiziki və ya hüquqi şəxsə verə bilməz. Belə hal olarsa, bu mülkiyyət hüququnun ciddi pozuntusudur”.