BolgeXeber.Com » Xəbərlər » “Evrostroy” tikinti şirkətindən narazılıq - Mənzil alanlar evlərinə köçə bilmirlər

“Evrostroy” tikinti şirkətindən narazılıq - Mənzil alanlar evlərinə köçə bilmirlər

27-12-2016, 17:30
Oxunub: 1 920 “Evrostroy” tikinti şirkətindən narazılıq - Mənzil alanlar evlərinə köçə bilmirlər"Evrostroy” tikinti şirkətinin Yeni Yasamal -2 Əsəd Əhmədov küçəsində AMEA Fizika institutunun işçiləri üçün inşa etdiyi binaya görə insanlar arasında narazılıq yaranıb

Buna səbəb şirkətin vətəndaşları aldatmasıdır.

Bolgexeber.com xəbər verir ki, buradan ev alan sakinlər Unikal.org-a bildiriblər ki, onlara şirkət tərəfindən binanın 2015-ci ildə təhvil veriləcəyi deyilsə də, "Evrostroy” hələ də sakinləri aldatmaqda davam edir: "Müqavilə bağlanan zaman bizə dedilər ki, 2015 ci ildə tikib təhvil verəcəyik. Hələ də, binada işləri tamamlamırlar ki, evimizə köçək. Bunların insanları incidib belə narazı salmaqda məqsədləri nədir? Niyə cəmiyyətdə narazı kütlə yaradırlar? Bunlar kimə xidmət edirlər? Burada ev alanların əksəriyyəti kirayədə yaşayır. Çətin iqtisadi durumda insanları belə incitmək nə deməkdir?”.

Mənzillərinə köçə bilməyən insanların sözlərinə görə, şirkət tərəfindən bu ilin oktyabr ayında binanın təhvil veriləcəyi bildirilsə də, bu xəbər yenə də yalan oldu: "Hər dəfə insanları sakitləşdirmək üçün vəd verirlər. Binanın təhvil verilməsi üçün maksimum bir aylıq iş qalıb. Belə olan halda niyə şirkət narazı insanların vəziyyətini anlayıb binanı təhvil vermir? Deməli, məqsəd başqadır”.

"Evrostroy”dan narazı sakinlər vurğulayıb ki, şirkətin A.M.Şərifzadə küçəsində AMEA işçiləri üçün inşa etdiyi digər binadada eyni vəziyyətdir: "Bu şirkət rəhbərliyi insanları aldadıb, narazı salıb nəyə nail olmaq istəyir? Şərifzadə küçəsində inşa olunan bina sakinləri də bizim günümüzdədir. Onları da aldadıblar. "Evrostroy” paytaxtın müxtəlif ərazilərində eyni vaxtda çoxlu sayda tikinti aparır. Əgər bunu tikib təhvil vermək gücü yoxdursa, niyə camaatı pis vəziyyətə salırlar?”.

Azərbaycan Milli Elmlər Akademiyasının işlər idarəsindən Unikal.org-a verilən məlumata görə, onlarda binanın nə zaman təhvil veriləcəyi ilə bağlı məlumat yoxdur.

"Evrsostroy” MMC ilə əlaqə saxlamaq istəsək də, telefonlara cavab verən olmadı. Şirkətin internet saytı isə fəaliyyətini tamamilə dayandırıb.

Qeyd edək ki, "Evrostroy” MMC-nin adı mətbuatda dəfələrlə qalmaqallı məsələlərdə hallanıb.

Mövzuya yenidən qayıdacağıq.