BolgeXeber.Com » Xəbərlər » “TAĞIYA MOSKVADAN ZƏNG ETMİŞDİLƏR Kİ, SƏNİ TUTACAQLAR, QAÇ…” – Çovdarov 3 milyon məsələsini açdı

“TAĞIYA MOSKVADAN ZƏNG ETMİŞDİLƏR Kİ, SƏNİ TUTACAQLAR, QAÇ…” – Çovdarov 3 milyon məsələsini açdı

29-12-2016, 14:14
Oxunub: 2 135 “TAĞIYA MOSKVADAN ZƏNG ETMİŞDİLƏR Kİ, SƏNİ TUTACAQLAR, QAÇ…” – Çovdarov 3 milyon məsələsini açdıTağı Əhmədovun qohumu aprel ayında ağacın kölgəsində

Bu gün Sabunçu Rayon Məhkəməsinin binasında ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarov və onunla birlikdə həbs edilən üç MTN əməkdaşının məhkəmə baxışı davam etdirilib.
Yeni İl ərəfəsində əhval-ruhiyyədənmi, ya başqa səbəbdən, bu gün saat 10:30-a təyin olunmuş məhkəmə iclası 1 saat 15 dəqiqə gecikdi və gecikməyə səbəb, ötən dəfə olduğu kimi, hakimlərin vaxtında məhkəmə zalına gəlməməsi oldu.
Tağı Əhmədovun qohumu aprel ayında ağacın kölgəsində
Bakı Metropoliteninin keçmiş rəisi Tağı Əhmədovun Akif Çovdarova qarşı 3 milyonluq iddiası əsasında baxılan epizod çərçivəsində bugünkü iclasda iki nəfər şahid qismində dindirilib.
Virtualaz.org-un əməkdaşı məhkəmə zalından xəbər verir ki, birinci olaraq məhkəmədə generalın xidməti sürücüsü Nurxan Atakişiyev ifadə verib. İfadəsində şahid deyib:
“Bu məsələdən mənim, ümumiyyətlə, xəbərim yoxdur. Bütün işlədiyim dövrdə mən heç kimdən nə pul almışam, nə də kiməsə pul vermişəm. Adımı istintaqda Tağı Əhmədovun qohumu Əli Əhmədov çəkib. Bu iş 2014-cü ilin aprelində olub.
Əli Əhmədov deyir ki, məni ağacın kölgəsində durub gözləyiblər. Mən başa düşmürəm, avqust ayı idi ki, kölgədə gözləyirdilər? Sonra bildirirlər ki, mən “Land Rover” avtomobili ilə gəldim, mənə pulu diplomatda verdilər, əvvəl maşının salonuna qoyulan pulu, mən guya sonradan götürüb, düşmüşəm və maşının yük hissəsini açaraq, ora qoymuşam.
Birincisi, “Land Rover” markalı yolsuzluq avtomobilindən biz yalnız qarlı-şaxtalı havalarda istifadə edirdik. Akif müəllim (Çovdarov –virtualaz.org) hündür olduğuna görə o maşını xoşlamırdı, əksər hallarda “Nissan Maxima”nı sürürdüm. İkincisi, “Land Rover” maşınını görən hamı bilir ki, yük yerinə nəsə qoymaq üçün düşmək lazım deyil, sadəcə, oturacaqların arxasına əl uzatmaq kifayət edir”.
Qeyd edək ki, şahid Nurxan Atakişiyev ifadəsini çox ötkəm və sərbəst şəkildə verdi. Bəzən bu ötkəmlik saymazyanalığa da bənzəyirdi və bu, məhkəməyə sədrlik edən hakim Həbib Həsənovun diqqətindən yayınmadı. Hakimin iradından sonra özünü yığöışdırmağa çalışan sürücü bildirdi ki, zərgər Şahmar Qurbanovun iddiası üzrə epizodda şahidlik etdiyi vaxt DTX-də hələ də sürücü işləyirdi, indi isə işdən çıxarıllıb və özünü sərbəst hiss edir.
Nurxan Atakişiyev dövlət ittihamçılarının və vəkillərin də suallarına cavab verərkən məsələdən xəbərsiz olduğunu təkrarladı.

Tağı Əhmədovun telefonlarını kim dinləyib?
İkinci şahid qismində ləğv olunmuş MTN-in Monitorinq mərkəzinin keçmiş rəisi, general-mayor Teymur Quliyev ifadə verdi. Bildirək ki, Teymur Quliyev digər cinayət işi üzrə təqsirləndirilən olduğu üçün təcridxanada saxlanılır və məhkəmə zalına konvoyun müşayiəti ilə əli qandallı gətirildi.
General-mayor bildirdi ki, onun rəhbərlik etdiyi struktur birbaşa nazir Eldar Mahmudova tabe olub və nazirin imzası ilə daxil olan tapşırıqların yerinə yetirilməsi ilə məşğul olub.
Şahid: Bir var RM – radio monitorinqi, bir də var RKM – radio-kəşfiyyat monitorinqi. Mənim rəhbərlik etdiyim struktur radio-kəşfiyyat monitorinqi ilə məşğul olurdu. Bizə nazirin imzası ilə daxil olan tapşırıqda qeyd olunan telefonlar dinlənilirdi. Əgər telefon danışıqlarında maraqlı və əhəmiyyət kəsb edən bir məsələ olardısa, həmin işi aparan idarə ilə əlaqə saxlayıb, materialları onlara təhvil verirdik. Lazımsız audioyazıları isə silirdik.
Dövlət ittihamçısı: Siz bilirsiniz ki, məhkəmə qərarı olmadan heç kimi dinləmək olmaz və bu qanunsuzdur?
Şahid: Cənab prokuror, bu məsələ mənim səlahiyyətlərimə aid deyildi. Əgər nazirin imzası ilə mənə tapşırıq daxil olubsa, mən onu yerinə yetirməliyəm. Aydın məsələdir ki, nazir buna qol çəkibsə, deməli, məhkəmə qərarı da var və qanunsuz heç bir hal yoxdur.
Dövlət ittihamçısı: Sizə daxil olan tapşırıqda həmin dinləmələrin qanuni olduğunu sübuta yetirən məhkəmə qərarı əlavə olaraq göndərilmirdi?
Şahid: Xeyr, bizə ancaq bir vərəqdə tapşırıq gəlirdi və biz öz vəzifəmizi icra edirdik.
Dövlət ittihamçısı: Bəs niyə məsələ qaldırmırdınız ki, bu qanunsuzdur? Demirdiniz ki, biz qanunu pozuruq, məhkəmənin qərarı olmalıdır?
Şahid: Siz nə danışırsınız? Mən bunu kimə deməli idim? Əgər mən bunu etsəydim, vəzifə səlahiyyətlərimi aşmış olardım, hansı ki, hazırda bu ittihamla cəza çəkirəm. Nazirin imzası olan tapşırıq hər halda qanuni olmalıdır.
Şahidin ifadə verdiyi bu məqamda Akif Çovdarov hakimdən icazə alaraq, arayış vermək istədiyini dedi:
Akif Çovdarov: Bu idarəyə gündə 50-100 belə tapşırıq daxil olurdu. Ayda azı 1500 tapşırıq eləyir. Hansı məhkəmə çıxaracaqdı bu qərarları? Həmin qanuna qalsa, onda gərək ölkədə heç bir cinayət işi açılmasın. Siz nəzəriyyədən danışırsınız, amma işin praktiki tərəfi var. Bizə məlumat gəlirdi ki, belə bir nömrədən kimsə xarici ölkə ilə danışıb. Heç bilmirik kimdir. Tapşırığı yazıb, nazirlə razılaşdırıb, göndərirdik bu idarəyə. Radio kəşfiyyat monitorinqi də ona görədir ki, abonentin də kim olduğunu müəyyən edirdi, onun danışıqlarının statistikasını da çıxarırdı.
Şahid: Mənə deyirlər ki, sən təlimatı pozmusan, halbuki, həmin təlimata görə fəaliyyət göstərmişəm.
Dövlət ittihamçısı: Tağı Əhmədovun telefonlarının dinlənilməsi barədə məhkəmə qərarının olmadığını bilirdiniz?
Şahid: Cənab prokuror, kimdir axı bu Tağı Əhmədov? Mənim üçün onun heç vaxt adi vətəndaşdan fərqi olmayıb. Dediyim kimi, tapşırıq olub, dinləmişik.

Tağı Əhmədova Moskvadan kim zəng edib və nə deyib?
Təqsirləndirilən general Akif Çovdarov ayağa qalxaraq yenidən söz aldı:
“Burda hamı deyir Tağı Əhmədov. Bilirsiniz, kimdir bu Tağı Əhmədov? Ay kişi, tanıyanlar bilir, Tağı Əhmədov adama 3 manat da verməzdi. 7 il kuratoru olmuşam bu adamın, bir dəfə zəng etməyib mənə. İndi hardan gətirdi bu 3 milyonu?
Mən çox şey deyə bilərəm. Olmur danışmaq. Bilirsiniz, kim yuxarıdan Tağıya tapşırmışdı ki, metronu bağlasın? Tağıya Moskvadan zəng eləmişdilər ki, səni tutacaqlar, qaç ordan, apar, kimə nə borcun qalıb qaytar. Çox şeyi deyə bilmirəm”.
İş üzrə zərərçəkmiş Tağı Əhmədov məhkəməyə gəlmədiyi və onun digər şahidlərlə çarpaz ifadə verməsinə ehtiyac olduğu üçün məhkəmə təxirə salındı. Yeni ilin ilk iclası yanvarın 9-na təyin olundu.