BolgeXeber.Com » Xəbərlər » “Eldar Mahmudov işdən çıxarılan gün seyfdəki sənədləri məhv etdim”

“Eldar Mahmudov işdən çıxarılan gün seyfdəki sənədləri məhv etdim”

31-12-2016, 11:33
Oxunub: 1 894 “Eldar Mahmudov işdən çıxarılan gün seyfdəki sənədləri məhv etdim”Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) həbsdə olan polkovniki Fizuli Əliyevin istintaqa verdiyi ifadəsi məlum olub

Virtualaz.org istintaq materiallarına istinadən xəbər verir ki, Fizuli Əliyev istintaq zamanı ona elan olunan ittihamla razılaşmayıb. O, istintaqa ifadə vermək istəməyib, bəzi suallara cavab versə də, əksər suallardan yayınıb, onları cavablandırmaqdan imtina edib.

F.Əliyev bildirib ki, ləğv olunmuş MTN-in Transmilli mütəşəkkil cinayətkarlığa qarşı mübarizə 4-cü Baş idarəsi və həmin Baş idarənin 1-ci idarəsi birbaşa sabiq nazir Eldar Mahmudovun kurasiyasında olub.

MTN polkovniki müavin kimi xidmətini Baş idarənin rəisi Sübahir Qurbanov tərəfindən verilmiş tapşırıq və göstərişlər əsasında qurduğunu açıqlayıb.

Ən maraqlısı odur ki, F.Əliyev milli təhlükəsizlik naziri Eldar Mahmudov vəzifədən kənarlaşdırıldıqdan sonra iş otağına gələrək oradakı sənədləri məhv edib. O, istintaqda sabiq nazir Eldar Mahmudovun işdən çıxarılma xəbərini eşidincə nazirliyə gedərək müəyyən sənədləri məhv etməsindən danışıb. Belə ki, məxfi və tam məxfi sənədlərlə işlədiyini deyən MTN əməkdaşı onları iş otağındakı seyfdə saxladığını bildirib: "Məxfi sənədlərlə işləyərkən əmr və təlimatların tələblərini rəhbər tutmuşam. Bununla yanaşı, xidməti otağımda məxfi olmayan çoxsaylı sənədlər olub və onların sonrakı taleyini müstəqil olaraq özüm həll etmişəm. 18 oktyabr 2015-ci ildə xidməti iş otağıma gələrək orada səliqə-səhman yaratmaq məqsədilə məxfi olmayan və lazımsız olan sənədləri kağız doğrayan maşına salmaqla məhv etmişəm. Məhv etdiyim sənədlər əsasən uzun müddət xidməti otağımda saxlanan, lazım olmayan və məhv olunması zəruri olan sənədlər olub".