BolgeXeber.Com » Siyasət » Prezident Administrasiyasından sərt reaksiya

Prezident Administrasiyasından sərt reaksiya

14-09-2012, 13:50
Oxunub: 3 879 AMEA-nın Dilçilik İnstitutuna xəbərdarlıq edildi

AMEA Dilçilik İnstitutunun hazırladığı və yenicə çapdan çıxan Azərbaycan dilinin orfoqrafiya lüğəti Prezident Administrasiyası tərəfindən qadağan edilib. Bolgexeber.com xəbər verir ki, bu günlərdə AMEA-nın dilçilik institutu Azərbaycan dilinin orfoqrafiya lüğətini hazırlayıb və lüğətin siqnal nüsxəsi çıxıb. Lüğətin yenidən nəşr edilməsinin məqsədi isə onu daha da təkmilləşdirmək olub. Lakin institut Orfoqrafiya lüğətinin təkmilləşdirilməsi əvəzinə 2004-cü il nəşrinin təkrarı olaraq dərc edib. Hətta əvvəlki nəşrdə olan yanlışlıqlar da siqnal nüsxədə təkrarlanıb. Bu isə kitabın yeni nəşri ilə tanış olan ziyalıları narazı salıb.

Narazılıqlar haqqında məlumat alan Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev məsələni araşdırıb və Orfoqrafiya lüğətinin yenidən hazırlanmasını tələb edib. Ciddi qüsurlara görə isə AMEA Dilçilik İnstitutunun nəşrə məsul əməkdaşlarına xəbərdarlıq edilib. Bundan sonra Prezident Administrasiyasından Orfoqrafiya lüğətinin 2012-ci il nəşrinin ləğv edilməsi və satışdan yığışdırılması haqqında göstəriş verilib.

Xatırladaq ki, «Azərbaycan Respublikasının Dövlət Dili haqqında» Qanuna əsasən, Orfoqrafiya lüğəti ən geci 5 ildən bir təkmilləşməli və nəşr edilməlidir. Sonuncu Orfoqrafiya lüğəti 2004-cü ildə nəşr olunub. Aradan 8 il keçsə də, Orfoqrafiya lüğətinin təkmilləşmiş nəşri hələ də oxucuların ixtiyarına verilməyib.

Məlumata görə, Prezident Administrasiyasından kəskin reaksiyanın bir səbəbi də budur.

Hazırda AMEA Dilçilik İnstitutunda bununla bağlı gərginlik yaşandığı bildirilir.