BolgeXeber.Com » Müsahibə-Reportaj » Xətaidə qaranlıqda qalan "Cavanşir" - REPORTAJ, FOTOLAR

Xətaidə qaranlıqda qalan "Cavanşir" - REPORTAJ, FOTOLAR

5-01-2017, 17:41
Oxunub: 5 176  Xətaidə qaranlıqda qalan "Cavanşir" - REPORTAJ, FOTOLAR"Qaranlıqda qorxa-qorxa evə gedirik. Göz-gözü görmür. Adamı vahimə basır" - bu sözlər işıqsız, gecələr qaranlığa qərq olan Cavanşir küçəsindən şikayət edən sakinlərin sözlərindən bir hissədir

Məsələ budur ki, Xətai rayonu, Cavanşir küçəsinin sakinləri uzun zamandır ki, problem yaşayırlar. Bu küçə əvvəllər daha bərbad halda olub. Belə ki, buradan avtomobillə gedib-gəlmək sürücülərə çox baha-başa gəlib. Küçədə asfaltın olmaması yayda buranın toz-torpaq olmasına, qışda isə palçıq bataqlığına çevrilməsinə səbəb olurdu.

Daha sonra isə uzun sürən əziyyətlər sona çatdı. Ötən ilin sentyabr ayında “Azəravtoyol” ASC Cavanşri küçəsində təmir işlərinə başlayıb və noyabr ayında küçəni tam təmirli halda təhvil verib.

Cəmiyyətin rəsmi məlumatında küçənin təmirindən sonra bunlar yazılıb: "Sözügedən küçənin uzunluğu 1300 metr, eni isə 12,5 metrdir. Təmir işləri çərçivəsində küçənin köhnə asfalt-beton örtüyü qaşınaraq ərazidən daşınıb, zəruri olan yerlərdə yol əsasında kipləşdirmə işləri aparılıb. Küçə boyu 2500 poqonmetr köhnə səki daşı yenilənib, yeni piyada səkilərinin tikintisi, mövcud olan piyada səkilərinin isə bərpa edilməsi istiqamətində addımlar atılıb. Bundan başqa, yeraltı kommunikasiya xətlərinin yenilənməsi və təmiri də həyata keçirilib.

Daha sonra küçəyə, həmçinin yeni qurulmuş və bərpa olunmuş piyada səkilərinə yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılıb. Ümumilikdə 18 min kvadratmetr sahə asfaltlanıb. Təmir işləri zamanı səth sularının kənarlaşdırılması üçün yağış-kanalizasiya sistemi qurulub, zəruri olan yerlərdə yol nişanları quraşdırılaraq, yolun xətlənməsi işləri görülüb".

Qurum öz işini görüb və təhvil verib. Amma bununla iş bitmir. 1300 metr uzunluğu olan küçədə 1 ədəd belə olsa, işıq dirəyi yoxdur. Küçə qətiyyən işıqlandırılmır. Ərazidə bir neçə ədəd axşam saatlarında işləyən market və kiçik obyektlər olmasa, küçə tamamı ilə qaranlığa qərq olar. Bu küçənin işıqlanmasını da “Azəravtoyol” ASC edəsi deyil ki... Xətai rayon İcra Hakimiyyəti bu məsələni özü həll etməlidir.

Sakinlər mövcud vəziyyətdən şikayət edirlər. Onların sözlərinə görə, gecə saatlarında küçədən keçməyə qorxurlar. Lalə Məmmədova belə xanımlardan biridir: "Kişilər üçün bəlkə də problem olmaz, amma xanımlarımız üçün qaranlıqda yol getmək asan deyil. Zəmanə onsuz da korlanıb. Qaranlıqda getmək indiki dövrdə çox təhlükəlidir. Küçənin böyük hissəsi qaranlıqdır. Avtobusdan düşüb, 50 metr yol gedirəm. Evə çatana qədər qorxudan rəngim ağarır. Sağ tərəfdə ağaclar, qamışlıqlar, dərələr var. Arada küçədən maşın keçməsə, ayağının altını görə bilmirsən. Sağ olsunlar, düzəldiblər, təmir ediblər. Amma işıqlandırma da lazımdır".

Şikayətçi sakinlərdən biri olan Fazil Vəliyev isə bunları dedi: "İşi görüblər, amma həmişəki kimi yarımçıq... Heç birinin ağlına gəlməyib ki, bu gündüzün gecəsi də var. Gecə bu yolla gedən olmayacaq? Camaat axşam evindən çıxıb, marketə gedir. İşdən evə gəlir, gecə növbəsində işləyən işinə gedir. Heç yerdə işıq yoxdur. Piyada keçidi qoyublar, amma zolaqları adi boya ilə rəngləyiblər. Bu boyda küçədə bircə ədəd belə olsa, işıq dirəyi qoyulmayıb".

Məsələ ilə bağlı rəsmi rəy almaq üçün Xətai rayon İcra Hakimiyyəti ilə əlaqə saxlamağa çalışdıq. Amma rəsmi iş günü olsa da, telefon zənglərimizə cavab verən olmadı. Buna rəğmən Xətai rayon İcra Hakimiyyətinin rəsmi e-mail poçtuna sorğu göndərdik. Əgər, sorğumuza cavab verilərsə, mövqelərini dərc etməyə hazırıq.
Musavat.com Xətaidə qaranlıqda qalan "Cavanşir" - REPORTAJ, FOTOLAR
 Xətaidə qaranlıqda qalan "Cavanşir" - REPORTAJ, FOTOLAR
 Xətaidə qaranlıqda qalan "Cavanşir" - REPORTAJ, FOTOLAR
 Xətaidə qaranlıqda qalan "Cavanşir" - REPORTAJ, FOTOLAR
 Xətaidə qaranlıqda qalan "Cavanşir" - REPORTAJ, FOTOLAR