BolgeXeber.Com » Müsahibə-Reportaj » Rəqqasə Aytən: "Gərək əxlaqsız yola düşsünlər?" FOTOLAR

Rəqqasə Aytən: "Gərək əxlaqsız yola düşsünlər?" FOTOLAR

5-01-2017, 17:49
Oxunub: 6 032  Rəqqasə Aytən: "Gərək əxlaqsız yola düşsünlər?" FOTOLAR"Mən mağaza açmamışdan öncə mənə təklif etdilər ki, xına təşkili ilə məşğul olum"

Rəqqasə Aytən ilə sahibi olduğu ayaqqabı mağazasında bir araya gəldik. Musavat.com saytının suallarına cavab verən rəqqasə ilə söhbətə elə ayaqqabı biznesindən başladıq:

- Bir ilə yaxındır ki, butik sahibisiniz. Ölkədə yaşanan devalvasiya, bahalaşma biznesinizə necə təsir edib?

- Əlbəttə, bunlar mənim biznesimə də təsirsiz ötüşməyib. Ayaqqabıları dollarla sifariş edirəm, müqaviləmiz elədir. Gömrüyə də xeyli miqdarda pul ödəyirəm. Amma hələ ki, ayaqqabıların qiymətini qaldırmaq fikrim yoxdur. Bilmirəm, zaman nə göstərəcək.

- Bildiyimə görə ikinci mağazanı da açmaq istəyirsiniz...

- Düzdür, ikinci ayaqqabı mağazasını açmaq istəyirəm. Bilirsiniz ki, burada satılan ayaqqabıların hamısını özüm dizayn etmişəm. Materialları Yunanıstandan gətirilir və Türkiyədə iki fabrikdə tikilir. Qış modelləri gəlib, üzü yaya maraqlı ideyalarım var. Onları hazırladıram. Tez-tez Türkiyəyə gedib gəlirəm. İşimi uğurla davam etdirirəm. Amma sosial şəbəkədə paylaşmıram. Özümü çox reklam etməyi sevmirəm. Bəziləri isə elə bilir ki, paylaşım etmirəmsə, deməli, biznesimdə nə isə yolunda deyil.

- Sosial şəbəkələr hazırda ən yaxşı PR məkanıdır, sənət adamlar reklamlarını burada aparırlar. Siz isə deyirsiniz ki, işlərimin göz önündə olmasını sevmirəm.

- Elə olur ki, ayda 2 dəfə gedib gəlirəm. Amma elə xüsusiyyətim yoxdur ki, hər işi göz önünə gətirim. Bəzən məni qınayırlar ki, dünən məclisdə olmusan, niyə paylaşmamısan və ya Türkiyəyə getmisən niyə məlumat yaymamısan? Belə şeyləri sevmirəm. Sosial şəbəkədə bəzən ayaqqabılarımı reklam edirəm. Amma şişirtməyi sevmirəm.

- Türkiyədə son günlər tez-tez terror hadisələri baş verir. Bu, işinizə mane olmur? Qardaş ölkəyə gedərkən narahatlıq keçirmirsiniz?

- Bəzən ayda 2-3 dəfə gedirəm. Əlbəttə orada baş verənlər məni narahat edir. Gedən zaman ehtiyat edirəm, daha az getməyə çalışıram. Amma bu, mənim işimdir. Gedib gəlməsəm, maraqlanmasam, istədiyim keyfiyyəti ala bilmərəm.

- Müştəriniz olan məşhur xanımlardan kimlər var?

- Əlbəttə, tanınmış müştərilərim var. Onlar arasında müğənni də, məmur xanımı da var. Hər təbəqədən müştərilərim var. Çalışıram ki, müştərilərim daha sanballı qadınlar olsun. 15 ildir ki, şou-biznesdəyəm. Bu sahədən hər insana ayaqqabı satmıram. Bəzən kimsə yazır ki, Aytən, filan ayaqqabını “İnstagram” səhifəndə gördüm, onu mənə göndər. Bilirəm ki, o xanım ayaqqabının pulunu ya 5-6 ay sonra verəcək, ya da hissə-hissə ödəyəcək. Bu da mənə sərf etmir. Biznes elə şeydir ki, gərək işini ehtiyatlı tutasan. Amma hörmətli müştərilərim də var.

- Son zamanlar rəqqasələrin çoxu xına biznesinə qoşulub. Sizin belə bir planınız yoxdur?

- Mən mağaza açmamışdan öncə mənə təklif etdilər ki, xına təşkili ilə məşğul olum. Insanın bir işə həvəsi olmalıdır. Mən mağazama neçə min dollar pul qoymuşam, hələ o pulu çıxartmamışam. Amma marağım var. Sevə-sevə ayaqqabı dizayn edirəm. Xına mərasiminin təşkilinə həvəsim yoxdur. Indi də təşkilatçılar çoxalıb. Həmkarlarımın işini bəyənirəm. Mərasim sahibi məni dəvət edirsə, gedib oynayıb gəlirəm. Amma hansısa həmkarımın məclisinə qoşulmuram. Çünki mənim istədiyim qonorar onlara sərf etmir.

- Ötən ilin son günlərində sənət adamlarının bəziləri açıqladı ki, məclislərə dollarla gedəcəklər...

- Mənim elə bir fikrim yoxdur. Mən qonorarımı manatla alıram. Mən rəqsimə müəyyən qiymət qoymuşam, mərasimə də o qiymətə gedirəm. Həm də mən hər tədbirə də getmirəm. Sabah dollar 2-3 manat olsa, bu mənim qonorarıma təsir etməyəcək. Sabah ayaqqabının qiymətini qaldıra bilərəm. Amma mənim rəqsimin dollara nə aidliyi var? Illərdir ki, eyni qiymətlə çıxış edirəm. Ayda 3-4 məclisə gedirəm. Onlarda çox elit yerlər olur. Mən pula görə hər məclisdə oynaya bilmərəm. Mənim rəqsimə, geyimimə qiymət verən, sırf rəqsimə baxan insanların olduğu məkana gedirəm. Oriental rəqsi sənət olaraq görməyən insanların qarşısında oynamaram.

- Son günlər oriental rəqqasələrin sayı artıb. Onların rəqsini necə dəyərləndirirsiniz?

- Rəqqasələrin sayı artıb. Rəqsi ucuzlaşdırıb, adiləşdiriblər. Hər yerindən duran oynayır. Azərbaycanda nə qədər rəqqasə var, məəttəl qalmışam. Mən butikdə rəqs paltarları da satıram. Nə qədər rəqqasələrimiz olduğunu bura açılandan sonra gördüm.

- Rəqqasəliyə olan axının səbəbi nədir?

- Onlar bu işi sənət olaraq görmür. Sırf pul qazanmaq üçün rəqqasəliyi seçirlər. Onları qınamıram. Pis iş görmürlər, rəqqasəlik edib pul qazanırlar. Gərək əxlaqsız yola düşsünlər? Rəqqasəlik də peşədir. Həkimlik, müəllimlik necə sənətdirsə, rəqqasəlik də sənətdir. Halal zəhmətlə pul qazanmağı dəstəkləyirəm. O qızlara pis də baxmıram.

- Gənc rəqqasələri dəstəklədiyinizi dediniz. Amma müsahibələrinizin birində demişdiniz ki, qızım olsa, oriental rəqqasə olmağa icazə vermərəm.

- Düzdür, qızım olsaydı, onun rəqqasə olmasına icazə verməzdim. Hələ də rəqqasələr birmənalı qarşılanmır. Doğrudur, mən illərdir sənətdəyəm, artıq mənim haqqımda mənfi fikirlər səsləndirilmir. Rəqqasələrə pis gözlə baxılmasının səbəbkarları özləridir. Rəqqasə olanda, açıq-saçıq geyinəndə nə olar ki? Gərək səviyyəni qoruyasan. Gələn müştəri ilə düzgün rəftar etmək lazımdır. Mənim tanıdığım, əxlaqlı rəqqasələr çoxdur.

- Nə zamansa rəqs məktəbi açıb, müəllimə kimi fəaliyyət göstərəcəksiniz?

- Mənim tələbələrim var. “Oriyental” adını marka etmişəm, mənə məxsusdur. Fabrikdən başqa bu adda hər şey aça bilərəm. “Oriental” adında məktəb açmaq istəyirəm. Öz tələbələrimi yetişdirib, efirlərə çıxartmaq, məclislərə aparmaq istəyirəm.

- Bəzən rəqqasələr deyir ki, müəyyən yaşdan sonra sənətdən uzaqlaşacaqlar. Sizin belə bir fikriniz varmı?

- Mənim sənətdən uzaqlaşmaq fikrim yoxdur. Gözəl ideyalarım var. Klip artıq dəbdən düşüb. Həm də artıq xərc kimi görürəm. Vaxtında ən gözəl işləri görüb, kliplər çəkdirmişəm. Boş yerə pul xərcləmək istəmirəm. Gözəl layihə fikirləşirəm. Yenilik gətirmək istəyirəm. Azərbaycanda bir çox klub oriental gecələri təşkil etmək istəyir. Qonorara görə razılığa gələ bilmirik. Mənə istədiyim qonorarı versələr, gedib konsert proqramı ilə çıxış edərəm.
 Rəqqasə Aytən: "Gərək əxlaqsız yola düşsünlər?" FOTOLAR
 Rəqqasə Aytən: "Gərək əxlaqsız yola düşsünlər?" FOTOLAR
 Rəqqasə Aytən: "Gərək əxlaqsız yola düşsünlər?" FOTOLAR
 Rəqqasə Aytən: "Gərək əxlaqsız yola düşsünlər?" FOTOLAR
 Rəqqasə Aytən: "Gərək əxlaqsız yola düşsünlər?" FOTOLAR
 Rəqqasə Aytən: "Gərək əxlaqsız yola düşsünlər?" FOTOLAR
 Rəqqasə Aytən: "Gərək əxlaqsız yola düşsünlər?" FOTOLAR