BolgeXeber.Com » Analitika » Yalançı alimlərin PROQNOZLARI - Barı elmi şouya çevirməyin!

Yalançı alimlərin PROQNOZLARI - Barı elmi şouya çevirməyin!

7-01-2017, 13:42
Oxunub: 4 100 Yalançı alimlərin PROQNOZLARI - Barı elmi şouya çevirməyin!“Son 50 il”, “son 100 il”

Yəqin siz də fikir vermisiniz. Bəzi yalançı alimlərin sayı çoxalıb. “Son 100 ilin ən soyuq qışı gəlir” proqnozları ilə elmi səhnədə şou göstərirlər. Şok hava proqnozları ilə effektiv nəticə hasil edəcəklərinə bizi elə inandırıblar ki, hər qış gələndə “yaman soyuq olacaq” deyib dururuq. Qış da çıxanda donvurmadan ölən olmur.

Elmlər Akademiyasının alimi olanda nə olar. Proqnozu da verəndə elə verin ki, inandırıcı olsun. Biz onsuz da qışın şaxtasına, yayın istisinə tam gücümüzlə hazırıq.

Hiss etmirsiniz ki, dəhşət saçan açıqlamalarınızla bəzilərini “havalarınızın” sehrinə salmısınız?!

AMEA-nın divarları arasından bir balaca uzaqlaşsanız, “son 100 ilin ən soyuq qışı gəlir” proqnozunuzun yalan olduğuna özünüz də şahidlik edə bilərsiniz.

Bayırda əsl yaz havası var.

Nə məsələdirsə, sentyabrın axırı, oktyabrın əvvəllərində havalar soyuyub Bakını sellər şəhərinə çevirən kimi, hardansa yalançı alimlər peyda olur. Bir-birinin ardınca “uşaq başı aldadan” proqnozlarını ictimaiyyətin nəzər-diqqətinə çatdırırlar.

Görünür, elə zəmanəyə gəlib çatmışıq ki, alimlərimiz də ekstrasens olmaq eşqinə düşüb.

2016-ci ilin oktyabr ayında payız bir neçə həftə sərt keçdi. Akademiyanın tanınan-tanımayan alimləri, sanki gündəmdə qalmaq xətrinə öncəgörücülük missiyasını böyük “ustalıqla” üzərlərinə götürdülər.

“Son 50 il”, “son 100 il”, “son əsr”. Bu qədər də SON olar?!

NASA alimlərinin proqnozlarından ilhamlanan bəzi yalançı alimlərimiz özləri də bilmədən soyuq proqnozun barıtını çox eləyiblər. Bayırda az qala gül gülü çağırır, bülbül də bülbülü!

Nəhayət, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) əməkdaşı Məhərrəm Həsənov sağında, solunda oturan “öncəgörücülərin” yalançı proqnozlarından yaxa qurtarmağın yolunu tapdı.

“Öncədən havanın soyuq olacağı proqnozunu vermək doğru deyil. Bir alim kimi builki kəskin soyuqlar olacağını söyləyə bilmərəm. 2 ay əvvəldən belə proqnoz vermək ancaq cəsarət tələb edə bilər. Mənə elə gəlir ki, özünə hörmət edən ciddi alim heç vaxt “bu ilin ən soyuq qışı olacaq” proqnozunu verməz”.

Hal-hazırda yanvar ayını yaşayırıq. Havalar da maşallah olsun, normal keçir. Halbu ki, bəzi “alimlərimiz” ilin ən soyuq qışı olacağından dəm vurmuşdular. Özü də 2 ay qabaq.

Yaxşı olar ki, bu məmləkətə alimliyi alim kimi edin. Dəllal kimi yox.

Siyasi, mədəni səhnədə şou göstərənlər çoxdur . Barı elmi şouya çevirməyin!