BolgeXeber.Com » Gündəm » Fazil Mustafa: “Bu məsələdə ən böyük səhv uşağın atasının müdaxiləsidir”

Fazil Mustafa: “Bu məsələdə ən böyük səhv uşağın atasının müdaxiləsidir”

7-01-2017, 16:43
Oxunub: 2 658 Fazil Mustafa: “Bu məsələdə ən böyük səhv uşağın atasının müdaxiləsidir”“Onun bir ata kimi uşağını istəməsini başa düşürük, amma bu o demək deyil ki, məhkəmə koridorlarında belə problem yaratmalıdır.”

Bir neçə gün əvvəl Qubada yaşayan 10 yaşlı Nuray Bayramzadənin prezident İlham Əliyevə etdiyi müraciət ciddi müzakirələrə səbəb olmuşdu.

Müraciətdə azyaşlı Nuray qeyd edirdi ki, ona bu günə kimi atalıq etməyən “bioloji atası”ndan imtina edir və onu böyüdüb boya-başa çatdıran xalasının yanında qalmaq istəyir. Qızcığaz açıq şəkildə bu günə kimi nə ona nə də xəstə anasına (anası artıq dünyasını dəyişib) baxmayan “bioloji ata”sını qəbul etmədiyini bildirirdi.

Bu gün yayılan videomaterial isə bütün ölkə mətbuatında səs-küyə səbəb oldu. Dəhşət saçan videomaterialda məhkəmə icraçıları 10 yaşlı Nuray Bayramzadəni “bioloji atası”na, “belindən gəldiyi kişiyə” qaytarmaq üçün hansısa hakimin nəyinsə müqabilində verdiyi qanunsuz qərarın icrasına start verib. Bu zaman isə uşağa zor tətbiq edilib, azyaşlını psixoloji təzyiqə məruz qoyub, uşağın gələcək həyatını sual altına alıblar.

Bu məsələyə münasibətini öyrənmək üçün deputat Fazil Mustafa ilə telefon əlaqəsi saxladıq. Fazil Mustafa Bolgexeber.com-a bildirdi ki,hüquqi prizmadan yanaşanda məhkəmənin qərarı düzgündür və prosesin gedişatını nəzərə alsaq, icracıların etdiyi düzgün hərəkətdir. Çünki onlar öz vəzifələrini icra edirlər, əks-təqdirdə töhmət ala bilərlər. Ancaq söhbət azyaşlı bir qız uşağından gedirsə, burda incə nüanslar ortaya çıxır. Əvvəla həmin uşağın psixolji durumu nəzərə alınmalıdır. Prosesə təcrübəli psixoloq cəlb olunmalıdır və ata-övlad arasında yaxınlıq yaratmaq üçün profilaktik danışıqlar aparılmalıdır. Çünki söhbət 10 yaşlı qız uşağından gedir. Bəlkə də yetkinlik yaşına çatandan sonra atası ilə qalmaq istəyəcək, ancaq hazırki durumda müstəqil qərar verə bilmədiyini görə, onun fikrinə hörmətlə yanaşılmalıdır.

Fazil Mustafa həmçinin sözügedən icraçıların cəzalandırılması məsələsinə də münasibət bildirdi.

“Məhkəmə icraçıları həmin incə məqamları nəzərə almalı idilər”

“Təbii ki icracılar öz işlərini görürlər, buna görə onları qınamaq olmaz. Ancaq onlar daha təcrübəli davranıb, həmin incə məqamları nəzərə almalı idilər. Əlbəttə ki məhkəmə uşağı atalıq hüququ olan şəxsə verməyi tələb edir, lakin uşaq bunu istəmirsə, proses bir az yubadılmalıdır. Ona qarşı zor tətbiq etmək qəbuledilməzdir.

Bu məsələdə ən böyük səhv uşağın atasının müdaxiləsidir. Onun bir ata kimi uşağını istəməsini başa düşürük, amma bu o demək deyil ki, məhkəmə koridorlarında belə problem yaratmalıdır. Ayda bir neçə dəfə görüşməklə, söhbət etməklə qızını özünə alışdırması daha məqsədəuyğun hərəkət olardı.”,- deyə Fazil Mustafa bildirdi.

İbrahim Mahmudov
Bolgexeber.com