BolgeXeber.Com » Media » İctimaiyyət Novruzəli Aslanova etiraz edir

İctimaiyyət Novruzəli Aslanova etiraz edir

28-12-2010, 12:15
Oxunub: 6 667
Afiq Mirzəbəyli: “Novruz Aslanov özünün deputat səlahiyyətlərindən sui-istifadə edir”

Anar Gəraylı: “Prezident jurnalistlərin dostudursa, onda gərək millət vəkillərimiz bizi özünə daha yaxın dost hesab etsinlər”


Xəbər verildiyi kimi, TİA.AZ Xəbər Portalının rəhbəri Əlişir Əhəd deputat Novruzəli Aslanov tərəfindən məhkəməyə verilərək, barəsində pul cəzası kəsilib. Bildirək ki, «Daş qayaya rast gəlib» başlıqlı məqalədə gedən fikirləri şərəf və ləyaqətinin təhqiri kimi qəbul edən deputat Masallı Məhkəməsinə müraciət etmişdi. Məhkəmə isə heç bir əsaslandırma aparmadan Əlişir Əhədi 10 min manat cərimə edib. Bununla bağlı ölkənin tanınmış media və siyasət mənsubları TİA.AZ rəhbərini dəstəkləyən açıqlamalarla çıxış ediblər.

Anar Gəraylı (PİA.AZ Portalının redaktoru): Mətbuatın bugünkü vəziyyətində kimliyindən asılı olmayaraq, bu cür məhkəmə iddiaları ilə çıxış edərək, jurnalistləri həyatları boyunca ödəmək iqtidarında olmadıqları məbləğlərdə cəzalandırmaq istəyində olan hər kəsi qınayıram. Düşünürəm ki, ictimai statusundan asılı olmayaraq, hər kəs reallığı nəzərə almalı və buna uyğun da iddialar irəli sürməlidir. Digər tərəfdən, prezident İlham Əliyevin Azərbaycan jurnalistlərinin dostu elan edilməsi fonunda tanınmış millət vəkilinin, üstəlik də çox nüfuzlu bəstəkarımızın hansısa jurnalisti bu qədər böyük məbləğdə cərimələtdirməsi bir şeydən xəbər verir: arda-arda baş verən bu iki məsələdən biri təzadlıdır. Çünki prezident jurnalistlərin dostudursa, onda gərək millət vəkillərimiz bizi özünə daha yaxın dost hesab etsinlər. Yox əgər millət vəkillərimiz bunun belə olmadığını düşünürsə, onda buna deyəcək bir sözüm yoxdur. Ancaq istənilən halda, bu kimi gərəksiz məhkəmə cərimələrinin qarşısındayıq və həmkarlarımıza da sonuna qədər dəstək vermək hazırıq. Mən çox istərdim ki, tərəflər aralarında razılığa gəlsinlər və məhkəmə iddiası barışıqla yekunlaşsın. Biz də bilək ki, heç olmasa millət vəkilləri bizlərin dostudur.

Vüqar Bəyturan (MQP başqanı): Əlişir Əhəd Azərbaycan mətbuatında uzun illərdir ki əziyyət çəkən və söz azadlığının bərqərar olunmasında öz rolu olan qələm shaiblərindən biridir. Biz istər milli, istərsə də demokratik baxımdan, Azərbaycan jurnalistinə qarşı Azərbaycan deputatı və Azərbaycan məhkəməsinin daha ədalətli və daha yumşaq münasibətini gözləyirik. Həmçinin, iddiaçı tərəfi öz tələbini geri götürməyə çağırırıq. Eyni zamanda, onu da əlvaə etmək istəyirəm ki, 20 min manatı bir ildə qazana bilməyən bir jurnalistin hansısa əsassız bir məhkəmə qərarına görə o məbləği ödəməli olması çox gülüncdür.

Rüfət Əhmədzadə (Müstəqil jurnalist): Novruzəli Aslanov bir deputat kimi, daha səbrli və daha dözümlü xarakter nümayiş etdirməlidir ictimaiyyətə. Onun bu gün bir jurnalistə qarşı tutduğu radikal mövqe, bütün, mətbuat xadimləri arasında ona qarşı mənfi münasibət yarada bilər və bu heç də yaxşı nəticələnməz. Mən o yazını oxudum və heç bir qərəzli və ya təhqiramiz ifadə görmədim.Öz şərəf və ləyaqətini jurnalistdən pul qoparmaq üçün bəhanəyə çevirən bir adama, mətbuatın münasibəti bundan sonra necə olmalıdır? Əlbəttə ki, "görmürəm, eşitmirəm və ciddi fiqur saymıram" formasında.

Afiq Mirzəbəyli («Reytinq» qəzetinin baş redaktoru): Ümumiyyətlə, jurnalisti məhkəməyə verməyi düzgün hal hesab etmirəm və burda məhkəmlik əsas da görmürəm. Və düşünürəm ki, cərimə olaraq kəsilən məbləğ də ədalətsizdir. 20 min manat dəyərində cərimə ödəmək jurnalist imkanlarına sığmır və məsələnin məğzi nə olur olsun, hakim Əlişir Əhədin fəaliyyət və gəlirlərini nəzərə alandan sonra müvafiq qərar qəbul etməliydi. Çox güman ki, N. Aslanov özünün deputat səlahiyyətlərindən sui-istifadə edir. Amma, istənilən halda, bu, onun özü üçün çox zərərli və yanlış bir addım kimi dəyərləndirilməlidir.

Zaur Əhməd (Müstəqil İnformasiya Agentliyinin rəhbəri): Mətbuata, azad söz və azad fikir daşıyıcıları olan qələm sahiblərinə qarşı bu cür basqıları mənfi qiymətləndiririk. Fikrimcə, istər Novruzəli Aslanov, istərsə də hakim tərəfindən atılan addım qeyri-obyektiv olub və kəsilən cərimə də bir jurnalist üçün çox fantastik görünə bilər. Yaxşı olardı ki, bir deputat kimi, Novruzəli Aslanov mətbuatın antipatiyasını deyil, məhz rəğbətini qazanmağa çalışsaydı daha yaxşı olardı. Bu cür barışmaz mövqe tutmaq isə, heç də siyasi divident gətirən addım deyil.