BolgeXeber.Com » Siyasət » Hacı Məmmədov öldürüləcəyini bildirib

Hacı Məmmədov öldürüləcəyini bildirib

17-09-2012, 15:25
Oxunub: 3 717 Ömürlük həbsdə olan keçmiş polis polkovnikinin səhhətində ciddi problemlər yaranıb

2005-ci ilin martında Milli Təhlükəsizlik Nazirliyinin həyata keçirdiyi “Qara kəmər” əməliyyatı zamanı həbs olunan polis polkovniki Hacı Məmmədovun səhhəti normal deyil. Bu barədə İşgəncələr Əleyhinə Komitənin sədri Elçin Behbudov deyib. Onun sözlərinə görə, H.Məmmədov şəkər xəstəsidir, qan təzyiqi ilə yaşayır, mədəaltı vəzisində problemlər var. “Amma o özünü təbii yolla müalicə edir. Hacı Məmmədov əvvəlki kimi heç kimlə görüşmək istəmir”.
Komitə sədrinin sözlərinə görə, sabiq baş əməliyyat müvəkkili Milli Təhlükəsizlik Nazirliyinin təcridxanasında ayrıca kamerada saxlanılır: “O özü MTN-nin təcridxanasında qalmaq üçün milli təhlükəszilik nazirinə məktubla müraciət edib. Hacı Məmmədovdan bizim komitəyə daxil olan məktubda da bildirib ki, onu Qobustan qapalı həbsxanasına köçürsələr, orada öldürəcəklər. Ona görə də öz istəyi ilə MTN-nin təcridxanasında qalır”.
Hacı Məmmədovun cinayət işinə yenidən baxılması məsələsinə münasibət bildirən Elçin Behbudov bildirib ki, məhkumun bunun üçün müraciət etməyə haqqı yoxdur. Çünki onun bütün əməlləri tam sübuta yetirilib və qanunla ömürlük həbs cəzası verilib.
Komitə sədri onu da bildirib ki, sabiq baş əməliyyat müvəkkili Hacı Məmmədov İstintaq Təcridxanasının təlimatına uyğun olaraq müəyyən edilmiş bütün hüquqlarından istifadə edə bilir.
Xatırladaq ki, keçmiş polis polkovniki Hacı Məmmədov adam oğurluqları və qətllərdə təqsirləndirilib. O, 2005-ci ilin martında Milli Təhlükəsizlik Nazirliyinin həyata keçirdiyi “Qara kəmər” əməliyyatı zamanı həbs olunub.