BolgeXeber.Com » Xəbərlər »  Gül mağazalarında qərənfilin qiymətini 1 manata qaldırdılar

 Gül mağazalarında qərənfilin qiymətini 1 manata qaldırdılar

19-01-2017, 14:26
Oxunub: 1 783  Gül mağazalarında qərənfilin qiymətini 1 manata qaldırdılar20 Yanvarla bağlı qərənfilə tələbatın artması gülsatanların işinə yaradı

Bu gün Bakının bir çox gül mağazalarında qərənfil qıtlığı olub.

Musavat.com-un məlumatına görə, orta məktəblərdə 20 Yanvar – Şəhidlər Gününün ildönümü ilə əlaqədar keçirilən tədbirlərlə bağlı hər şagirdə 1-2 ədəd qərənfilin gətirilməsi tapşırılıb. Bunlar daha çox məktəblərdə keçirilən tədbirlər üçün nəzərdə tutulub.

Amma son iki gündə valideynlər bu məsələdə əziyyət çəkiblər. Şəhərin bir çox gül mağazalarında qərənfil tapmaq müşkülə çevrilib. Belə ki, bəzi valideynlər bir gün öncədən qərənfil saxlatdırıb, bəziləri isə uşağı sinifdə seçilməsin deyə şəhərin gül mağazalarını dolaşıb.

Bu arada diqqəti çəkən məqam isə bir neçə gün öncəyə qədər 40-50 qəpik olan qərənfillərin dünəndən etibarən 80 qəpik-1 AZN civarında satılması olub. Mağaza işçiləri bildiriblər ki, onların qiymət artımında heç bir iştirakı yoxdur və səbəb qazın qiymətlərinin artmasıdır.

Halbuki bu artım ötən həftə baş verməyib. Sadəcə, tələbat böyük olduğu və valideynlər qiyməti neçə olursa-olsun, qərənfili alacaqları üçün qiymət məqsədli şəkildə bu həddə çatdırılıb.