BolgeXeber.Com » Ölkə » “Çudo peçka”nın sahibi üçüncü dəfə dəyişdi - Maaş problemi isə hələ də qalır

“Çudo peçka”nın sahibi üçüncü dəfə dəyişdi - Maaş problemi isə hələ də qalır

25-01-2017, 10:05
Oxunub: 2 436 “Çudo peçka”nın sahibi üçüncü dəfə dəyişdi - Maaş problemi isə hələ də qalırUzun müddətdir ki, maaş qalmaqalı yaşanan “Çudo peçka” kafe-mağazalar şəbəkəsində üçüncü dəfə “əl dəyişib”

Musavat.com-a daxil olan məlumata görə, yeni rəhbərlik tərəfindən işçilərə bildirilib ki, onların maaş problemi də yaxın zamanlarda həll olunacaq.

Əldə etdiyimiz məlumata görə, hazırda mağazalar şəbəkəsinin işçilərinə günaşırı 8 manat məbləğində maaş verilir. Yəni işçilər bir günlük iş üçün (8-12 saat) 4 manat əmək haqqı alırlar.

İşçilərlə söhbət zaman öyrəndik ki, onların ötən ildən qalan maaşları hələ də verilməyib. Lakin yeni rəhbərlik tərəfindən bildirilib ki, fevral ayından etibarən maaş problemləri aradan qaldırılacaq.

“Çudo peçka”nın paytaxt ərazisində yerləşən mağazalarında olduğumuz zaman müşahidə etdik ki, işçilərin də sayı nəzərəçarpacaq dərəcədə azdır. Öyrəndik ki, kafe-mağazalarda əvvəllər beş işçinin gördüyü iş hazırda bir işçiyə tapşırılıb. Qiymətlərdə hər hansı bir artım olmasa da, məhsulun çeşidlərində azalma var.

Xatırladaq ki, ötən ilin sonlarında Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi mağazalar şəbəkəsinin baş ofisində əməliyyat keçirib və icraçı direktor Azad Abdullayev saxlanılıb. Bundan əlavə, şəbəkənin metronun “Sahil” stansiyası yaxınlığında yerləşən mağazası da bağlanmış, işçiləri isə maaşlarının verilməməsi şikayəti ilə polisə müraciət etmişdilər.

İddia olunurdu ki, mağazalar şəbəkəsinin Vergilər Nazirliyinə 15 min manat borcu var. Vergilər Nazirliyindən ötən həftə yayılan məlumatda isə bildirilib ki, mağazalar şəbəkəsinin borcu silinib. Belə ki, məlumatda tam olaraq qeyd olunub ki, Vergilər Nazirliyi “Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında” Qanunun 1-ci, 2.1-ci və 3-cü maddələrinə əsasən faiz və maliyyə sanksiyaları üzrə 01.01.2017-ci il tarixə mövcud olan borcları qeyd-şərtsiz silinmiş hüquqi şəxslərin adlı siyahısını açıqlayıb. Həmin siyahıda “Çudo peçka” MMC-nin də adı yer alıb. Məlumata görə, MMC-nin 815 manat borcu silinib.

Onu da qeyd edək ki, ötən ilin ilk aylarında “Çudo peçka” mağazalar şəbəkəsi məhkəmə qərarı ilə sabiq iqtisadi inkişaf naziri Heydər Babayevdən alınaraq, şirkətin qurucusu, iş adamı Çingiz Cəlilova qaytarılmışdı (Şirkətin rəhbəri Çingiz Cəlilovun oğlu Anar Cəlilovdur).
Belə ki, “Çudo peçka” mağazalar şəbəkəsi 2000-ci ildə Çingiz Cəlilov tərəfindən yaradılıb. Ç. Cəlilov şəbəkəni qurmaq üçün “Bank Standart”dan götürdüyü 2.5 milyon dollar krediti qaytara bilmədiyinə görə kafe-mağazalarda tez-tez yoxlamalar aparılıb, cərimələr tətbiq edilib.

Yekun olaraq Ç.Cəlilov kredit borcunu qaytara bilməyib və MMC-yə daxil olan şəbəkələr “Bank Standart”ın girovluğunda qalıb. Bankın səhmlərinin böyük bir hissəsinin isə sabiq iqtisadi inkişaf naziri Heydər Babayevin olduğu bildirilir. Nəticə olaraq, “Çudo peçka” da son illərdə Heydər Babayevin biznes şəbəkəsinə aid edilirdi.

Mağazalar şəbəkəsi sahibinə qaytarılmamışdan öncə də işçilərin maaş problemləri olub. Belə ki, işçilər Heydər Babayevin zamanında da təxminən 4 ay maaşlarını ala bilməyiblər. Bildirilir ki, ölkədəki iqtisadi və şəbəkənin daxilindəki vəziyyət səbəbindən Çingiz Cəlilov da işçilərin maaşlarını verə bilməyib və problem son aylar bu səbəbdən böyüyüb.

Qeyd edək ki, hazırda bu şəbəkənin “İnşaatçılar”, “İçərişəhər”, “28 May”, “Nəriman Nərimanov”, “Qara Qarayev”, “Əhmədli” və “Neftçilər” metro stansiyalarının çıxışlarında da kafe-mağazaları var.