BolgeXeber.Com » Bölgə » “Axı donuruq. Vallah donuruq...” - Lerikin Piran-Veri kəndinin sakinləri

“Axı donuruq. Vallah donuruq...” - Lerikin Piran-Veri kəndinin sakinləri

27-01-2017, 18:17
Oxunub: 4 377 “Axı donuruq. Vallah donuruq...” - Lerikin Piran-Veri kəndinin sakinləri«Oturun maşına, gəlin üzü bu tərəfə... Bu palçıqda Piran-Veri yolunu gəlib kəndimizə çıxa bilsəniz, bir qonaqlıq məndən...»

Qonaqlıq vəd edən Lerikin Veri-Babakücə kəndinin sakini Elimdar Məmmədlidir. O, AzadlıqRadiosuna yol problemindən danışır. Deyir, kənd sosial problemlər içində boğulur. İşıq, qaz, su, ən başlıcası isə, yol yoxdur. Kənd sakinləri uzun illərdir ki, bunların hamısından məhrum şəraitdə yaşayır.

Elimdar Məmmədli: «Kənddə 4 minə yaxın adam yaşayır. Yəni, belə deyək də, 4 minə yaxın həyat sönüb burda... Yayı birtəhər başımızı saxlayırıq, qışda cəhənnəm əzabı çəkirik. Bir az pulu olan evini atıb, gedib rayon mərkəzində özünə şərait, həyat qurub. İmkansızlar ayaq altda tapdalanır».

Burda yaşayanlara nə qazın, nə işığın qiymətinin artması maraqlı gəlir. Çünki demələrinə görə, işıq çox zəifdir, qışda tez-tez sönür. Qaz isə yerli-dibli yoxdur. Kənd sakini Əli Səmədov danışır: «Ana qaz xətti kəndin yaxınlığından keçir. Neçə ildir yalvarırıq ki, o xəttin bir qolunu da kəndə çəkib gətirsinlər. Axı donuruq... Vallah, donuruq... İndiyə kimi deyirdilər, «gözləyin», indi də deyirlər, «daha gözləməyin, pul yoxdur, görmürsüz, ölkədə iqtisadi böhrandır». Elə yolumuz da həmçinin... vur-tut 15 kilometrə yaxın yolu illərdir təmir etmirlər».

Kəndlilər daxili yolların da təmir olunmasını istəyirlər. Yağışlı havalarda, əsasən, məktəbli uşaqlar əziyyət çəkir.

Lerik rayon İcra Hakimiyyətindən bildirilib ki, rayondakı dövlət qurumları kəndlərdəki sosial problemlərin həllinə çalışırlar. Ancaq bu problemləri tez bir zamanda aradan qaldırmaq mümkün deyil: «Kənd çox, problem çox, birini həll edirsən, o biri çıxır ortaya. Hər şeyə görə icra hakimiyyətini divara sıxmaq olmaz. Gərək başqa qurumlar da öz vəzifələrinə düşəni etsinlər. Qaz, işıq, su, yol – bunların həlli üçün aidiyyəti qurumlar var. Bununla belə, başçı mütəmadi tapşırıqlarını verir, nəzarətdə saxlayır».