BolgeXeber.Com » Ölkə » Nazirliyin Aparat rəhbərindən TV-lərə ittiham - "...şou proqramlar ciddi narahatlıq doğurur”

Nazirliyin Aparat rəhbərindən TV-lərə ittiham - "...şou proqramlar ciddi narahatlıq doğurur”

28-01-2017, 12:21
Oxunub: 2 435 Nazirliyin Aparat rəhbərindən TV-lərə ittiham - "...şou proqramlar ciddi narahatlıq doğurur”“Geniş təbliğat imkanlarına malik kütləvi informasiya vasitələrinin, xüsusilə böyük tamaşaçı auditoriyası olan milli televiziya kanallarının üzərinə mühüm məsuliyyət düşür”

“Report” xəbər verir ki, bunu Mədəniyyət və Turizm Nazirliyinin Aparat rəhbəri Rafiq Bayramov “Azərbaycan” qəzetinə göndərdiyi məktubda bildirib.
Onun sözlərinə görə, bu gün televiziya efirində Azərbaycanın mədəni-mənəvi zənginliyinə, müasir inkişafına bir naxış belə əlavə etməyən, əksinə, tamaşaçı kütləsinin, xüsusilə gəncliyin estetik zövqünün aşınmasına zəmin yaradan şou proqramlar ciddi narahatlıq doğurur.
Aparat rəhbəri vurğulayıb ki, Mədəniyyət və Turizm Nazirliyinin media ilə əməkdaşlığı həmişə yüksək səviyyədə olub: “Nazirlik ölkənin mədəni irsini, eləcə də turizm imkanlarını təbliğ etmək üçün medianın iştirakı sahəsində müxtəlif layihələr, infoturlar, digər tədbirlər həyata keçirir. Nazirliyin təsis etdiyi “Mədəniyyət” qəzeti, “Medeniyyet.az” internet jurnalı Azərbaycan dövlətinin mədəniyyət və turizm siyasətinin hərtərəfli işıqlandırılmasında, milli-mənəvi irsimizin təbliği və tanıdılmasında yaxından iştirak edir”.
R.Bayramov qeyd edib ki, nazirliyin tabeliyində fəaliyyət göstərən uşaq incəsənət, musiqi və rəssamlıq məktəblərində uşaq və yeniyetmələrin müasir dünya musiqisinə, çağdaş sənətin yeniliklərinə yiyələnməsinə, onların milli ruhda yetişmələrinə xüsusi önəm verilir: “Məlum olduğu kimi, Heydər Əliyev Fondu, Mədəniyyət və Turizm Nazirliyi və digər qurumların birgə səyləri ilə xalqımıza məxsus bir sıra maddi və qeyri-maddi mədəni irs nümunələrimiz UNESCO-nun müvafiq siyahılarına salınıb. Bu zənginliyin dünyada təbliği ilə yanaşı, bədnam qonşularımız tərəfindən mədəni irsimizin mənimsənilməsi cəhdlərinə qarşı səylərimizi davam etdiririk. Bu işdə də medianın fəal roluna hər zaman ehtiyacımız var. Düşünürük ki, respublikamızda fəaliyyət göstərən özəl televiziya kanalları, qəzetlər, informasiya agentlikləri, elektron media bu kontekstdə müvafiq dövlət qurumları ilə birgə səy göstərməlidir. Yaxşı olardı ki, telekanallarımız milli-mənəvi baxımdan həssaslıq tələb edən məsələlərə dair müxtəlif səpkili layihələr həyata keçirsin. Nazirlik olaraq bu qəbildən təşəbbüs və layihələri hər zaman dəstəkləməyə hazırıq”.
O deyib ki, Mədəniyyət və Turizm Nazirliyi UNESCO-nun qeyri-maddi mədəni irs siyahısında yer alan muğam ifaçılığı, tar, xalça sənəti, kəlağayı sənəti, Lahıc misgərlik sənəti və s. haqqında videomateriallar hazırlayıb və onların telekanallarda daha geniş işıqlandırılması Azərbaycanın mədəni zənginliyinin təbliğ və təşviqinə töhfə olar: “Turizm sahəsində təbliğat hər zaman xüsusi əhəmiyyətə malikdir. Bütün bunların sistemli şəkildə həyata keçirilməsində, ölkəmizə daha çox turistin cəlb olunmasında televiziyanın və mətbuatın rolunu yüksək qiymətləndiririk. Nazirlik olaraq bu istiqamətdə verilişlərin hazırlanmasına da lazımi dəstəyi verməyə hazırıq. “Azərbaycan” qəzetində milli-mənəvi dəyərlərimizin yaşadılması və təbliğinə yönələn, cəmiyyətimizi narahat edən aktual mövzulu yazılarınıza görə sizə minnətdarlığımızı bildiririk. İnanırıq ki, Mədəniyyət və Turizm Nazirliyi ilə səmərəli əməkdaşlıq bundan sonra da davam edəcək”.