BolgeXeber.Com » Media » Azərbaycan Prezidenti İlham Əliyevə “Jurnalistlərin dostu” mükafatı təqdim olundu

Azərbaycan Prezidenti İlham Əliyevə “Jurnalistlərin dostu” mükafatı təqdim olundu

30-12-2010, 17:45
Oxunub: 5 379
Bu gün mənim həyatımda çox əlamətdar bir gündür, mən bu yüksək mükafata layiq görülmüşəm.

Sizi əmin edirəm ki, bundan sonra öz fəaliyyətimdə çalışacağam ki, Azərbaycanda azad, müstəqil mətbuatın inkişafı üçün öz səylərimi davam etdirəm, Azərbaycanda bütün demokratik islahatların aparılmasında daha da fəal olam və belələliklə ölkəmizin hərtərəfli inkişafını təmin edə biləm, Trend-in məlumatına görə, bunu 2010-cu ilin yekunları üzrə "Jurnalistlərin dostu" mükafatına layiq görülən Azərbaycan Prezidenti İlham Əliyev bununla bağlı çərşənbə günü keçirilən təqdimat mərasimində çıxışı zamanı bildirib.

"Azərbaycanda mətbuat və söz azadlığı var. Azad mətbuatın tarixi Azərbaycanda bəlkə də o qədər böyük deyil. Azərbaycanda müstəqil mətbuat Sovet İttifaqının son illərinə təsadüf edir. İlk müstəqil qəzetlər o vaxt yaradılıb. Müstəqillik əldə olunandan sonra azad mətbuatın formalaşması daha sürətlə getmişdir. Ancaq mən hesab edirəm ki, bu sahədə əsaslı dönüş 1998-ci ildə baş verib. Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycanda senzuranın ləğvi azad, müstəqil mətbuatın yaranması və formalaşması üçün həlledici rol oynamışdır. Ondan sonrakı dövrdə 2000-ci ildə Mətbuat və İnformasiya Nazirliyi ləğv edildi, 2003-cü ildə Mətbuat Şurası yaradıldı" Prezident çıxışında bildirib.

Dövlət başçısının sözlərinə görə, bu proseslər onu göstərir ki, Azərbaycan dövlətinin və Azərbaycan iqtidarının niyyəti həmişə birmənalı olub.

"Azərbaycan hüquqi dövlət quruculuğu işində çox böyük nailiyyətlərə çatıb. Biz sözün əsl mənasında azad, müasir, demokratik, hüquqi dövlət qururuq. Azad mətbuatsız hüquqi dövləti təsəvvür etmək mümkün deyil. Məhz buna görə Azərbaycanda söz, vicdan azadlığı, plüarizm meylləri gücləndirilməlidir və Azərbaycan dövləti, iqtidarı əlbəttə ki, bu sahədə işini elə qurmalıdır ki, bu azadlıqlar tam şəkildə Azərbaycanda bərqərar olsun" İlham Əliyev deyib.

Prezidentin sözlərinə görə, son illər ərzində görülən işlər onu göstərir ki, Azərbaycan düzgün yolla addımlayır.

"Azərbaycanda hüquqi dövlət quruculuğu prosesi uğurla gedir. Yüzlərlə mətbuat orqanı fəaliyyət göstərir, yüzə yaxın həftəlik, otuzdan çox gündəlik qəzet nəşr edilir, səkkiz ümumrespublika telekanalı fəaliyyət göstərir. Azərbaycanda internetin yayılması çox sürətlə gedir və əlbəttə ki, bu dövlət siyasəti olmasaydı, proses sürətlə getməzdi. Bu gün Azərbaycanda artıq internet istifadəçilərin sayı 50 faizə yaxınlaşır. Mətbuat Şurasının üzvləri ilə bu ilin yayında görüş əsasında bu məsələyə toxundum və o vaxt qeyd etdim ki, Azərbaycanda 40 faizdən artıq internet istifadəçiləri var. Artıq qısa müddət ərzində internet istifadəçiləri 50 faizə çatıb. İTK-nin inkişafı istiqamətində görülən işlər, nəyinki Azərbaycanda təqdirlə qarşılanır, dünya birliyində də bunu yüksək qiymətləndirirlər. Bu bir daha göstərir ki, bizim niyyətimiz ondan ibarətdir ki, Azərbaycan vətəndaşları informasiya mənbələrinə çatsınlar. Müxtəlif informasiyanı əldə etmək hər bir vətəndaşın təbii hüququdur və Azərbaycan dövləti bu hüquqları təmin etməlidir. Biz müasir, açıq və demokratik dövlət qururuq və əlbəttə ki, belə olan halda ictimai nəzarət daha güclü olmalıdır. İctimai nəzarət azad mətbuatsız mümkün deyil" dövlət başçısı deyib.

İlham Əliyev deyib ki, Azərbaycanın iqtisadi islahatları siyasi islahatlarla tamamlanır.

"Bu istiqamətdə böyük addımlar atılır. Bir daha əminliklə demək istəyirəm ki, demokratikləşmə prosesi getmədən, siyasi islahatlar aparılmadan, biz uzunmüddətli, dayanıqlı iqtisadi inkişafa nail ola bilmərik. Baxmayaraq ki, bizim iqtisadiyyatımız çoxşaxəli iqtisadiyyatdır, zəngin təbii resursları var, Azərbaycan iqtisadi sahədə tam şəkildə özünü təmin edir. Əgər siyasi islahatlar lazımi səviyyədə aparılmasa, bizim uğurlarımız qısa müddətli ola bilər. Biz isə istəyirik ki, Azərbaycanın uzunmüddətli inkişaf strategiyasını elə quraq ki, bundan onilliklər sonra da Azərbaycan güclənsin, Azərbaycan vətəndaşları daha da yaxşı yaşasınlar və Azərbaycan dünyada öz yerini daha da gücləndirə bilsin" Prezident çıxışında vurğulayıb.

Dövlət başçısı söyləyib ki, bunu etmək üçün siyasi islahatların aparılması mütləq vacibdir və Azərbaycan dövləti bunu edir.

"Demokratiyanın inkişafı istiqamətində mətbuat azadlığının xüsusi rolu vardır. Nəzərə alsaq ki, Azərbaycanda azad mətbuatın tarixi o qədər böyük deyil, hesab edirəm ki, qısa müddət ərzində, 20 il ərzində Azərbaycanda güclü, müstəqil mətbuat formalaşıb. Əlbəttə ki, burada ilk növbədə jurnalistlərin fəaliyyətini xüsusilə vurğulamalıyam, onların çətin şəraitdə olan fəaliyyətini, Mətbuat Şurasının fəaliyyətini yüksək qiymətləndirirəm. Mətbuat Şurası jurnalistlərlə dövlət qurumları arasındakı münasibətləri çox yaxşı tənzimləyir və hesab edirəm ki, Azərbaycanda bu sahədə aparılan islahatlar və müsbət istiqamətdə inkişaf edən vəziyyət bunun əyani sübutudur. Hesab edirəm ki, dövlət qurumları ilə mətbuat arasında münasibətlər daha da möhkəm olmalıdır. Öz tərəfimdən çalışacağam ki, biz buna nail olaq" Prezident bildirib.

İlham Əliyev bildirib ki, Azərbaycanda bütün sahələrdə olduğu kimi siyasi islahatların aparılması bizim şüurlu seçimimizdir.

"Biz bu işləri şüurlu şəkildə edirik. Yəni bunu hansısa beynəlxalq təşkilat qarşısında öhdəliyin yerinə yetirilməsi üçün etmirik. Beynəlxalq təşkilatlara da könüllü üzv olmuşuq, yəni heç kim bizi məcbur etməyib. Biz istəyirik ki, Azərbaycanda mövcud olan meyarlar, standartlar dünyanın inkişaf etmiş ölkələrin standartlarından geri qalmasın, Azərbaycanda insanlar yaxşı yaşasınlar, güclü siyasi sistem formalaşsın, Azərbaycan iqtisadi sahədə daha böyük uğurlara nail olsun. Ölkəmizdə sosial proqramlar daha sürətlə aparılsın və Azərbaycan çoxşaxəli şəkildə hərtərəfli inkişaf etsin. Siyasi islahatların aparılması üçün bizdə həm güclü siyasi iradə var, həm də Azərbaycan cəmiyyəti buna hazırdır. Baxmayaraq ki, əsrlər boyu biz başqa ictimai-siyasi qurluşlar çərçivəsində yaşamışıq, Azərbaycanda demək olar ki, demokratik proseslər getmirdi və gedə də bilməzdi, Sovet İttifaqı zamanında və yaxud ondan əvvəlki dövrdə bizim ictimai-siyasi qurluşumuz imkan vermirdi ki, Azərbaycanda demokratik proseslər aparılsın. Ancaq hesab edirəm ki, bu gün müstəqil dövlət kimi biz bu istiqamətdə çox böyük nailiyyətlərə çata bilmişik" dövlət başçısı deyib.

İlham Əliyev bir daha deyib ki, bu, bizim strateji və şüurlu seçimimizdir.

"Müstəqilliyimizi bərpa etdikdən sonra ölkə qarşısında müxtəlif istiqamətlərdə yollar açıq idi. Biz başqa yolla da gedə bilərdik, ancaq ölkəmiz üçün həlledici məqamlarda, xüsusilə 1993-cü ildə Azərbaycan xalqının dəvətilə Ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra ölkəmizin gələcək inkişaf istiqamətləri müəyyən edildi. İlk növbədə konseptual çərçivələrdə Azərbaycan hansı yolla inkişaf etməlidir, hansı seçim etməlidir kimi məsələlər həllini tapmışdır. Əgər bu prinsipial məsələlər həll olunmasaydı, bizim gələcək inkişafımız başqa istiqamətdə də gedə bilərdi. Azərbaycan dövləti 1993-cü ildən başlayaraq dövlət quruculuğu işində öz strateji xəttinə sadiqdir və bu günə qədər bu siyasət davam etdirilir və bu gün Azərbaycan reallıqları bir daha sübut edir ki, bu, ən düzgün seçim idi. Azərbaycanda demokratik dövlətin qurulması, bazar iqtisadiyyatının yaradılması, insan hüquqlarının qorunması, beynəlxalq aləmə inteqrasiya siyasətimiz, enerji resurslarımızdan istifadə olunması və investisiyaların cəlb edilməsi, yəni bu məsələlər bir-biriylə bağlı olan məsələlərdir. Bazar iqtisadiyyatı prinsipləri ancaq azad rəqabət şəraitində öz nəticələrini verə bilər. Azad rəqabət isə ancaq demokratik şəraitdə mümkündür. Biz başqa ölkələrin təcrübəsini bilirik və tarixdən də öyrənmişik, Sovet İttifaqının mövcudluğu və süquta uğraması hamımızın yadındadır. Yəni biz elə etməliyik ki, ölkəmizin uzunmüddətli inkişaf perspektivlərini müəyyən edək və onları təmin edək. Əgər bu gün Azərbaycanın inkişafına nəzər salsaq, bütün istiqamətlərdə müsbətə doğru inkişafı görürük. Azərbaycan iqtisadiyyatı artıq oturuşmuş iqtisadiyyatdır, keçid dövrünü başa vurub, Azərbaycan artıq postsovet ölkə deyil. Biz müstəqil, güclü, müasir, demokratik ölkəyik" İlham Əliyev çıxışında bildirib.

Dövlət başçısı deyib ki, Azərbaycanda bazar iqtisadiyyatı prinsipləri tam şəkildə bərqərar olunub, iqtisadiyyatımızın 85 faizi özəl sektorda formalaşıb.

"Bununla bərabər Azərbaycanda sosial proqramlar icra edilir və siyasətimiz sosial yönümlüdür. Nə bu il, nə keçən il, böhran illərində Azərbaycan vətəndaşları böhranın acı nəticələrini hiss etmədilər. Bunun bir səbəbi var. Bu da ondan ibarətdir ki, Azərbaycanda düşünülmüş siyasət aparılır və biz yaxşı bilirik ki, iqtisadi sahədə hansı addımları atmalıyıq ki, ölkəmizin dayanıqlı inkişafını təmin edək və eyni zamanda sosial müdafiə sahəsində maksimum dərəcədə insanların rifah halını təmin edək. Biz öz hesabımıza yaşayırıq və məhz ona görə böhranın acı fəsadlarını yaşamadıq. Əlbəttə ki, siyasi sahədə aparılan islahatlar, xüsusilə bu il keçirilmiş parlament seçkiləri bir daha həm Azərbaycan vətəndaşlarına, həm də dünya birliyinə Azərbaycanın uğurlu inkişafını açıq şəkildə göstərmişdi" Prezident bildirib.

İlham Əliyev hesab edir ki, bu gün yaranmış gözəl meyllər gələn illərdə davam etdiriləcək.

"Azərbaycanın uğurlu inkişafı artıq reallıqdır. Biz bunu həm gündəlik həyatda, həm də beynəlxalq maliyyə qurumlarının hesabatlarında görürük və ən önəmlisi ondan ibarətdir ki, biz gələcəyi də açıq-aydın görürük. Bəzən bu suallar verilir ki, Azərbaycan on ildən, iyirmi ildən sonra necə olacaq? Əlbəttə, qabağı görmək yüz faiz əminliklə mümkün deyil, amma hər halda biz bilirik ki, hansı yolla və hara gedirik. Mən heç şübhə etmirəm ki, beş ildən, on ildən və sonrakı illərdə Azərbaycan yalnız inkişaf yolu ilə gedəcək. Çünki bu gün ölkəmizdə yaranmış iqtisadi şərait, maddi, maliyyə resurslarımız, ölkəmizdə mövcud olan siyasi və ictimai sabitlik, xalqla iqtidar arasındaki birlik, Azərbaycanda təhlükəsizlik məslələrinin yüksək səviyyədə həll olunması bizə imkan verir və verəcək ki, biz bundan sonrakı illərdə də proqram çərçivəsində öz fəaliyyətimizi quraq və maksimum dərəcədə Azərbaycanı siyasi, regional və iqtisadi risqlərdən qoruyaq və beləliklə ölkəmizin uğurlu, uzunmüddətli inkişaf strategiyasını müəyyən edək" dövlət başçısı çıxışında deyib.

Prezident ölkədə problemlərin də olduğunu bildirdi.

"Ölkədə problemlər də var, biz bu problemləri bilirik, bu problemlərin həlli üçün çalışırıq. Həm iqtisadi, həm sosial-siyasi sahədə, Azərbaycanda siyasi mübarizənin aparılması qaydalarının təkmilləşdirilməsi sahəsində Azərbaycan iqtidarı öz payına düşən vəzifəni icra edir. Hesab edirəm ki, son illərdə bu sahədə də müsbət dəyişiklikləri görürük. Azərbaycanda siyasi mübarizə əksər hallarda mədəni şəkildə aparılır, siyasi sistem formalaşır, siyasi münasibətlər normal müstəvidə öz həllini tapır. Bu, ölkəmizin gələcək inkişafı üçün çox vacib faktorlardır və biz bu müsbət meylləri gücləndirməliyik. Azərbaycanda əlbəttə ki, siyasi mübarizə aparılmalıdır və aparılır, müxtəlif fikirli insanlar, partiyalar, ictimai qurumları mövcuddur və mən bunu müsbət hal kimi qiymətləndirirəm. Ancaq diskusiyalar, müzakirələr, ədalətli tənqid zamanı biz daha da böyük nəticələrə nail ola bilərik. Ona görə hesab edirəm ki, son illərdə bu sahədə müşahidə olunan irəliləyiş təqdirəlayiqdir və deyə bilərəm ki, Azərbaycan dövləti və iqtidarı siyasi mübarizənin sivil, mədəni qaydalarla aparılması üçün bundan sonra da öz üzərinə düşən vəzifəni icra edəcək. Eyni zamanda biz bu mübarizədə ədalətli olmalıyıq və Azərbaycanın ətrafında gedən prosesləri heç zaman unutmamalıyıq. Müstəqillik böyük dəyərimizdir, əsrlər boyu Azərbaycan xalqı müstəqillik arzusu ilə yaşamışdır, bizdən əvvəlki nəsillər bu arzularla yaşamışdılar, ancaq müstəqilliyi görmək onlara nəsib olmamışdır. Biz xoşbəxtik ki, müstəqilliyi görürük, nəyinki görürük, həm də müstəqilliyimizin möhkəmlənməsində fəal iştirak edirik. Bu, tarixi şansdır, Azərbaycan xalqına verilib və biz bu şansı itirməməliyik, əminəm ki, itirməyəcik. Biz müstəqilliyimizi hər gün gücləndiririk. Ona görə də ölkədə gedən müsbət proseslərlə bərabər, hər bir ölkə kimi biz istəyirik ki, hüdudlarımızın kənarında da əmin-amanlıq olsun, sülh, əməkdaşlıq olsun. Qonşularımızla münasibətlərdə bu amilləri əsas götürmüşük. Mehriban qonşuluq münasibətləri qurmaq bizim üçün prioritet məsələdir. Deyə bilərəm ki, biz buna nail ola bilmişik və bu münasibətlər bərabərhüquqlu münasibətlərdir, qarşılıqlı hörmət və bir-birinin işinə qarışmamaq prinsipləri əsasında qurulmuş münasibətlərdir" İlham Əliyev çıxışında deyib.

Prezident vurğulayıb ki, Azərbaycan müstəqil ölkə kimi yaşamasının ilk illərindən informasiya müharibəsi şəraitində yaşayır.

"Ermənistan, erməni lobbisi Azərbaycana qarşı informasiya müharibəsini 80-ci illərin sonlarından başlamışdır. Müstəqilliyimizin ilk illərində biz bu mübarizədə uduzmuşduq, bu da bəlkə də təbiidir, çünki bizim belə xarici resursumuz yox idi və ölkə daxilində gedən xoşagəlməz proseslər, hakimiyyət uğrunda mübarizə, vətəndaş müharibəsi və sair problemlər, iqtisadi tənəzzül imkan vermirdi ki, beynəlxalq aləmdə istədiyimizə nail olaq. Ancaq bu gün tam əminliklə deyə bilərəm ki, Ermənistanla, xüsusilə erməni lobbisi ilə informasiya müharibəsində qalib gəlirik və onların son müddətdə müşahidə olunan çox əsəbi, isterik hərəkətləri onu göstərir ki, biz informasiya müharibəsində böyük uğurlara nail ola bilmişik. Əlbəttə ki, bu sahədə dövlət siyasəti ilə bərabər media qurumlarının fəaliyyətini yüksək qiymətləndirmək istəyirəm. Biz artıq Azərbaycan haqqında reallıqları dünya ictimaiyyətinə çatdıra bilirik. Bizim artıq mövcud olan mətbuat resurslarımız, ondan sonra Azərbaycanın dünyadakı dostlarının sayının artması buna imkan verir. Azərbaycan enerji təhlükəsizliyi üçün, regional təhlükəsizlik üçün çox önəmli ölkədir. Bəzi hallarda bizim fikrimiz, rəyimiz, addımlarımız həlledici xarakter daşıyır və təsadüfi deyil ki, Azərbaycanla dostluq münasibətləri qurmaq istəyənlərin sayı artmaqdadır. Bu da bizim informasiya resurslarımızdır. Son illərdə onlarla səfirliklər açılmışdır, Azərbaycanın dünyada 50-dən yuxarı səfirliyi var, bu da bizim informasiya resurslarımızdır. Diaspora təşkilatlarının formalaşdırılması və Azərbaycan tərəfindən onlara dəstəyin verilməsi, bu da bizim resurslarımızdır. Dünyanın istənilən yerində bizim nümayəndələrimiz istənilən aksiyalar keçirə bilərlər. Biz hücum diplomatiyasını aparırıq və həm intellektual, həm maddi resurslarımız var. Ona görə təsadüfi deyildir ki, son illərdə artıq erməni lobbisi ilə mübarizədə qalib gəlirik. Əlbəttə ki, bu, onları çox narahat edir və vaxt geçdikcə bu mübarizədə biz daha da böyük uğurlara nail olacağıq" Prezident bildirib.


İlham Əliyev bildirib ki, informasiya mübarizəsi indiki şəraitdə prioritet məsələlərdən biridir.
"Biz internet, qloballaşma dövrdə yaşayırıq və bütün müasir imkanlardan maksimum dərəcədə istifadə etməliyik. Onu da qeyd etməliyəm ki, Azərbaycanla bağlı olan bəzi informasiyalar, biz onu yaxşı bilirik, həqiqətə uyğun deyil. Azərbaycana qarşı böhtan, iftira kampaniyası aparılır. Bunun da səbəbi var və burda əlbəttə ki, təkcə erməni lobbisindən söhbət getmir. Ancaq bütövlükdə biz bilirik ki, kim nə üçün, nəyi, hansı məqsədlə və nə vaxt yazır. Əgər ölkəmizin həyatında və ətrafda gedən proseslərə nəzər salsaq, görərik ki, artıq Azərbaycanla bağlı olan mənfi məlumat bölgədə gedən müəyyən vacib hadisələrlə uzlaşır. Bunu biz bilirik və buna qarşı mübarizə aparmalıyıq. Qeyd etməliyəm ki, Azərbaycana qarşı böhtan kampaniyasının aparılmasının da əsas səbəbi ondan ibarətdir ki, bizim ölkəmiz müstəqil siyasət aparır, heç kimin qarşısında baş əymir, heç kimin sözü ilə oturub-durmur, Azərbaycan xalqının maraqlarını hər şeydən üstün tutur. Əlbəttə ki, elə dairələr var ki, bizim belə açıq hərəkətlərimiz onların xoşuna gəlmir, ölkə daxilində əllərində rıçaqların olmaması onları bu çirkin yola getməyə sövq edir. Ancaq buna gərək soyuqqanlı yanaşaq. Bu, müasir, siyasi mübarizənin üsuludur. Emosiyaya qapılmamalıyıq, ancaq öz yolumuzdan da dönməyəcəyik və bütün bu böhtançı qüvvələrə ən yaxşı cavabımız öz strateji xəttimizə sədaqətimzidir. Azərbaycan bu yoldan dönməyəcək, Azərbaycana təzyiq etmək mümkün deyil, bütün təzyiq cəhdləri uğursuzluqla nəticələndi. Nə qədər təzyiq cəhdləri göstərilirsə, o qədər də biz mətin oluruq, dönməz, əyilməz və inadkar oluruq. Azərbaycanın gələcəyi onun xalqının əlindədir. Azərbaycan xalqının iradəsi hər şeydən üstündür və biz hamımız çalışmalıyıq ki, ölkəmizi qoruyaq" Prezident deyib.

İlham Əliyev istisna etmir ki, gələcəkdə Azərbaycana qarşı təzyiqlər daha da güclənsin.

"Çünki ölkəmizin coğrafi vəziyyəti, bölgədə gedən proseslər, Azərbaycanın güclənməsi və qüdrətli, müasir dövlətə çevrilməsi, əlbəttə ki, təzyiqlərin artmasına gətirib çıxara bilər. Öncə qeyd etdiyim kimi dostlarımızın sayı artır. Ancaq bizi istəməyən qüvvələr də var və qeyd etdiyim kimi bunun müxtəlif səbəbləri var. Sadəcə olaraq Azərbaycanın uğurları ilə barışa bilmirlər, gözəlləşən şəhərlərimizi görəndə paxıllıq, qısqanclıq edirlər. Bu gün Bakı dünyanın ən gözəl şəhərlərindən biridir. Hələki mən bu ifadəni işlədirəm. Əminəm ki, vaxt gələcək, biz deyəcik ki, Bakı dünyanın ən gözəl şəhəridir. Həm gözəllik, həm rahatlıq, həm şərait, həm təhlükəsizlik, həm iqlim, həm insanlarımızın xoş niyyətli olması, qonaqpərvərlik, bütün bunlar hər bir şəhəri, hər bir ölkəni fərqləndirən amillərdir və biz çalışırıq ki, ölkəmizdə və şəhərlərimizdə çatışmayan cəhətləri aradan götürək. Vəziyyəti yaxşılaşdıraq, insanların rahatlığı üçün əlavə tədbirlər görək. Bu istiqamətdə mətbuatın rolu əvəzolunmazdır" dövlət başçısı deyib.

Prezident ədalətli tənqidin tərəfdarı olduğunu da bildirdi.

"Ədalətli tənqid hər bir hökumət, iqtidar üçün çox vacibdir. Biz əlbəttə ki, vəziyyətə nəzarət edirik və bilirik ki, ölkədə nələr baş verir. Amma elə sahələr var ki, onlar diqqətdən yayınır və burada mətbuatın rolu həlledici olmalıdır və mən bu rolu qiymətləndirirəm. Ədalətli, lazımlı tənqidə dözümlüyəm. Böhtan, iftira, təhqirlər, bunlar yolverilməzdir. Qeyd etməliyəm ki, son illərdə Azərbaycan cəmiyyətində və mətbuatda bu cəhdlər azalır. Əminəm ki, getdikcə bu, özünü daha da qabarıq şəkildə göstərəcək və Azərbaycanda bütün mübarizə qaydaları mədəni, sivil əsaslar üzərində qurulacaq. Bu gün mən qeyd etməliyəm ki, jurnalistlərin dostu olmaq mənim üçün böyük şərəfdir. Mən sözün düzü bu mükafatı gözləmirdim və sadəcə olaraq çalışırdım ki, öz fəaliyyətimlə ölkəmizin inkişafı üçün bu vacib sahədə öz dəstəyimi verim. Mən bilirəm ki, jurnalistlərin məişət, mənzil problemləri var, jurnalistlər biznesmen deyillər ki, özləri üçün bu şəraiti yarada bilsinlər. Jurnalistlər üçün evlərin tikintisi təşəbbüsünü irəli sürəndə, bunu təmənnasız edirdim. Çünki bilirdim ki, bu, lazımdır. Mən jurnalistlərin işini yüksək qiymətləndirirəm, bu, çox çətin işdir, bu işlərdə bəzən jurnalistlər haqsızlıqlarla, təzyiqlərlə üzləşirlər. Ona görə də jurnalistlərin sosial, məişət problemləri öz həllini tapmalıdır və bu il imzaladığım sərəncam və Prezidentin Ehtiyat Fondundan ayrılmış vəsait sadəcə olaraq birinci addımdır. Bununla biz öz işimizi bitmiş hesab etmirik. Gələcəkdə buna bənzər tamamilə təmənnasız addımlar atılacaq. Mən o vaxt da jurnalistlər ictimaiyyətinə müraciət etdim və öz fikrimi söylədim ki, bu mənzillər bölünəndə medianın bütün istiqamətləri, düşərgələri bəhrələnə bilsinlər. Burada ayrıseçkilik olmamalıdır və ədalət prinsipi əsas olmalıdır. Bir daha demək istəyirəm ki, aldığım mükafatdan asılı olmayaraq, bundan sonra da çalışacağam ki, Azərbaycanda bu sahədə daha da böyük addımlar atılsın. Azərbaycan dövləti öz dəstəyini göstərsin. Azərbaycanda müasir jurnalsitikanın formalaşması işində Azərbaycan dövləti və mən prezident kimi öz səylərimi əsirgəməyəcəm. Sizi əmin etmək istəyirəm ki, gələcəkdə öz fəaliyyətimlə bundan sonra da Azərbaycan xalqına sədaqətlə və ləyaqətlə xidmət edəcəm" Prezident bildirib.