BolgeXeber.Com » Sosial » Hökumət növbəti bahalaşmaya gedəcəkmi...

Hökumət növbəti bahalaşmaya gedəcəkmi...

7-02-2017, 11:24
Oxunub: 2 681 Hökumət növbəti bahalaşmaya gedəcəkmi...Ekspertlər birmənalı olaraq sözügedən qiymət artımlarını arzuolunmaz hesab edirlər

Ötən ilin sonunda Tarif Şurasının qərarı ilə qazın və elektrik enerjisinin qiymətinin artırılması uzun müddət cəmiyyətdə narazılığa və gərginliyə səbəb oldu. Demək olar ki, həm mətbuatın, həm də cəmiyyətin gündəmində bir nömrəli məsələ bahalaşma xəbərləri idi. Lakin artıq bu qərarın üzərindən bir aydan artıq vaxt keçib, əvvəlki bahalaşma ajiaotajı səngiyib. Əvəzində isə qazın və elektrik enerjisinin bahalaşmasından təsirlənən sahələrdə qiymət artımları davam edir.

Elektrik enerjisinin bahalaşması yerli istehsal olan məhsullarda qiymət artımına səbəb olub. Qazın bahalaşması isə istixanalarda yetişdirilən kənd təsərrüfatı məhsullarının iki qat qiymətə satılmasına gətirib çıxarıb. Lakin cəmiyyətdəki səssizlik onu göstərir ki, əhalidə etiraz hissi və kəskin narazılıq yoxdur.

Bəs görəsən, bu durum qiymət artımı üçün növbəsini gözləyən digər sahələrdə də bahalaşmaya səbəb ola bilərmi? Hazırda əhalini ən çox narahat edən gözlənti Tarif Şurası tərəfindən tənzimlənən Aİ 92 markalı benzinin qiymətinin, eləcə də ictimai nəqliyyatda və metroda gediş haqlarının bahalaşmasıdır.

Ekspertlər birmənalı olaraq sözügedən qiymət artımlarını arzuolunmaz hesab edirlər.

İqtisadçı ekspert Vüqar Bayramov “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, Tarif Şurasının necə qərar verəcəyini öncədən müəyyənləşdirmək mümkün olmadığından iqtisadçılar bu haqda proqnoz verməkdə çətinlik çəkirlər: “Benzinin, nəqliyyatın və sairin qiymətində artım olub-olmayacağını demək bir qədər çətindir. Çünki söhbət tənzimlənən xidmətlərin və məhsulların qiymətlərindən gedir. Tənzimlənən qiymətlərlə bağlı isə Tarif Şurası qərar çıxarır. Çox təəssüf ki, son zamanlar Tarif Şurası bu kimi qərarlar qəbul edən zaman demək olar ki, ictimai müzakirə aparılmır. Əksinə, yalnız qərarı qəbul etdikdən sonra bu haqda cəmiyyətə məlumat verilir”.

İstehlak bazarındakı qiymət artımlarına gəlincə, iqtisadçı bunun dolların məzənnəsi ilə bağlı olduğunu qeyd etdi: “2017-ci ildə istehlak bazarında isə qiymət artımları gözlənilir, bu, birbaşa manatın dollara nisbətən məzənnəsinin bahalaşmasında, asılı olacaq. Əvvəlki təcrübələr də göstərir ki, dolların manata nisbətən məzənnəsinin yüksəlməsi nəticə etibarilə qiymətlərin yüksəlməsinə gətirib çıxara bilər. Çünki ölkədə istehlak edilən məhsulların əhəmiyyətli hissəsi xaricdən idxal edilir. Nəticə etibarilə dolların məzənnəsində dəyişiklik baş verən zaman qiymət artımlarına gətirib çıxarır".
Vüqar Bayramov vurğuladı ki, indiki məqamda xüsusilə Aİ 92 markalı benzinin qiymətinin artırılması arzuolunan deyil: “Əgər benzinin qiyməti artarsa, bu, nəticə etibarilə digər istehlak mallarının qiymətinin də artmasına gətirib çıxara bilər. Aİ 92 markalı benzinin qiymətinin artması nəqliyyatın qiymətinin artmasına səbəb ola bilər. Çünki ictimai nəqliyyat Aİ 92 markalı benzin və dizellə işləyir. Bu zaman aqrar məhsulların da qiyməti arta bilər. Kənd təsərrüfatının işi yanacaqdan asılı olduğu üçün benzinin bahalaşması aqrar məhsulların da qiymətinin artmasına səbəb ola bilər. Tarif Şurası tənzimlənən qiymətlərlə bağlı qərar qəbul etmək hüququna malikdir. Belə artımlar zamanı ictimai müzakirələr aparılmadığından hansı xidmət və məhsulların bahalaşmasını öncədən müəyyən etmək çətindir. Amma sözsüz ki, indiki məqamda Aİ 92 markalı benzinin qiymətinin artırılması arzu olunmur”.