BolgeXeber.Com » Ölkə » Hadı Rəcəbli deyir ki, bütün kənd ona görə ayağa qalxıb... - Reaksiya

Hadı Rəcəbli deyir ki, bütün kənd ona görə ayağa qalxıb... - Reaksiya

13-02-2017, 12:37
Oxunub: 3 306 Hadı Rəcəbli deyir ki, bütün kənd ona görə ayağa qalxıb... - ReaksiyaT.Əliyeva onu da qeyd edib ki, hazırda çox acınacaqlı halda olan məktəbdə nə vaxtsa deputat Hadı Rəcəbli də təhsil alıb


AzadlıqRadiosu həftəsonu Lənkəranın Veravul kəndindəki 2 saylı orta məktəbdən reportaj hazırlayıb

Məlum olub ki, Əfqanıstanda hərbi xidmət borcunu yerinə yetirərkən həlak olmuş məzununun - Canəli Əzimovun adını daşıyan məktəb uzun müddətdir ki, çox acınacaqlı və qəzalı vəziyyətdədir. Kənd sakini Tamara Əliyevanın sözlərinə görə, hər səhər evdən yola saldığı azyaşlı övladlarından nigaran qalır: “Məktəb elə vəziyyətdədir, deyərsən, indi dağılar, bu saat dağılar... ”

T.Əliyeva onu da qeyd edib ki, hazırda çox acınacaqlı halda olan məktəbdə nə vaxtsa deputat Hadı Rəcəbli də təhsil alıb: “Ona da məktub yazmışıq. Fövqəladə Hallar Nazirliyi məktəbin qəzalı olması barədə rəy verib. Ancaq hökumət hələ də tədbir görməyib”. Veravul doğumlu Əzizə Salmanova isə məktəbdə siçovulların qaçışdığını, uşaqlar üçün xəstəlik mənbəyi olduğunu deyib:

“Özüm Bakıda yaşayıram. Bacımın uşaqları o məktəbdə ibtidai sinifdə oxuyur. Kənddə olanda uşaqları məktəbdən götürməyə getdim. Gözlərimə inanmadım. Maraqlandım, dedilər, bu binanı tikəndə ferma üçün nəzərdə tutublar. Sonradan nə fikirləşiblərsə, məktəb ediblər. Elə quruluşu da fermaya bənzəyir. Sınıq-salxaq partalar, çürümüş döşəmələr... Örtüyü bir küləyə bənddir ki, uçsun. Sinif otaqları buz kimi... Dəhlizlərdə siçovullar qaçışır. Məktəb deyil, xəstəlik mənbəyidir. Uşaqlar da xəstəliklərə yoluxmağa həssasdılar".

Reportajda həmçinin bildirilir ki, ötən əsrin ortalarında tikilən və ömrünü çoxdan başa vuran məktəb binasında 400-ə yaxın şagird təhsil alır. Vəziyyətdən müəllimlər də narazıdır. Onlar da yeni məktəb binası üçün dəfələrlə müxtəlif qurumlara müraciət ediblər. Kənddə 1 saylı orta məktəb də var. Yeni tikilib və təxminən 150 şagird oxuyur. Şagird tutumu az olduğundan, heç kəs övladını aparıb o məktəbə düzəldə bilmir. Kənd sakinləri bildiriblər ki, onlara məktəb binasının 2013-cü ildə tikiləcəyini vəd ediblər. Hətta məktəbin yaxınlığında yeni məktəb binasının təməli də qazılıb. Lakin sonradan onlara məlum olmayan səbəblərdən işlər yarımçıq qalıb.

Qeyd edək ki, deputat Hadı Rəcəblinin oxuduğu məktəbdən hazırlanan bu reportaj geniş müzakirələrə səbəb olub.

Bundan əvvəl verdiyi qalmaqallı açıqlamalara görə tənqid obyektinə çevrilən deputat bu dəfə doğulub boya-başa çatdığı kəndinə, oxuduğu məktəbə göstərdiyi biganəliyə görə qınanıb. Suallar doğurub ki, villaları, biznes şəbəkəsi olduğu deyilən deputat niyə öz doğma məktəbini təmir etmək istəmir?

Məsələyə aydınlıq gətirmək üçün deputat Hadı Rəcəbli ilə əlaqə saxladıq. Deputat həmin məktəbdə oxumadığını deyib od püskürdü: “Tamamilə yalandır! Bu, növbəti yalandır! Mən o məktəbdə oxumamışam! Mən 1 saylı məktəbdə oxumuşam, o da mənim imkanımla sökülüb təzədən tikilib. Kənddə bir məktəb olar da... 1 saylı 300 nəfərlik məktəb mənim təşəbbüsüm ilə tikilib və hazırda məktəbdə 60 yer boşdur. Reportajda göstərilən həmin köhnə binalar ilə təzə məktəbin arasında 1 km məsafə var. Mənim adım niyə arada hallandırılsın axı?! Bəsdirin, yorulmuşam artıq! Orda adı çəkilən adamların adı da yalandır. İndi kənd camaatı qalxıb ayağa, narahat olub ki, Hadı müəllim haqqında belə yalan demək olmaz, Hadı müəllim məktəb tikib".

Deputat kənddə 2 saylı məktəbin olduğunu da təsdiqləyib: "Elə bir məktəb var, amma mən o məktəbdə oxumamışam axı. Yalan danışırlar, onlar mənə müraciət etməyib axı, mən özüm o işlə məşğulam. Bu ilin aprelində orda təmir başlayacaq. 5 ildir ki, o məktəbin məsələsini qaldırmışam. İndi mən necə deyim ki, ikinci məktəb tikdirək? Lənkəranda ayrı-ayrı kəndlərdə 15 məktəb tikdirmişəm. Bir kənddə 2 məktəb tikərlər bəyəm, adam nə deyərlər?".

Deputat barəsində yayılan digər məlumatların da yalan olduğunu deyib: “Ətrafımda gedən bütün söhbətlər kökündən yalandır, ifratdır! Gedib başqasının evinə girib deyirlər ki, Hadı Rəcəblinin evidir. Gördüyüm işləri isə yazmırlar. Mən neçə ilin siyasətçiyəm. Adamın bir Allahı, insafı olar”. \\musavat.com\\