BolgeXeber.Com » Siyasət » Fazil Mustafa sükutu pozdu – “10-unu yerə sərmişəm…”

Fazil Mustafa sükutu pozdu – “10-unu yerə sərmişəm…”

14-02-2017, 10:37
Oxunub: 2 658 Fazil Mustafa sükutu pozdu – “10-unu yerə sərmişəm…”Deputatla VİP sədrinin müavini arasındakı qalmaqal yenidən başladı; partiya sədrindən ağır ittihamlar gəldi

VİP sədrinin müavini, jurnalist Cavid Cabbarlı ilə Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafa arasında ötən ay başlayan qalmaqal bir müddət səngisə də, yenidən start götürüb. Buna səbəb də C.Cabbarlının deputatın illər öncə hakimiyyətin ünvanına səsləndirdiyi fikirləri öz facebook səhifəsində paylaşmağa davam etməsidir.
Maraqlıdır ki, F.Mustafa artıq qalmaqalı davam etdirməkdə maraqlı görünməsə də, rəqibləri ondan əl çəkmir. C.Cabbarlı demək olar ki, hər gün onun illər öncə ölkə iqtidarı ilə bağlı dediklərini sosial şəbəkələrdə paylaşır.
F.Mustafa “Yeni Müsavat”a daim hədəfdə olması ilə bağlı bunları dedi: “Bu məsələyə kəşfiyyat kontekstində baxmaq lazımdır. Onlar İran kəşfiyyatının Azərbaycandakı uzantılarıdır. Onlara tapşırıq verilir. Əgər tapşırıqları icra etməsələr, çörəkləri kəsiləcək. Onları ifşa etmişəm. Yazdıqları kitablar məlum, o kitabların maliyyəsi haradan gəlib, o da məlumdur. Araşdırsanız, görəcəksiniz ki, onlar ölkəmizin maraqlarına qarşı çıxış edən qüvvələrdir. Azərbaycanın hüquq-mühafizə orqanları bu məsələdə çox ləng davranırlar. Sanki bəzi məsələlərlə bağlı hər kəs başqa istiqamətə yönəlib. Nəticədə ölkənin təhlükəsizliyi ilə bağlı laqeydliyi müşahidə edirsən.
Bu şəxslərə birmənalı şəkildə kurs verilib ki, Azərbaycanda kimi hədəf götürməlisiniz. Ayrı-ayrı şəxslərlə mübahisə edib, hansısa məsələni çözməyə çalışmıram. Sadəcə olaraq, ölkəmizə qarşı yönələn ayrı-ayrı dövlətlərin siyasətinə qarşı çıxıram. Burada heç bir tərəddüdüm yoxdur. Sona qədər davam etdirəcəm. Onlar da müxtəlif yollarla mənə mane olmağa çalışırlar. Bizim yazılarımızı, çıxışlarımızı verirlər. Biz indiyə qədər hansısa bir yazımızdan, çıxışımızdan imtina etməmişik. Bu bizim tariximizdir. Birmənalı şəkildə deyirəm ki, öz düşüncələrimi, fikirlərimi o dövrün əhval-ruhiyyəsində ifadə edirdim. Amma bu gün düşmənçilik motivi ilə hakimiyyətə yanaşmıram. Daha çox tənqidi rakursdan məsələlərə mövqe ortaya qoyuram. Siz diqqət edirsinizsə, həmin dövrdə də bu qorxaqların xüsusi bir fikri mənim qədər ifadə etməyə cəsarətləri olmayıb. Bu gün də edə bilmirlər. Təbiətcə qorxaq olduqlarına görə başqa çıxış yolları da yoxdur. Sizlər də müxalifətdə olmusunuz, guya hakimiyyətə qarşı mübarizə aparmısınız. Dediklərinizi ortaya qoyun görək, nə demisiniz. Bunların etdikləri səmərəsiz bir addımlardır. Hesab edirəm ki, tapşırıqları yerinə yetirmək üçün müəyyən işlər görürlər. Aldıqları vəsaitlər hesabına dolanırlar. Gün gələcək anlayacaqlar ki, Azərbaycan dövlətinin əleyhinə başqa dövlətin tapşırıqlarını icra etməyin sonu heç də yaxşı deyil. Açığı, vaxtım da yoxdur ki, bu şəxslərin hər birinə ayrıca vaxt ayırım. Fikir verin, görəcəksiniz ki, bir yazımla bunların 10-nunu yerə sərmişəm, ifşa etmişəm. Sadəcə, ona görə ayaq üstə dururlar ki, arxalarında xarici ölkələrin kəşfiyyat qurumları durur. Onların tapşırıqlarına görə mütləq bunu davam etdirməlidirlər. Etdirib heç nə edə bilməyəcəklər. Siz Azərbaycan prezidentini təhqir edən bir şəxs barəsində kitab buraxırsınız. Birbaşa xaricdən yönləndirilən, radikal dini düşüncəni, qarşıdurmanı təbliğ edən bir şəxs barəsində kitab ortaya qoyublar. Bütün bunların hamısı həm də əlaqələri göstərir. Belə şəxsləri bütün qurumlarda yerləşdiriblər. Bəlkə də hüquq- mühafizə orqanlarının içərisində də belə şəxslər yerləşdiriblər. Bu məsələlərə artıq dövlət qurumları münasibət bildirməlidirlər”.
F.Mustafa onu da qeyd etdi ki, onun əleyhinə fəaliyyət göstərən şəxslər əslində onu təbliğ edirlər: “Bunların əksəriyyəti normal insan kimi qəbul olunmurlar. Bir adam deyir ki, Quranın elmini, fəlsəfəsini, sosiologiyasını yazıram, artıq burada əqli problemdən söhbət gedir. Buna bir münasibət bildirməyin mənası da yoxdur. Bir adam deyirsə ki, hansısa ölkənin agenti olan bir şəxs Azərbaycanda zülmə qarşı mübarizə aparır, bu artıq xəstəlik əlamətidir. Bu şəxslərin əksəriyyətinin məntiqi, dünyagörüşü sağlam deyil. Onlarla hər hansı bir müzakirə açmaq da mümkün deyil. Bu baxımdan, onlara fikirlərimi yayan, təbliğatımla məşğul olan insanlar kimi baxıram. Bunlar pulsuz xeyrimə işləyən adamlardır. Ona görə də hansısa narahatçılıq hiss etmirəm”.