BolgeXeber.Com » Ölkə » Bu gün Yalançı çərşənbədir

Bu gün Yalançı çərşənbədir

14-02-2017, 17:15
Oxunub: 2 399 Bu gün Yalançı çərşənbədirNovruz bayramının təmtərağı bir neçə günlə məhdudlaşmır

Qədimdə əkinçilər böyük çilləni yola saldıqdan sonra yerdə qalan bir ay iyirmi günü, yəni yeddi həftənin hər çərşənbəsini bayram edirdi. İllər keçdikcə çərşənbələrin sayı azalıb, bəziləri yaddan çıxıb.

Lakin bu gün hələ də doğruçu çərşənbə hesab olunan 4 çərşənbədən əvvəl ölkəmizin bir sıra regionlarında Yalançı çərşənbə də qeyd olunur.

Doğruçu çərşənbələrdən fərqli olaraq, Yalançı çərşənbəyə xüsusi hazırlıq görülmür.

Yalançı çərşənbələrin gəlişi cəmiyyətdə öz içindən enerji, güc toplamaq ovqatı, daxilən qarşıdakı çarpışmalara özündə qüvvə, inam tapmağa hazırlıq əhvalı formalaşdırır. Yalançı çərşənbədə alatoran vaxtı həyətlərdə od-ocağı gur olmayan tonqallar yandırırlar. Bu zaman adamlar səssiz-küysüz bir şəkildə öz qapılarında azacıq saman, küləş yandırırlar. Bundan başqa, dörd ilaxır çərşənbələrdə (doğruçu çərşənbələrdə) olduğu kimi, evlərdə xüsusi olaraq biş-düş də hazırlanmır, yəni ayrıca bayram qazanı asılmaz, bayram yeməyi də bişirilməz. Bu da bir daha Yalançı çərşənbənin aldadıcı alovu kimi evdə, məişətdə də xüsusi bir əks-səda vermədiyini - bununla da Yalançı çərşənbənin adına uyğun tərzdə yalançı bir görüntü olduğunu göstərir.

Bundan əlavə, Yalançı çərşənbədə doğruçu çərşənbələrdə olduğu kimi, səhər yerindən durub su üstünə gedilməz, digər bu kimi ayinlər də icra edilməz. Bütün bu və bu kimi fərqlər bir daha Yalançı çərşənbə mərasiminin adından ifadə olunan mənanı özündə daşıdığını göstərir.

publika.az