BolgeXeber.Com » Siyasət » Gülər Əhmədovanın “atdığı” adamlar hərəkətə keçdi

Gülər Əhmədovanın “atdığı” adamlar hərəkətə keçdi

29-09-2012, 10:20
Oxunub: 4 294 Onun əməllərindən ziyan çəkənlər arasında bir neçə deputat həmkarı da var

Milli Məclisin deputatı Gülər Əhmədovanın rüşvət olayı artıq 1 həftədir ki, ölkə gündəmindən düşmür. Dünən bu istiqamətdə hadisələr öz pik həddinə çatıb. Belə ki, siyasi şurasının üzvü olduğu YAP Gülər Əhmədovadan, öz növbəsində isə Gülər Əhmədova mandatından imtina edib.
Milli Məclis onun mandatından imtinası ilə bağlı məsələni MSK-ya tövsiyyə edib və bu məsələyə yaxın günlərdə baxılaraq Gülər Əhmədovanın deputatlığına xitam veriləcək.
Bundan sonra Gülər Əhmədovanın Baş Prokurorluğun açdığı cinayət üzrə istintaqa cəlb olunacağı gözlənilir. Göründüyü kimi artıq Gülər Əhmədovanın siyasi ömrü başa çatıb və hətta onun həbs olunacağı barədə də ehtimallar səsləndirilir.
“Qafqazinfo”ya daxil olan məlumata görə, Gülər Əhmədovanın düşdüyü bu situasiya, onunla müxtəlif sövdələşmələr həyata keçirən və bir çox hallarda uduzmuş vəziyyətdə qalan insanları hərəkətə keçirib. Onlar uzun illərdir ki, Gülər Əhmədovaya birbaşa və dolayı yolla verdikləri pulu almaq üçün fəaliyyətə başlayıblar.
Qeyd etdiyimiz kimi bununla bağlı redaksiyamıza bir çox məlumatlar daxil olub. Lakin biz onların dəqiqləşdirilmiş kiçik bir hissəsini təqdim edirik.
Məlumata görə bir neçə il əvvəl Gülər Əhmədovanın hamiliyi ilə bir nəfər deputat həmkarı Çingiz Əsədullayevin sahibi olduğu “Azəriqazbank”dan 2 milyon pul kredit kimi götürüb. Sonradan həmin şəxs pulu qaytarmadığına görə həbs edilərək vəsait geri tələb edilib. Lakin o, pulu bankdan çıxaran kimi 1 milyonunu Gülər Əhmədovaya verdiyini deyib və özünə çatan vəsaiti qaytarmağa hazır olduğunu bildirib. Həmin vaxtdan indiyə qədər həmin çəkişmə davam edir və Çingiz Əsədullayev deputat həmkarından bu pulu geri ala bilmir. Bu arada qeyd edək ki, Çingiz Əsədullayevdən bir neçə deputat həmkarı böyük məbləğdə pul götürərək qaytara bilməyib. Onlardan biri də Fərhad Qəribovdur.
Gülər Əhmədova aldığı həmin pula Gənclikdəki milyonerlər məhəlləsində ev də alıb. Onun eyni zamanda onlarla obyektinin, o cümlədən Xızı rayonunda yanacaq doldurma məntəqəsinin olduğu deyilir.
Qeyd edək ki, 2010-cu il parlament seçkiləri ərəfəsində də bir qrup insan Yasamal rayonu ərazisində bina tikintisi ilə bağlı alınacaq torpaq sahəsi müqabilində Gülər Əhmədovaya 500 min verdiklərini və pulu geri ala bilmədiklərini iddia etmisdilər.