BolgeXeber.Com » Xəbərlər » Müştəri ilə “Azercell” arasında rominq mübahisəsi

Müştəri ilə “Azercell” arasında rominq mübahisəsi

20-02-2017, 15:29
Oxunub: 2 169 Müştəri ilə “Azercell” arasında rominq mübahisəsiX.Məmmədxanlının sözlərinə görə, hesab gəldikdə məbləğ böyük olsa da, buna dəyərdi, çünki xaricdə mobil telefondan çox istifadə etməli olurdu

Oxu.Az redaksiyasına Hindistana xidməti səfəri zamanı “Azercell” mobil rabitə şirkəti tərəfindən problemlərlə üzləşən sahibkar Xəyal Məmmədxanlı müraciət edib. İş adamı bildirib ki, bahalı rominq ilə bağlı vəziyyəti aydınlaşdırmaq və “Azercell”in qarəti ilə mübarizəni sona qədər aparmaq niyyətindədir.

Söhbətin əvvəlində o qeyd etdi ki, 20 ildir “Azercell” abunəçisidir və bu vaxta qədər heç bir problemi olmayıb. O, dünyanın 40 ölkəsində olub və nadir hallarda getdiyi ölkədə yerli SİM-kart alıb və “Azercell”in servisindən razı idi.

X.Məmmədxanlının sözlərinə görə, hesab gəldikdə məbləğ böyük olsa da, buna dəyərdi, çünki xaricdə mobil telefondan çox istifadə etməli olurdu. İndi isə “Azercell” abunəçisi onun istehlakçı hüquqlarının pozulduğunu hesab edir.

“Biznes 200” paketindən istifadə edirəm və bu paketin şərtlərinə görə, mənə 100 manat həcmində kredit xətti açılır. Paketin 90%-i istifadə etdikdən sonra mənə, limitin bitmək üzrə olduğu haqqında xəbərdarlıq gəlir. Ayrılan limit başa çatdıqda isə əlaqə birtərəfli olur.

Bu dəfə mənə heç bir xəbərdarlıq gəlmədi və mənim 230 manat məbləğində ümumi borcum yarandı. Məbləğin 185,31 AZN-i xidməti səfər müddətinə düşür”, - X.Məmmədxanlı bildirib.

Yalnız Bakıya gəldikdən sonra mobil rabitə operatoru ona Hindistanda rominqin baha və “WhatsApp”da bir ismarıcın 22 manat olduğunu izah edib. “Yəni bir “salam” sözü yazmaq, 22 manata başa gəlir.

Mənim həmkarım “Bakcell” abunəçisi idi və mənimlə ezamiyyətdə olarkən altı gün ərzində aktiv internet istifadəsi üçün cəmi 133 manat hesab ödəməli oldu. Nəzərə almaq lazımdır ki, o, bu müddət ərzində fotolar da göndərib və alırdı!”, - X.Məmmədxanlı deyib və əlavə edib ki, Hindistanda 1250 Kb üçün 26 AZN ödəməli olub, halbuki daha öncə Dubayda olarkən 1283 Kb üçün 5,33 AZN, yəni beş dəfə ucuz məbləğ ödəmişdi.

Limit bitdikdən sonra əlaqənin kəsilməməsini operator xaricdə olan müştəriyə qayğı ilə izah edib. Amma əlaqənin limiti ikiqat keçdikdən sonra kəsilməsini heç kəs nəzərə almır.

“Onlar mənim Hindistandakı hərəkətlərimə məəttəl qalmışdılar: “Siz orada internetdən istifadə etmisiniz?! Niyə internetə qoşulmusunuz?!”. Rusiya operatorlarında, məsələn, “Bilayn” və “Meqafon”da ölkə vətəndaşlarını hansı yerli şəbəkəyə qoşulmağın sərfəli olduğu barədə xəbərdarlıq edən xidmət mövcuddur. Mənim Hindistanda dörd gün ərzində müştərisi olduğum şirkət tərəfindən heç bir addım atılmamışdı.

Hələ bu azmış kimi Bakıda olarkən mənə, özümün Hindistanda rominqin qiymətləri ilə maraqlanmalı olduğumu söylədilər. Mən iş adamıyam və məşğul insanam, səfər qabağı operatora zəng edib, qiymətlərlə maraqlanmaq planlarıma daxil deyil. Mənim “Azercell”dən biznes-paketim var, bu isə iş adamına, yəni texniki nüanslara zamanı olmayan bir adama nəzərdə tutulan bir xidmətdir”, - o deyib.

Bundan başqa, sahibkarı bir məsələ də yaman düşündürür: Niyə Hindistanda rominq belə bahadır? Axı bu ölkə, Norveç və ya Amerika kimi bahalı ölkə deyil? “Hindistanda 45 operator var, yəni onların hamısı belə bahalıdır?”, - sualını verən X.Məmmədxanlı, həmçinin əlavə edib ki, Türkiyədə internet trafikin 1 Mbaytı 60 qəpikdir, Hindistanda isə “WhatsApp”da eyni həcmdə ismarıc dəfələrlə baha başa gəlir.

Bu qiymətləri eşidərkən qeyri-ixtiyari “Everest” filmini xatırlayırsan, dünyanın ən hündür zirvəsində - Comolunqmada olarkən həyat yoldaşı ilə danışmaq istəyən filmin qəhrəmanı dünya peyk rabitə operatoru olan “İridiuma” bir dəqiqə üçün 25 dollar ödəyir!

“Dünyanın ən bahalı peyk rabitə operatoru “İridium” dünyanın istənilən nöqtəsi ilə əlaqə qurmaq xidməti üçün 7 dollar götürür! “Azercell” rominqi qlobal sistemdən baha çıxır!”, - “Azercell” abunəçisi deyib.

Oxu.Az lokal bazarın digər operatorlarının rominq xidmətlərinin qiyməti ilə maraqlanmaq qərarına gəlib. “Azercell” xidmətinin daha baha olması aşkar olub.

Hindistanda rominqin qiyməti

Gedən zənglər Daxil olan zənglər SMS İnternet

Azercell 7.00/ dəq 3.12 0.90 25.00/1Mb
Bakcell 1.99/ dəq 1.99 0.49 14.99/1Mb
Nar 4.00/ dəq 2.00 1.00 10.00/1Mb

Hindistanda rominq xidmətlərinin Rusiyanın “böyük üçlüyü” – MTS, “Meqafon” və “Bilayn” tərəfindən neçəyə təqdim olunduğunu öyrənmək istədik. Aydın oldu ki, Rusiya operatorlarının xidməti yerli operatorların xidmətindən daha ucuzdur.

Rusiya rabitə operatorlarının Hindistanda rominq qiyməti

Gedən zənglər Daxil olan zənglər SMS İnternet

MTS 7.47/dəq 7.47 0.57 0.90/40kb
Meqafon 5.94/ dəq 5.94 0.75 10.45/Mb/sutka
Bilayn 5.97/20 dəq sutkada 5.97 0.30 0.15/1Mb

Obyektivlik və qərəzsizlik prinsiplərinə sadiq qalaraq, X.Məmmədxanlı ilə bağlı yaranan vəziyyəti şərh etmək üçün “Azercell”ə müraciət etdik. Bunun üçün “Azercell Telecom”un korporativ əlaqə şöbəsinin rəhbəri Nigar Şıxlinskayaya üz tutduq.

Yaranmış vəziyyəti, əsasən də 100 manat həcmində limitin 90%-i başa çatdıqdan sonra abunəçinin hansı səbəbdən xəbərdarlıq edilmədiyini, əlaqənin birtərəfli olmadığını şərh etməsini istədik.

Nigar Şıxlinskinin cavabını oxucuların nəzərinə çatdırırıq:

“Fakturalı xətt sistemində olan nömrələrdən müəyyən edilmiş limit keçildikdə, nömrəyə məhdudiyyətin necə tətbiqi ilə bağlı sualınız ilə əlaqədar bildiririk ki, abunəçilərin istifadəsinə verilən nömrələrlə bağlı münasibətləri tənzimləyən Abunə Müqaviləsinin 4.5.-ci maddəsinə görə, “Azercell” öz mülahizəsinə əsasən, abunəçinin mobil telefon danışıqlarına (digər xidmətlərdən istifadə imkanı da daxil olmaqla) müəyyən kredit limiti təyin etmək və həmin kredit limiti keçilməsi son ödəmə tarixindən əvvəl baş versə də, əlavə vəsait ödənilənədək nömrəyə xidmət göstərilməsini məhdudlaşdırmaq hüququna malikdir.

Göründüyü kimi, kredit limiti keçildikdə, nömrənin bağlanması “Azercell Telekom” MMC-nin öhdəliyi deyil, hüququdur. Eyni zamanda nəzərinizə çatdırırıq ki, Azərbaycan Respublikası qanunvericiliyinə və abunəçilərin istifadəsinə verilən nömrələrlə bağlı münasibətləri tənzimləyən Abunə Müqaviləsinin şərtlərinə əsasən, istifadəyə verilən nömrədə yaranan borcların ödənilməsinə görə məhz abunəçi cavabdehlik daşıyır.

“Azercell Telekom” MMC telekommunikasiya xidmətlərini həyata keçirməklə, müqavilə şərtlərinə uyğun olaraq abunəçiyə nömrəni istifadəyə verir, rabitə xəttini açaraq ona xidmət göstərir, xidmət sonlandırılır və bu xidmətin müqabilində xidmət haqqı hesablayır.

Müvafiq müqavilə üzrə xidmət haqqının ödənilməsi abunəçinin öhdəliyidir və bu öhdəlik onun tərəfindən icra edilməlidir. “Azercell Telekom” MMC tərəfindən təqdim edilən telekommunikasiya xidmətlərindən istifadə zamanı, istifadə müəyyən həcmə çatdıqda abunəçiyə xəbərdarlıq ediləcəyinə dair, həmçinin rominq xidmətindən istifadə zamanı müvafiq ölkədə fəaliyyət göstərən operatorlarda mövcud tariflərə dair abunəçi müraciəti olmadıqda məlumat veriləcəyi öhdəlik götürülməmişdir.

Fakturalı xətt sistemində olan nömrələrdən rominqdən istifadə edərkən limit keçmə, balans barədə məlumatların əldə edilməsi zaman fərqi ilə baş verməsinin mümkünlüyü ilə əlaqədar sualınızla əlaqədar ilk növbədə onu bildiririk ki, abunəçilərin istifadəsinə verilən nömrələrlə bağlı münasibətləri tənzimləyən Abunə Müqaviləsinin şərtlərinə əsasən, “Azercell” yalnız öz telekommunikasiya şəbəkəsində istifadə etdiyi vasitələrlə əlaqədar məsuliyyət daşıyır.

“Azercell” tərəfindən təqdim edilən xidmətlərdən hər hansı birinin başqa operatorun\operatorların telekommunikasiya şəbəkəsi ilə əlaqəli şəkildə istifadəsi zamanı həmin xidmətlərin təsvir edildiyi kimi çalışmasına təminat verilmir.

Müvafiq olaraq da rominq xidmətindən istifadə edilərkən göndərilən SMS-lər, həyata keçirilən zənglər mobil rabitə şəbəkəsindən istifadə edilən rominq və beynəlxalq operatorlar vasitəsilə həyata keçdiyindən müvafiq məlumat mübadiləsinin dərhal, real vaxt rejimində baş verməsinə təminat verilmir.

Bundan başqa, əvvəl yazdığımız, maildə də vurğuladığımız kimi, tərəfimizdən fakturalı və fakturasız (SimSim) xətt sistemində xidmətlər təklif edilir. Fakturasız (SimSim) xətt sistemində mövcud olan tarif paketləri çərçivəsində istifadə edilmiş xidmətlərə görə hesablanan haqq dərhal hesablanaraq, nömrənin balansına əvvəlcədən yüklənmiş məbləğdən çıxılır.

Fakturalı xətt sistemində isə faktura dövrünün sonunda xidmət haqları hesablanaraq hesab faktura təqdim edilir. Təqdim edilən telekommunikasiya xidmətlərindən istifadə müəyyən həcmə çatdıqda abunəçiyə xəbərdarlıq ediləcəyinə, rominq xidmətindən istifadə zamanı müvafiq ölkədə fəaliyyət göstərən operatorlarda mövcud tariflərə dair abunəçi müraciəti olmadıqda məlumat vermək öhdəliyi götürülməyib, belə vəzifə qanunla nəzərdə tutulmayıb.

Üstəlik, abunəçi sərbəst şəkildə xidmətdən istifadə həddi barədə özü istifadə etdiyi ağıllı mobil telefonun (smartphone) funksiyaları vasitəsilə məlumat əldə edə və balans hesabatlarını müstəqil şəkildə idarə edə bilər.

Bundan başqa, istifadə etdiyi fakturalı xətt sistemindəki tarif paketlərinin şərtlərini əlverişsiz hesab edirsə, hesablaşmaları yalnız nömrənin balansına yüklənən məbləğ əsasında və həddində xidmətlərdən istifadə müqabilində həyata keçirmək üçün fakturasız (SimSim) xətt sisteminə keçmək imkanı var”.

Oxu.Az-ın “Nə üçün “Bakcell” və “Nar” şirkətlərinin elə həmin Hindistanda, elə həmin operatorlardan internet trafiki “Azercell”in trafik qiymətindən ucuzdur?” və ““Azercell”in rominqi niyə başqalarından bahadır?” suallarından birincisinə konkret cavab ala bilmədik. Verilən cavabı diqqətinizə çatdırırıq:

“Rominq xidməti çərçivəsində tariflərin necə müəyyən edilməsi və “Azercell Telekom” MMC-nin rominq tariflərinin guya daha baha olması ilə bağlı mülahizə və sualınızla əlaqədar bildiririk ki, hər hansı bir ölkədə rominq tarifləri həmin ölkədə fəaliyyət göstərən operator tərəfindən müəyyən edilən qiymət əsasında formalaşır və müxtəlif operatorlara verilən təklif fərqli ola bilər.

Bundan başqa, rominq xidməti çərçivəsində xarici operatorların tarifləri vaxtaşırı yenilənir, müvafiq ölkələrdə və Azərbaycan Respublikasında nəzərdə tutulan vergilər daxil olmaqla məbləğlər hesablanır, həmçinin xarici valyutanın məzənnəsinin dəyişilməsi, bəzən zəng\xidmətlərin pik və ya qeyri-pik saatlarında həyata keçirilməsi və s. bir çox amillər tariflərə təsir edir.

“Azercell Telekom” MMC-nin rominq xidməti tariflərinin daha bahalı olması ilə əlaqədar mülahizələr isə əsasızdır. Belə ki, “Azercell Telekom” MMC-nin rominq tarifləri, bu xidmət ilə əlaqədar keçirilən kampaniya və endirimlər barədə şirkətimizin rəsmi internet saytında kifayət qədər məlumat var ki, onlarla istənilən şəxs tanış ola, müqayisə edə bilər.

Misal üçün, abunəçilərimizin ən çox səfər etdiyi Türkiyə və Gürcüstan kimi ölkələrdə unikal, endirimli rominq tariflərindən yararlanmaq imkanına malikdirlər. Və yaxud “Azercell Telekom” MMC tərəfindən Avropa ölkələrində və MDB məkanı üzrə mövcud olan operatorlarının hansının şəbəkəsinin seçilməsindən asılı olmayaraq, eyni bir qiymətdən faydalanmaq imkanı təqdim edilir”.
Bolgexeber.com