BolgeXeber.Com » Xəbərlər » Ziya Məmmədovun keçmiş müşaviri haqda: “Deyirdi ən gözəl pul narkotikdədir…”

Ziya Məmmədovun keçmiş müşaviri haqda: “Deyirdi ən gözəl pul narkotikdədir…”

22-02-2017, 12:42
Oxunub: 2 273 Ziya Məmmədovun keçmiş müşaviri haqda: “Deyirdi ən gözəl pul narkotikdədir…”Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində sabiq nəqliyyat naziri Ziya Məmmədovun keçmiş müşaviri Çingiz Baxşıyevə və onun qızlarına məxsus külli miqdarda qızıl-zinət əşyalarını mənimsəməkdə ittiham olunan Rövşən Əhmədovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib

Virtualaz.org saytının xəbərinə görə, hakim Əfqan Hacıyev sədrlik etdiyi proses Rövşən Əhmədovun ifadəsi ilə davam edib. R.Əhmədov ona elan olunmuş ittihamlarla özünü təqsirli bilməyib. Deyib ki, saxlamaq üçün ona verilən üç bağlama daş-qaş və qızılları elə olduğu kimi də gətirib keçmiş nazir müşavirinin qızı Fatimənin evinə verib.

“Bizim analarımız əmiuşağı olub. 2003-cü ilə qədər Çingiz ailəsi ilə birgə Qırğızıstanda yaşayıb. Sonradan Azərbaycana köçüblər. Düz 12 il onun bütün var-dövləti, milyonları məndə olub. Etibar edib, verib saxlamışam, sonra da qaytarmışam. Bu hadisədən bir müddət əvvəl də mənə iki qab qızıl vermişdi. Sonra özünə təhvil verəndə dedi ki, səndə üç qab qızıl olub. Dedim nə vermisən, onu da gətirmişəm. Bir həftədən sonra kağız qutuda olan brilyantlar öz evindən çıxdı. Özü zəng vurub üzürxahlıq elədi”-keçmiş nazirin keçmiş müşavirinin qohumu deyib.

R.Əhmədov ifadəsində bildirib ki, bu hadisədən bir müddət sonra Ç.Baxşıyev onu yanına çağırıb və içi dolu qızıl qabları saxlamağı tapşırıb. O, da Ç.Baxşıyevin sözünə əməl edib. Beş aya kimi qızıllar Rövşənin evində qalıb. Amma sonradan qızının toyuna görə gəl-get çox olacağını nəzərə alaraq əmanəti sahibinə qaytarmaq istəyib. Buna görə Ç.Baxşıyevə zəng vuranda, o deyib ki, hazırda evdə yoxdular, ona görə də qızılları aparıb Fatiməgilə qoysun. O, da qızılları Ç.Baxşıyevin kürəkəninı verib.

Təqsirləndirilən şəxsin məhkəmə ifadəsindən sitat: ”Qızılları fevralın 2-də aparıb vermişəm. Evdə Fatimənin əri Ayaz idi. Çingizə zəng vurdum soruşdum ki, qızılları Ayaza verim ya yox? O, da dedi ver. Bunlar iki aydan sonra mənə zəng vurublar ki, gəl, qablar yüngüldü. Bəs bu iki ayda qabların içinə baxmamışdılar? Özləri yerbəyer ediblər, mənim üstümə atırlar. Çingizin arvadı Dostu mənə “bunların içində heç nə yoxdu, sən qızılları oğurlamısan” dedi. Dedim aparın verin ekspertizaya yoxlasınlar. Sonradan bildim ki, qabların üzərindəki barmaq izlərini də yox eləyiblər. Mən bu adamın 40 milyonlarla pulunu, avrosunu, dollarını saxlamışam. Əgər oğurlasaydım elə onları oğurlayardım”.

R.Əhmədov keçmiş müşavirin ona şər atdığını bidirib:”Mən gələnə qədər qabları açmışdılar. Deyir ki, 6-7 kilo qızıl olub. O qədər qızıl o qablara yerləşməzdi axı. Cəmi 2 kilo qızıl olardı. Mənə böhtan atırlar. Fatimə ilə əri Avstriyada mağaza açmışdılar. Bunların arasında qırğın düşmüşdü. Fatimənin əri Ayaz deyirdi ki, mən bunların işlərinə qarışmıram. “Bandotdel”də Ayazı dindirində dedi ki, Rövşən nə deyirsə düz deyir. Məni şantaj edirdilər. Çingiz deyirdi ki, oğlunu göndərəcəyəm Qarabağa, orada şəhid olacaq”.

Dövlət ittihamçısının suallarını cavablandıram R.Əhmədov Ç.Baxşıyevin digər göstərişlərini də yerinə yetirdiyini deyib. Kimdən pul almaq lazım imişsə alıb, kimə pul vermək lazım imişsə aparıb verib. Sonuncu dəfə Ç.Baxşıyevin qızının evinə 1 milyon manat, özünə isə 360 min dollar aparıb verdiyini deyib.

Ç.Baxşıyevin ona böhtan atmasının səbəbini isə R.Əhmədov belə izah edib:”Mənə dedi ki, İrandan, Qırğızıstandan dondurulmuş ət gətirəcəyik. Amma danışıqlardan başa düşürdüm ki, ət məsələsi deyil. Ət yox, narkotik gətirəcəkdilər. Çingiz özü həmişə deyirdi ki, ən gözəl pul bundadır. Qırğızıstanda da bu işlə məşğul olmasından danışırdı. Mən İrana getməkdən imtina etdiyimə görə incidi. Bununla bağlı aramızda anlaşılmazlıq yarandı. 60 yaşım var, qızım həkim, oğlum polisdir. Bu işə qol qoya bilməzdim. Onun sözünə əməl etmədim deyə, başıma bu oyunu açdılar. Üç gün sonra qızılların yoxa “çıxması”nı dedilər”.

Dövlət ittihamçısının “bunun sübutu var idimi?” sualına R.Əhmədov “20 ton ət gəldi, kilosu 5 manatdan 100 min manat pul eləyir, 1 milyon yox. Narkotik pulları idi, uşaq deyilik. Həmin 1 milyonu mən aparıb verdim qızına. Bundan iki gün sonrasa məni tutdurdu” deyib.

Zərərçəkmişin nümayəndəsinin “Çingiz Baxşıyevin əmlakı nə qədər olardı” sualına R.Əhmədov “saymaqla qurtaran deyil, onun milyonları yox, milyardları var” cavabını verib. Sitat: “Mənə indiyə kimi 40 milyon dollar dəyərində pul əmanət edib və saxlamışam. Bəs bunları niyə mənimsəməmişəm? Onun 1 milyard dollarlıq əmlakı var. Mən bunu sənədlərlə sübut edə bilərəm".

Məhkəmə prosesi martın1-də davam edəcək. Qeyd edək ki, sözügedən cinayət işi artıq dörd aydır ki, Bakı Ağır Cinayətlər Məhkəməsindədir. Əvvəlcə bu işə Rasim Sadıxovun sədrlik elədiyi hakimlər heyəti baxırdı. Ötən ilin dekabr ayında vəkil Adəm Məmmədovun hakimə etirazla bağlı vəsatəti əsasında R.Sadıxov prosesdən uzaqlaşdırıldı. Sonradan cinayət işi hakim Əfqan Hacıyevin sədrlik etdiyi kollegiyaya verildi.