BolgeXeber.Com » Xəbərlər » Xəstəlik yayan qidalar: Bazarı mənşəyi bilinməyən ərzaqlar bürüyüb

Xəstəlik yayan qidalar: Bazarı mənşəyi bilinməyən ərzaqlar bürüyüb

24-02-2017, 10:10
Oxunub: 3 510 Xəstəlik yayan qidalar: Bazarı mənşəyi bilinməyən ərzaqlar bürüyübEyyub Hüseynov: “Bu sahədə ciddi problem var. Apteklərdə, klinikalarda insanlar növbədədirlər. Xaricə xəstə axını davam edir”

Hər bir dövlətin qarşısında duran ən vacib vəzifələrdən biri əhalinin təhlükəsiz qida məhsulları ilə etibarlı təminatıdır.Bu məsələ hazırkı dövr üçün də aktuallığını itirməyib, əksinə, bu məsələdə vacib prioritetlər ortaya çıxıb. Təhlükəsiz ərzaq təminatı ölkənin və əhalisinin dayanıqlılığından, iqtisadi təhlükəsizliyindən xəbər verir. Azərbaycanda ərzaq təhlükəsizliyi ilə bağlı vəziyyət heç də də ürəkaçan deyil.

Hətta olduqca acınacaqlı mənzərələrlə qarşılaşırıq. Ölkə tamamilə idxaldan asılı olduğu üçün bu təhlükə daha da ciddiləşib. Ölkəyə daxil olan ərzaq məhsullarının təhlükəsizliyi ilə bağlı heç bir yoxlama, laborator müayinə aparılmır. Məhsulların təmizliyi, keyfiyyətlilik dərəcələri yoxlanılmadan ölkəyə daxil edilir və satışa buraxılır. Qidaların nə qədər təhlükəli, zərərli qatqılardan ibarət olması haqda dəfələrlə müəyyən faktlar ortaya çıxarılsa da, buna məhəl qoyan yoxdur.

Mədəmizi zəhərləyən qidalar...

Qeyd edək ki, Azərbaycanda kolbasa və sosis çox istehlak olunan məhsullardandır. Xüsusilə də ayaqüstü qəlyanaltı kimi bu ət məmulatları hər birimizin dadına çatır. Bu gün Azərbaycanda ət və ət məhsullarının istehsalında həddindən artıq problemlər var. Bu məhsulların istehsalı standartlara cavab vermir. İddialara görə Azərbaycanda istehsal olunan bu məhsullara xüsusi dad vermək və saxlanma müddətini artırmaq məqsədilə mürəkkəb birləşmələr və qarışıqlar qatılır. Mədəmizə ötürdüyümüz zaman isə kolbasa və sosislərin nə qədər təhlükəli fəsadlar yaratmasından xəbərsiz oluruq.

Xatırladaq ki, 2001-ci ildə mərhum prezident Heydər Əliyev ərzaq təhlükəsizliyi ilə bağlı fərman imzalamışdı. Bununla bağlı ölkə prezidenti İlham Əliyevin də sərəncamları var, sonuncu sərəncamı isə bir neçə gün öncə imzaladı. Belə ki, bu yaxınlarda Qida Təhlükəsizliyi üzrə Dövlət Agentliyinin yaradılmasına dair fərman imzalayıb. Ölkə başçısı ərzaq təhlükəsizliyi ilə bağlı xüsusi nəzarətin və tədbirlərin görülməsini tələb edib.
Xəstəlik yayan qidalar: Bazarı mənşəyi bilinməyən ərzaqlar bürüyüb
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov “Cümhuriyət” qəzetinə açıqlamasında deyib ki, qeyd olunan məsələ olduqca ciddi olmasaydı ölkə başçısı bununla bağlı fərman imzalamazdı:

“Ümumiyyətlə, ölkədə qida təhlükəsizliyi ilə bağlı qanun yoxdur. İllər əvvəl belə bir qanun layihəsi beynəlxalq təşkilatlar tərəfindən hazırlanıb hökumətə təqdim edilib. Amma layihə Milli Məclisdə müzakirəyə qoyulmayıb. Ölkə başçısının Qida Təhlükəsizliyi üzrə, Dövlət Agentliyinin yaradılması ilə bağlı imzaladığı fərmandan sonra İşçi Qrupunun rəhbəri Əli Əhmədova məktub yazmışam. Nə etməli lazım olduğu barədə məlumatlar təqdim etmişəm. İctimaiyyətlə dialoq aparılmasını və azad istehlakçılarla görüş keçirilməsini xahiş etmişəm. Bu sahədə ciddi problem var. Apteklərdə, klinikalarda insanlar növbədədirlər. Xaricə xəstə axını davam edir. Bu o deməkdir ki, ölkədə təhlükəli qidalar var. Təəssüflər olsun ki, ölkədə dövlət qurumları, səhiyyə naziri bu qidaların analizini aparmır. Analiz aparılmır ki, nə üçün Azərbaycanda aptek şəbəkəsi başqa ölkələrə nisbətən daha çoxdur. İnsanlar niyə növbəyə durub, Azərbaycanda nə baş verir? Hesab edirəm ki, yeni yaradılan agentlik bu kimi məsələləri həll etməlidir”.

“Səhiyyə Nazirliyi bütün zəhərlənmələrin sayını gizlədir”

Eyyub Hüseynov qeyd edib ki, səhər bazara daxil olarkən müşahidə olunur ki, yüzlərlə cəmdəyin üzərində Dövlət Baytarlıq Nəzarəti Xidmətinin möhürü vurulub: “Guya bu qurum səhərə kimi yatmır. Yoxlama aparır. Onlar yalançıdır, bunu istehlakçılar görürlər. Əlbəttə ki, müəyyən partiya məhsullarda təhlükəli maddələr var. 20 ildir ki, istehlakçıyam, bir dəfə də olsun kütləvi istehsal malına zəhərlənmə barədə məhkəmə işi olmayıb, bir nəfərə kompensasiya verilməyib. Səhiyyə Nazirliyi bütün zəhərlənmələrin sayını gizlədir. Bu məsələdə günahı yalnız istehlakçıların özündə görür. Qeyd etdiyim kimi aptek şəbəkəsi ilə məşğul olanlar dərman biznesini artırmaq üçün buna sübutdur”.

Ekspertin sözlərinə görə ölkədə effektli istehlakçı səbəti formalaşmalıdır: “Hökumət üzünü istehlakçılara doğru çevirməlidir. Çünki dövləti də, ordunu da biznesdə saxlayan istehlakçılardır. İkincisi, ekspertiza edən, sertifikat verən və sağlamlığı qoruyan orqanlar bir-birindən ayrılmalıdır. Səhiyyə Nazirliyi hər bir şeyə sertifikat verir ki, hər şey yaxşıdır. Həm də zəhərlənmələri qeydiyyata alır. Öz verdiyi sertifikata bu təsir edə bilərmi? Xeyr... Bu orqanlar bir-birindən ayrılmalıdır. Müstəqil fəaliyyət göstərən bir ququm yaranmalıdır. Sahibkarlara toxunulmazlıq statusu götürülməlidir. İnsan həyatı üçün təhlükəli olan malların qarşısı alınmalıdır. Mənim masamın üzərində düz bir həftədir ki, vaxtı keçmiş “Kinder” şokoladlarının nümunəsi dayanır. Bütün dövlət orqanlarına müraciət etdim ki, bu şokoladların satışdan yığışdırılmasına köməklik etsinlər, edilmədi. Bu dəqiqə də bu məhsullar satılır. Ən əsası bu məhsullar uşaqlar üçün daha təhlükəlidir. Kimi dindirirsən, deyir ki, “uşaqlar bizim gələcəyimizdir”. Məmurlar belə pafoslu sözlər danışaraq uşaqların gələcəyini zəhərləyirlər. Niyə qarşısını ala bilmirlər? İqtisadiyyat Nazirliyinin müəyyən ştatlarında boş-boş oturub maaş alırlar... ”.

Eyyub Hüseynov onu da əlavə edib ki, yeni yaradılan agentlik əgər kütləvi informasiya vasitələri, ictimai təşkilatlarla köklü işləyə və beynəlxalq təcrübələri Azərbaycanda tətbiq edə bilsə, onda effektli nəticələr əldə etmək olar. Yəni, bu qurum insanların sağlamlığının qorunması sahəsi üzrə şəffaf nəticələr əldə etmiş olsa, istehlakçıların orta ömrü daha da uzana bilər. Beləliklə də Azərbaycan mallarının xaricə çıxmaq imkanları yaranacaq: “O qurum İqtisadiyyat Nazirliyi kimi fəaliyyət göstərsə, heç bir nəticə əldə olunmayacaq”.