BolgeXeber.Com » Ölkə » “Eldar Mahmudov vəzifədə deyil, amma əlaltıları bizim başımıza oyun açmaqda davam edir” - ŞİKAYƏT

“Eldar Mahmudov vəzifədə deyil, amma əlaltıları bizim başımıza oyun açmaqda davam edir” - ŞİKAYƏT

25-02-2017, 16:09
Oxunub: 2 233 “Eldar Mahmudov vəzifədə deyil, amma əlaltıları bizim başımıza oyun açmaqda davam edir” - ŞİKAYƏT“Eldar Mahmudov illərlə başımıza oyun açdı, qanunsuz həbs etdirdi, pulumuzu, varımızı əlimizdən aldırdı

Düşünmədi ki, bir gün sonu gələcək. 2015-ci il oktyabrın 17-də prezidentin onun işdən çıxarılması haqda qərarı məni, mənim kimi haqqı pozulan yüzlərlə iş adamını sevindirdi. 2-ci ildir ki, Eldar Mahmudov vəzifədə deyil, amma əlaltıları bizim başımıza oyun açmaqda davam edir. Bu qədər olmaz axı...”
Bunu iş adamı Maqsud Mahmudov deyir.

2016-cı ilin əvvəlində iş adamı Maqsud Mahmudov ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin müstəntiqi Cavid Quluzadə və Azad İsmayılova qarşı iddia qaldırıb. Nərimanov Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edən iş adamı qeyd edib ki, Bakı-Sumqayıt yolunda yerləşən “Las Veqas” restoran kompleksi və “Mercedes C 300" markalı, qara rəngli, Az 90 ZD 650 nömrə nişanlı maşın MTN əməkdaşları tərəfindən ondan zorla alınıb. Maşını müstəntiq Cavid Quluzadə əvvəlcə öz adına keçirib.

İşin mahiyyəti budur ki, 2015-ci ilin əvvəlində iş adamı Maqsud Mahmudov “Texnikabank”a müraciət edərək 1 milyon 500 min manat kredit alıb və özü də bilmədən “MTN çetesi”nin diqqət mərkəzinə düşüb. İş adamı həmin kreditin alınması üçün Bakı-Sumqayıt yolunda yerləşən “Las Veqas” restoran kompleksini girov qoyub. Kreditin alınmasından 3 ay sonra M.Mahmudovu “Texnikabank”ın Müşahidə Şurasının sədri vəzifəsini icra edən Ayaz Gərayzadə və müavini, Beynəlxalq Bankın sədri Cahangir Hacıyevin bacısı oğlu Cəmin Hacıyev çağırıblar. İş adamına qarşı ağlasığmaz tələb irəli sürülüb.

Ondan reket qaydasında 2020-ci ilədək geri qaytarmalı olduğu krediti 3 günə geri ödəmək tələb olunub. 3 gün sonra isə o, MTN-in istintaq şöbəsinin müstəntiqi Cavid Quluzadənin müşayiəti altında “Texnikabank”a, Cəmin Hacıyevin hüzuruna aparılıb. İş adamı MTN-ə aparılmaqla təhdid edilib, başına oyun açılacağı deyilib. Bundan sonra iş adamı pulu ödəmək iqtidarında olmadığını söyləyib. Onu MTN-çi müstəntiq və digərlərinin əhatəsində təhdid altında Sumqayıt şəhərində yerləşən notariuslardan birinə aparıblar. Orada “Las Veqas” restoran kompleksini özləri ilə gətirdikləri Azad İsmayılovun adına rəsmiləşdiriblər. Cəmin Hacıyev bununla da kifayətlənməyib, iş adamına hesabına 115 min dollar köçürtdürüb.

Bundan başqa, M.Məmmədovun qardaşı oğlunun adına olan “Mercedes C 300" markalı, qara rəngli, Az 90 ZD 650 nömrə nişanlı maşın müstəntiq Cavid Quluzadənin adına rəsmiləşdirilib. 2015-ci ilin oktyabrında MTN-də məlum ”təmizləmə"lərdən sonra iş adamı məhkəməyə üz tutub. O, restoranının, maşınının və əlindən alınan 115 min dolların geri qaytarılması iddiası ilə Nərimanov Rayon Məhkəməsinə müraciət edib. Nərimanov Rayon Məhkəməsinin hakimi Abbas Əliyev iddianı araşdırıb və təmin edib. Hökmə görə 2015-ci ildə “Las Veqas” restoranının M.Mahmudovun adından A.İsmayılovun adına rəsmiləşdirilməsi haqda müqavilə ləğv olunub. Müstəntiq Cavid Quluzadə barəsində xüsusi qərardad çıxarılaraq Baş Prokurorluğa göndərilib.

Həmin hökmlə 2015-ci il sentyabrın 17-də M.Mahmudovun qardaşı oğluna məxsus avtomaşının C.Quluzadənin adına keçirilməsi haqda müqavilə də qanunsuz hesab edilərək ləğv olunub. 1981-ci il təvəllüdlü Cəmin Hacıyev “Texnikabank” rəhbərliyinə Beynəlxalq Bankdan transfer olunub. 2012-ci ildə baş tutan bu transfer vasitəsilə Cahangir Hacıyev “Texnikabank”ı nəzarətdə saxlayıb. Hökmdən narazı qalan qarşı tərəf apelyasiya şikayəti verib. Şikayətə Bakı Apelyasiya Məhkəməsində hakim Sidqi Məmmədovun sədrliyi ilə baxılıb və 8 dekabr 2016-cı ilə təmin edilməməsi haqda qətnamə çıxıarılıb. M.Mahmudov deyir ki, həmin qətnamə qüvvəyə minsə də, onun əmlakları özünə qaytarılmır: “Eldar Mahmudovun müstəntiqi Cavid Quluzadə maşınımızı, restoranımızı əlimizdən alıb. Bizə qarşı faktiki quldurluq olub. Nərimanov, ardınca da Bakı Apelyasiya Məhkəməsi qərar verib ki, maşın da, restoran da mənə qaytarılmalıdır. Eldar Mahmudov Azərbaycan qanusnunlarını saymadığı kimi, onun müstəntiqi də saymır, məhkəmə qərarını icra etmir.

Mən vitse-prezident Mehriban xanım Əliyevaya müraciət edirəm. Ondan kömək istəyirəm. Bu adamlar biz iş adamlarının əmlakını qəsb ediblər. İndi də Azərbaycan məhkəmələrinin, ölkəmiz adından çıxarılan məhkəmə qətnamələrini icra etmirlər, boş kağız sayırlar. Ümidimiz birinci xanımadır. Mehriban xanımın qəbuluna düşmək üçün müraciət etmişəm. Mən illərlə Rusiyada, Ukraynada qazandığım sərmayəni Azərbaycana gətirmişəm, burada iş qurumuşam. Bir günün içində Eldar Mahmudovun dəstəsi əmlaklarımızı əlimizdən alıb, indi də, geri qaytarmaq istəmirlər. Məhkəmələrin çıxardığı qətnamələrə də baxan yoxdur”.

Onu da qeyd edək ki, Nərimanov rayon Məhkəməsinin hökmünün icra edilməsi üçün bir sıra dövlət orqanlarına, o cümlədən DTX rəisi Mədət Quliyevə yenidən müraciət ünvanlayıb, xahiş edib ki, MTN müstəntiqinin əlindən aldığı əmlakları ona qaytarmaqda kömək etsinlər. \\musavat.com\\