BolgeXeber.Com » Ölkə » Şeyxin missiyası – QMİ sədri yeni problemlə üz-üzə

Şeyxin missiyası – QMİ sədri yeni problemlə üz-üzə

1-03-2017, 10:45
Oxunub: 2 262 Şeyxin missiyası – QMİ sədri yeni problemlə üz-üzəQurum və onun rəhbərliyi dövlət və din arasındakı uçurumun götürülməsində vasitəçi ola biləcəkmi?

Ölkədə dini vəziyyət gərginləşir. Məsələ ondadır ki, indi sakitlik olsa da, dindarlar küçələrə çıxıb aksiyalar keçirəmsə də, din-dövlət münasibətləri ya bilərəkdən, ya da bilmədən qızışdırılır və hər keçən gün narazılıq artır. Kütləvi olmasa da, həbslər davam edir, həbsxanada onlarla dindar və dini təhsilli ruhani var.


Həm Günəşli məscidi mübahisələrinin yenidən ortaya atılması, həm Masallıda din xadiminin namaz qıldırdığı üçün həbs olunması, həm də son olaraq Beyləqanda orta məktəb müəlliminin başörtüyü olduğu üçün məktəbdən qovulması, bir tərəfdən narazılıq və narahatlığın göstəricisidirsə, digər tərəfdən dövlətin din siyasəti ilə bağlıdır. Məsələ ondadır ki, Azərbaycan hakimiyyəti 2014-cü ildən başlayaraq ölkədə dini situasiyanı tam nəzarət altına almaq xətti götürüb, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) səlahiyyətləri artırılıb, dövlət orqanına dini maarifçilik səlahiyyətləri verilib - baxmayaraq ki, Konstitusiyaya əsasən dövlət dindən ayrıdır, dini maarifçiliyi dövlət deyil, dini qurumlar aparmalıdır. Bundan başqa, prezident yanında millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşavirliyi yaradılıb və bu quruma da dini maarifçilik səlahiyyətləri verilib.


Ancaq bütün bu fəaliyyətlərin fonunda dini qadağaların, həbslərin də sayı artıb, narazılıqlar qabarıq hiss olunmağa başlayıb. Görünən odur ki, dövlətin dini fəaliyyətləri və icmaları, yəni dini sferanı öz əlində tutması planı mümkün olmayıb. Əslində bu, daha əvvəldən mümkün deyildi, çünki istənilən halda dindarların rəsmi dini təbliğata qarşı münasibəti mənfi olur. Heç bir müsəlman ölkəsində dövlətin nəzarətində olan dini qurum və ya din xadimləri cəmiyyət üzərində birmənalı söz sahibi ola bilmir. Çünki insanlar rəsmi təbliğatın sözünü deyil, müstəqil din xadimlərinin sözünü dinləmək istəyir. Belə bir vəziyyətdə bir çıxış yolu var: Qafqaz Müsəlmanları İdarəsi (QMİ).


Məsələ ondadır ki, hər nə qədər dövlətə yaxın, onun siyasi koordinasiyası altında olsa da, QMİ dövlət qurumu deyil, bəlli bir tarixi və ənənələri olan dini qurumdur. Məhz bu strukturuna görə, qurum dövlət və dindarlar arasında çox mühüm körpü rolunu oynaya bilər. Dövlətin dini situasiyanı tam olaraq nəzarətə götürmək cəhdi paralel olaraq narazılığı, etirazı dərinləşdirir.


Ancaq məsələ ondadır ki, QMİ rəhbərliyi əlində olan səlahiyyətlərə, imkanlara rəğmən, hərəkət edib üzərinə düşən. etməli olduğu missiyanı yerinə yetirə bilmir. Bunu isə bir neçə amillə izah etmək olar. Birincisi, dövlətin içərisində Şeyxin ciddi müxalifəti var (bu barədə daha əvvəl də yazmışıq) və bu səbəbdən həmin müxaliflər Şeyxin dini camiədə güclü rolu oynamasına mane olmaq üçün onu sıxışdırır, QMİ-nin dini proseslərdə aktiv rol almasına müxtəlif şəkillərdə, gizli və aşkar maneçilik törədirlər. Şeyx isə başını daha çox bəlaya salmaq, rəqiblərinin hücumlarına məruz qalamamaq üçün sakit dayanmaq üçün ona biçilən rolla kifayətlənir.


İkinci variant budur ki, Şeyx daha çox iş görə bilmir. Həm QMİ-dəki mövcud kadr potensialı, daşlaşmış ənənəvi molla mühiti dövrün şərtləri ilə ayaqlaşa bilmir. Bu səbəbdən də qurumu hərəkətə gətirib hansısa aktivliyə nail olmaq mümkün olmur. İdarəyə yeni kadrların cəlb olunması, fəal iş mexanizminin qurulması istiqamətində hansısa addımlar atılmır və nəticədə QMİ faktiki olaraq proseslərin arxasınca sürünür.


Bu məsələ ilə bağlı ən aktual suallardan biri də QMİ-nin bir dini qurum olaraq mövcud şərtlərə cavab verib-verə bilməməsi ilə bağlıdır. Xatırladaq ki, Zaqafqaziya Müsəlmanlarının Dini idarəsinin yaradılması məsələsi nisbətə yeni hadisədir. İşğaldan sonra Qafqazı bütövlükdə işğal edən Çar Rusiyası buradakı müsəlman dini fəaliyyətlərini təşkil etmək, yerli müsəlmanların ənənəvi müsəlman dini mərkəzləri ilə əlaqələrini qoparmaq üçün uyğun model tapılması üçün uzun illər çalışmalar aparıb.

1823-cü ildə Zaqafqaziya Müsəlmanları Ruhani İdarəsi və şeyxülislam vəzifəsi təsis olunur, 1872-ci ildə bu Çar ikinci Aleksandrın imzaladığı fərman əsasən sünni və şiə dini idarələri yaradılır. 1944-cü il mayın 25 - 28-də Zaqafqaziya Müsəlmanlarının birinci Qurultayı ilə bugünkü QMİ-nin əsası qoyulub. İdarə ənənəvi sünni və şiə icmalarını birləşdirib, Şeyxülislam şiə məzhəbinin, onun birinci müavini müfti isə sünni məzhəbinin ruhani rəhbəri hesab olunur. Hər nə qədər iradlara məruz qalsa da, həm məzhəblərin bir arada olması, həm də vahid mərkəz olaraq qurulması və şura prinsipləri əsasında fəaliyyət göstərməsi QMİ-nin imkanlarını genişləndirir. QMİ-nin Qazilər Şurası və Elmi-Dini Şura adlı iki əsas fətva orqanı var. Bu orqanları daha da aktivləşdiririb, cəmiyyətdəki nüfuzlu və savadlı din xadimlərini bura daxil etməklə ölkə müsəlmanlarının dini-mənəvi məsələləri ilə bağlı müvafiq fətva və qərarlar vermək olar. Bununla da faktiki olaraq dini fəaliyyət üzərində xarici ölkə təsirlərini azaltmaq, yerli dindarların QMİ mərkəzli yerli din xadimlərinə bağlılığını möhkəmləndirmək olar.


Təbii ki, bunu etmək üçün ilk növbədə dövlətin bu istiqamətdə ən azından maneçiliyi olmamalı, eləcə də Şeyxülislamın qətiyyətli mövqeyi, aktiv fəaliyyəti olmalıdır. Əks təqdirdə din sahəsində problemlər qalacaq.musavat.com/