BolgeXeber.Com » Siyasət » QAT sədrindən Zeynəb Xanlarovaya çağırış

QAT sədrindən Zeynəb Xanlarovaya çağırış

3-03-2017, 09:53
Oxunub: 3 399 QAT sədrindən Zeynəb Xanlarovaya çağırışAkif Nağı: “Onun özü də baş düşmür ki, nəyə imza atıb”

Milli Məclisin deputatı, xalq artisti Zeynəb Xanlarovanın “Ermənistan-Azərbaycan Sülh Platforması”na qoşulub, sonra da müharibə çağırışı etməsi cəmiyyətdə birmənalı qarşılanmayıb. Deputatın bir-birinə tamamilə zidd olan çıxışları sosial şəbəkələrin geniş müzakirə mövzusuna çevrilib. Sual olunur ki, xalq artistini əvvəl “Sülh platforması”na imza atıb, sonra da müharibə çağırışı etməsinə nə vadar edib? Bəzi iddialara görə, deputat “Sülh platforması”na imza atarkən əslində məsələnin mahiyyətinə tam varmayıb və sonradan emosional çıxışı ilə əsl mövqeyini bəyan edib.


Məsələ ilə bağlı deputat Zeynəb Xanlarovanın öz mövqeyini öyrənməyə çalışsaq da, cəhdlərimiz boşa çıxdı.
Qeyd edək ki, xalq artisti Zeynəb Xanlarovaya deputat həmkarından dəstək verən olub. Belə ki, deputat Məlahət İbrahimqızı modern.az saytına açıqlama verərək Zeynəb Xanlarovanı fikirlərinə görə tənqid edən insanları qınayıb. Qeyd edib ki, həmin insanlar sülhlə müharibənin bir-biri ilə əlaqəsini, sintezini düzgün başa düşə bilmir: “Bəli, tamamilə razıyam ki, Zeynəb Xanlarova parlamentdə çıxışı edərkən hədsiz dərəcədə emosional olub. Zeynəb Xanlarova bu çıxışını Xocalı faciəsinin 25-ci ildönümündə səsləndirib. Zeynəb Xanlarova Azərbaycan qadınının erməni quldurları tərəfindən başlarına açılmış vəhşiliklərin görüntülərinə baxarkən çıxış edib. Zeynəb Xanlarova dünyaya göz açmış körpə uşaqlara qarşı törədilmiş o vəhşiliyə baxdıqdan sonra çıxış edib. Zeynəb Xanlarova da anadır. 2 oğlu var. Bugünlərdə də erməni işğalçılarının cəbhə bölgəsində təxribat törədərək vətənimizin igid oğullarının şəhid olduqlarını eşitdikdən sonra çıxış edib. Bütün bunlardan sonra Zeynəb Xanlarovanın emosionallığını təbii qəbul etmək olar. Zeynəb Xanlarova çox gözəl bilir ki, müharibə əmrini ali baş komandan verir. Yazıları oxuduqdan sonra Zeynəb xanımın Milli Məclisdəki çıxışı ilə bağlı tənqidi fikirlər söyləyən insanları da qınadım. Görünür, həmin insanlar sülhün, müharibənin nə olduğunu, sülhlə müharibənin bir-biri ilə əlaqəsini, sintezini düzgün başa düşə bilmirlər. Müharibə bəzən sülhü qorumaq üçün olur... ”Sülh platforması"na imza atmaq, qoşulmaq o demək deyil ki, Azərbaycanın 20 faiz torpağı işğal altında qalmalıdır. “Sülh platforması”nda olan insanların heç biri demir ki, “biz bu platformaya qoşulmuşuq ki, torpaqlarımız işğal altında qalsın”. İşğal altında torpağımızın qalması sülh deyil. Elə Zeynəb Xanlarovanın da Milli Məclisdə dedikləri budur".


“Zeynəb Xanlarova növbəti addımında ”Sülh platforması"ndan imtina etməlidir". Bu sözləri isə QAT sədri Akif Nağı “Yeni Müsavat”a açıqlamasında bildirib. Akif Nağının sözlərinə görə, deputat əgər platformadan imtina etməsə, öz mövqeyini dəqiqləşdirib ictimaiyyətə açıqlamalıdır: “Ümumiyyətlə, həmin ”Sülh platforması"na imza atanların hamısı zamanında peşman olub, imzalarını geri götürəcəklər. Çünki bu, yanlış bir prosesdir, Azərbaycanın maraqlarına cavab vermir. Bildiyiniz kimi, Zeynəb xanımın “Sülh platforması”na imza atması cəmiyyətdə birmənalı qarşılanmadı. Sonrakı mövqeyi ola bilsin ki, imzasını geri götürmək üçün bir addım, bəhanə idi. Məqamı gələndə, Xocalı soyqırımı ilə bağlı müzakirələrdən söz düşəndə emosional olaraq fərqli bir mövqe bildirdi, dedi ki, “gəlin müharibəni başlayaq, erməniləri qırmalıyıq”. Növbəti addımında o, “Sülh platforması”ndan imtina etməlidir. Əgər imtina etmirsə, açıq-aşkar mövqeyini bildirməli, aydınlaşdırmalıdır ki, məsələnin sülh ya müharibə yolu ilə həll olunmasının tərəfdarıdır. Onun özü də başa düşmür ki, nəyə imza atıb. Yəqin ki, kimsə ondan xahiş edib ki, buna imza atsın, o da məsələnin tam mahiyyətini anlamadan platformaya qoşulub".


Xatırladaq ki, deputat, xalq artisti Zeynəb Xanlarova ötən ilin dekabrında yaradılan “Ermənistan-Azərbaycan Sülh Platforması”na qoşulsa da, bugünlərdə Milli Məclisin iclasında müharibə çağırışı edib. “Gəlin müharibə edək, erməniləri qıraq” deyə, deputat bildirib.