BolgeXeber.Com » Müsahibə-Reportaj » “Arif Rəhimzadə Rusiyanın mövqeyini ifadə edib” – “Biz türk deyilik!” deyən deputata həmkarından CAVAB

“Arif Rəhimzadə Rusiyanın mövqeyini ifadə edib” – “Biz türk deyilik!” deyən deputata həmkarından CAVAB

3-03-2017, 17:19
Oxunub: 3 324 “Arif Rəhimzadə Rusiyanın mövqeyini ifadə edib” – “Biz türk deyilik!” deyən deputata həmkarından CAVAB"Ruslar bizimlə Türkiyə türklərini hər zaman fərqləndiriblər”

Bu sözləri AZXEBER.COM-a açıqlamasında Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Milli Məclisin Türkiyə-Azərbaycan dostluq qrupunun üzvü, filologiya elmləri doktoru, professor Nizami Cəfərov deputat Arif Rəhimzadə KM.ru rus xəbər portalına verdiyi qalmaqallı müsahibəni şərh edərkən söyləyib.

N.Cəfərov "İstənilən halda biz türk deyilik, türklər tamam ayrı millətdir” ifadəsini işlədən həmkarının fikirlərini Rusiyanın o dövrdəki mövqeyini ifadə etdiyini deyib: "Arif müəllim bu məsələdə kifayət qədər təcrübəsi olan və araşdırmaları olan biridir. Sadəcə o Rusiyanın o dövrdəki mövqeyini ifadə edib. Hazırda, dünyada 25 türk xalqı var ki, onlardan biri də Azərbaycan xalqıdır. Yəni Türkiyə türkləri ilə, Azərbaycan türklərinin ayrı-ayrı xalqlar olduğu şübhə doğurmur. Amma hamımız türk mənşəliyik. 1936-cı ilə kimi hamımız türk adını daşımışıq. Ruslar isə bizlərlə Türkiyə türklərini hər zaman fərqləndiriblər. Bizim yazımıza ruslar "tyürkski yazık”, Türkiyə türklərinin yazılarına isə "türetski yazık” deyirdilər. Təkcə ruslar deyil, bizim ziyalılarımız da öz əsərlərində bu fərqləndirməni ediblər. Məsələn "Əkinci” qəzetində, Məhəmməd ağa Şahtaxtlının, Cəlil Məmmədquluzadənin əsərlərində bunu açıq şəkildə görmək mümkündür. Yəni biz özbəyi, qazağı, türkməni ona görə ümumi olaraq türk adlandırırıq ki, əcdadımız eynidir, türkdür. O ki, qaldı Arif müəllimin "müsəlmanlar” ifadəsinə, onu da düz deyir. Uzun müddət bizə ruslar "müsəlman” deyə xitab ediblər. Hətta "Əkinçi”də də bu ifadəyə tez-tez rast gəlmək mümkündür. Təbii ki, ruslar bizim kimliyimizi biliblər. Sadəcə bizi erməni və gürcülərdən fərqləndirmək üçün ümumi "müsəlman” ifadəsini işlədiblər.

N.Cəfərov Arif Rəhimzadənin ifadəsində müəyyən düzəlişlərin olmalı olduğunu bildirib: "İfadə düzgün qoyulmayıb. Biz etnik olaraq türkük. Əslində ermənilər də yaxşı bilirlər ki, biz türkük. Məhz özlərinin qondarma soyqırımının "intiqamı”nı bizdən türk olduğumuza görə almaq istəyirlər. Onların bizə qarşı yönələn torpaq iddiaları da buna dayanır”.

Qeyd edək ki, Milli Məclisinin regional məsələlər komitəsinin sədri, deputat Arif Rəhimzadə KM.ru rus xəbər portalına müsahibəsi birmənalı qarşılanmayıb. O qeyd edib ki. azərbaycanlılar türk hesab oluna bilməz: "Azərbaycanlılar dini kimlik istifadə edirdilər və özlərini "müsəlman” adlandırıdılar, Rusiyada isə həmin əhalini "tatarlar” hesab edirdilər. İstənilən halda biz türk deyilik, türklər tamam ayrı millətdir. Ancaq çar hökuməti "türk təsirinə” qarşı ermənilərin regiona köçürülməsini stimullaşdırdı".

Deputat həmçinin bizim türk kimi qələmə verilməyimizi bədbəxtçilik adlanıdırıb: "Bizim bədbəxtliyimiz ondadır ki, Rusiyada bizi türk hesab edirdilər, çünki Rusiyadan bu belə görünürdü, ona görə də çar hökuməti regionda ermənilərə arxalanmağı qərara aldı".