BolgeXeber.Com » Ölkə » "Adama sual verərlər, onda biz kimik?"

"Adama sual verərlər, onda biz kimik?"

6-03-2017, 11:12
Oxunub: 2 865 "Adama sual verərlər, onda biz kimik?"Azərbaycan türkləri Altay türk dil ailəsinə daxil olan etnosdur

Türk böyük anlayışdır, Altaydan başlamış, ta Karpat dağlarına qədər böyük bir ərazidə zaman-zaman türk xalqları yaşayıb. Təbii ki, ulu babalarımızdan türklük baxımından bizə fəxr eləyə biləcəyimiz böyük bir miras qalıb. Türklər həmişə tarixin yaradıcısı olublar.
Bolgexeber.com xəbər verir ki, bunu musavat-a müsahibəsində millət vəkili Fəzail Ağamalı həmkarı Arif Rəhimzadənin müsahibəsində "azərbaycanlılar türk deyil" fikrinə münasibət bildirərkən deyib. F.Ağamalı bildirib ki, Azərbaycan etnos olmaq etibarilə türk dil ailəsinə mənsubdur: "Azərbaycanda bizlərlə, türklərlə bərabər, digər etnoslar da min illər boyu bu məkanda yaşayıblar və bu ərazinin nümayəndələridirlər. Ona görə də Arif Rəhimzadənin söylədiyi fikrin heç bir elmi-praktik əsası yoxdur.

O, nədən bu fikri söyləyib, onun bu fikri hardan qaynaqlanıb, mənə də bəlli deyil. Lakin onun bu fikri tamamilə yanlışdır".

"Bu, sadəcə, dəyər verməməkdən irəli gəlir, yoxsa burada "beşinci kolon"un elementlərini axtarmaq lazımdır?" sualına cavab olaraq F.Ağamalı belə deyib: "Arif Rəhimzadə haqqında mən deyə bilmərəm ki, o, hardasa "beşinci kolon"un daşıyıcısıdır, yaxud da Azərbaycana bağlı adam deyil. Xeyr, mən bu fikirdə deyiləm. Arif Rəhimzadə, həqiqətən, Azərbaycana, bu torpağa bağlı insandır və sizin dediyiniz kimi, sıradan bir insan deyil. Mənimçün, doğrudan da, izahı çox çətin bir məsələdir ki, nə üçün Arif Rəhimzadə bu həqiqəti etiraf etməyib? Adama sual verərlər, onda biz kimik? Onda Arif müəllim söyləsin ki, yaxşı, azərbaycanlılar türk deyil, bəs, onda biz kimik? Dünyada artıq alimlərin müəyyənləşdirdiyi dil təsnifatı var. Biz də dil təsnifatına görə, Altay türk dil ailəsinə daxilik".