BolgeXeber.Com » Müsahibə-Reportaj » “Niyə vətəndaş 12 ildən artıq pensiya almamalıdır?”- Millət vəkili

“Niyə vətəndaş 12 ildən artıq pensiya almamalıdır?”- Millət vəkili

8-03-2017, 17:42
Oxunub: 4 006 “Niyə vətəndaş 12 ildən artıq pensiya almamalıdır?”- Millət vəkili"Pensiya yaşı 7 ildən bir qaldırılası məsələ deyil"

“Pensiyaçıların layiqli həyat səviyyəsini təmin etməsi növbəti mərhələdə pensiya islahatlarının əsas məqsədini təşkil etməlidir.”

"Pensiya yaşı 7 ildən bir qaldırılası məsələ deyil"

Xəbər verdiyimiz kimi, Azərbaycanda pensiya yaşının və peşə stajına görə pensiya yaşı müddətinin artırılması ilə bağlı layihə Milli Məclisin martın 7-də keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.

İqtisadi və Sosial İnnovasiyalar İnstitutunun rəhbəri, millət vəkili Əli Məsimli pensiya yaşının və peşə stajına görə pensiya yaşı müddətinin artırılması ilə bağlı Moderator.az -ın suallarını cavablandırıb:

-Əli bəy, Milli Məclisin müzakirəsinə çıxarılan yeni pensiya islahatlarına münasibətiniz necədir?

- Azərbaycan iqtisadiyyatında yaranmış vəziyyətdən az itki ilə çıxıb, yeni inkişaf trayektoriyasına keçidin magistral yolu cəmiyyət həyatının bütün sahələrində vaxtında, köklü, sürətli və keyfiyyətli islahatlardan keçir. Eyni zamanda böhranın sosial itkilərini azaltmaqdan ötrü mütləq sosial müdafiəyə ehtiyacı olan təbəqlərin sosial müdafiəsi qeydinə də qalmaq lazımdır. Sosial müdafiəyə ehtiyacı olan ən böyük sosial qrup isə aşağı pensiya alan pensiyaçılarımızdı....

Fikrimizcə, Milli Məclisin müzakirəsinə təqdim olunan ”Əmək pensiyaları haqqında”qanuna dəyişikliklərə də ilk növbədə bu meyarı əsas götürməklə yanaşmaq lazımdır. Proqram sənədlərində göstərildiyi kimi, yaranmış yeni sosial-iqtisadi şəraitə uyğun olaraq pensiya təminatı sisteminin uzunmüddətli dövr üzrə maliyyə dayanıqlığına nail olunması, pensiya təminatının vətəndaşların sosial müdafiəsini və layiqli həyat səviyyəsini təmin etməsi növbəti mərhələdə islahatının əsas məqsədini təşkil etməlidir.
- "Əmək pensiyaları haqqında”qanuna gözlənilən hansı dəyişiklikləri məqbul saymırsız?

-"Əmək pensiyaları haqqında" qanuna 98 dəyişiklik təklif olunsa da, əsas diskussiya obyekti pensiya yaşının artırılmasıdır. Pensiya yaşının tədricən kişilər üçün 63 yaşdan, qadınlar üçün isə 60 yaşdan 65 yaşa çatdırılması nəzərdə tutulur. Təqdim olunan sənəddə diskussiya predmeti və əlavə şərhə ehtiyac olan məqamlar olsa da, müsbət məqamlar da var və pensiya sahəsində islahatların yeni mərhələsini həyat keçirilməsinin labudlüyü öz-özlüyündə aydındı. Amma pensiya yaşının məhz indi, bu il artırılmasının hansı zərurətdən irəli gəlməsi və həm kişilər, həm də qadınlar üçün 65 yaşa çatdırılıb bərabərləşdirilməsi sualı ətrafında fikir ayrılığı olduğundan, bu məsələnin obyektiv araşdırılmasına böyük ehtiyac var. Beynəlxal təcrübədən məlumdur ki, pensiya yaşı 7 ildən bir qaldırılması məsələ deyil. Ölkələr belə addımlara 20-30 il və daha çox illərdən bir gedir və getməzdən əvvəl illərlə müzakirələr təşkil edir, siyasi, iqtisadi, sosial, demoqrafik və sair tərəflərini götür–qoy edirlər. Eyni zamanda həm də islahatlar pensiyaçıların aldıqları pensiyanın məbləğinin qorunub saxlanılması ilə müşayət olunmalıdır.

“Dərin araşdırmalar aparsalar, görünəcək ki, Azərbaycanda heç 30-40 ildən sonra belə demoqrafik trend indi Rusiyada və Avropa ölkələrində olduğu səviyyədə mənfi yüklü olmayacaq.”

-Pensiya yaşının məhs indi artırılmasının zəruriliyini irəli sürənlər- həm hökumət nümayəndələri, həm də Milli Məclisin Əmək və Sosial Siyasıt komitəsinin sədri hesab edir ki, insanlar özləri pensiya yaşının artırılmasını istəyirlər.

-Fikrimizcə, bütün insanların pensiya yaşının artırılmasını istəməsi fikri bu məsələyə birtərəfli yanaşma nümunəsi olub, pensiya yaşının artırılmasının əleyhinə olanların mövqeyi nəzərə alınmır. Dediklərimizin nə qədər real olduğunu bilmək üçün son günlər mətbuatı oxumaq və sosial şəbəkələri izləmək kifayətdir. Ona görə də belə yanaşma “stəkanın yarıya qədər boş olduğunu deyib pesssimist görünməkdənsə, stəkanın yarıya qədər dolu olduğunu deyib optimist görünməyin daha yaxşı olduğunu demək” kimi bir şeydi. Bir də ki, pensiya yaşının artırılmasını istəyən insanların çoxu sağlamlıq durumu əla, iş qabiliyyəti yüksək səviyyədə olduğuna görə yox, iqtisadi məcburiyyətdən, maddi problemlər onları çox sıxdığından bunu istəyirlər. Çünki vətəndaş pensiyaya çıxan kimi işlədiyi müddətdə aldığı məsələn, 350-400 manat maaşın müqabilində 150-170 manat pensiya almağa başlayır. Bu halla qarşılaşan aylıq gəlirinin yarıdan çoxunu itirməmək üçün pensiyaya gec çıxmaq istəyir. Hansı ölkələrdə pensiyanın məbləği yaşlı insanın həyatının və layiqlı istiarahət və səyahətlərlə müşayət oluna bilən yeni maraqlı mərhələsinə keçməyə imkan verirsə, həmin ölkələrdə ahıl yaşa çatanlar pensiya yaşından sonra işləmək istəmir. Ona görə də belə ölkələrdə əmək qabiliyyətli yaşda olan insanların sayının azalması şəraitində iqtisadiyyat dəyən ziyanı azaltmaq üçün çıxış yolunu pensiya yaşını 65, 67 və ya Yaponiyadakı kimi 70 yaşa çatdırmaqda görürlər. Azərbaycanda isə hazırda demoqrafiq situasiya belə ölkələrdən fərqlidir, əhalini 70 faizə yaxını əmək qabiliyyətli yaşda olmaqla pensiyaçıların sayından 5 dəfə çoxdu. Dərin araşdırmalar aparsalar, görünəcək ki, Azərbaycanda heç 30-40 ildən sonra belə demoqrafik trend indi Rusiyada və Avropa ölkələrində olduğu səviyyədəki kimi mənfi yüklü olmayacaq.
-Bu məsələdə ortaq məxrəcə gəlməkdən ötrü imkanlar varmı?

-Əlbəttə var...Hələ 7 il bundan əvvəl biz pensiya yaşı kişilər üçün 63-ə, qadınlar üçün 60 yaşa çatdırılanda, bu məsələ ətrafındakı maraqların konfliktindən maraqların harmoniyasına keçməkdən ötrü pensiya sisteminin liberallaşdırlmaısnı təklif etmişdik. Təklif etmişdik ki, İsveç pensiya sistemində olduğu kimi, ahıl insana şərait yaratmaq lazımdır ki, özü istədiyi yaşda pensiyaya çıxa bilsin. O vaxt bizim bu təklifimizə qarşı çox maraqlı əks arqument qoyulmuşdu ki, İsveç, Azərbaycan kimi Ermənistanla müharibə vəziyyətində deyil, ərazisi işğal olunmayıb və 1 milyon qaçqın və məcburi köçkünü olmadığından, İsveç modelinin təklif olunan məqamını Azərbaycanda tətbiq eləmək olmaz. Amma daha maraqlısı odur ki, indi hökumətin pensiya islahatı sahəsində irəli sürdüyü 98 dəyişiklik içərisində öz çəkisinə görə ən sanballısı elə 7 il bundan əvvəl bizim təklif etdiyimiz məsələdir. Yəni pensiyaya çıxma yaşı məhdudiyyəti götürülür. Onda o vaxt bu təklifi nəzəri fikir adlandıranlardan soruşmaq lazım: bu 7 il ərzində müharibəmi tam dayandı, işğalmı bitdi, məcburi köçkün problemimi tam həll olundu ki, həmin təklif məqbul sayılmağa başladı? Görürsüz, əgər 7 il bundan əvvəl müzakirələr zamanı bizim pensiya yaşına liberal yanaşma təklifimizə münasibət novator xarakterli olsaydı, indi pensiya yaşı ətrafında yenidən bu cür mübahisələr qızışmazdı....

“Postsovet məkanında Gürcüstan və Moldova istisna olmaqla pensiya yaşı qadınlar üçün 55-63, kişilər öçün isə 60-63 yaş arasındadır. Postsovet məkanında heç bir ölkə, postkommunust məkanında isə Bosniya və Herseqovinadan, inkişaf etmiş ölkələrdən isə ABŞ, Almaniya, Avstriya, Finlandiya və Yaponiyadan və digər bir neçə ölkədən başqa heç bir ölkə pensiya yaşını həm kişilər, həm də qadınlar üçün bərabərləşdirib 65 yaşa və ondan yuxarıya çatdırmayıb.”
-Rəsmi mövqe belədir ki, pensiya yaşı ona görə artırılır ki, əksər ölkələrdə pensiya yaşı kişilər və qadınlar üçün eynidir, yəni 65-dir....

-Burda müəyyən həqiqət payı olsa da, belə yanaşma yenə də yarımçıq xarakter daşıyır. Çünki vəziyyət heç də tamamilə deyildiyi kimi deyil. Postsovet məkanında Gürcüstan və Moldova istisna olmaqla pensiya yaşı qadınlar üçün 55-63, kişilər öçün isə 60-63 yaş arasındadır. Postsovet məkanında heç bir ölkə, postkommunust məkanında isə Bosniya və Herseqovinadan, inkişaf etmiş ölkələrdən isə ABŞ, Almaniya, Avstriya,Finlandiya və Yaponiyadan və digər bir neçə ölkədən başqa heç bir ölkə pensiya yaşını həm kişilər, həm də qadınlar üçün bərabərləşdirib 65 yaşa və ondan yuxarıya çatdırmayıb. Həmin ölkələrdə ömür uzunluğu, həyat səviyyəsi və pensiya təminatı göstəriciləri bizdən xeyli yaxşıdı. Məsələn, əgər Finlandiyadakı kimi Azərbaycanda da əhalinin təbii artımı, doğum göstəriciləri, əmək qabiliyyətli yaşda olan əhali azalsaydı, yaşlı əhalinin sayı kəskin surətdə artmağa başlasaydı, 2016-cı ildə orta pensiya 1539 avro olsaydı, onda bizdə də Finlandiyadakı kimi pensiya yaşının kişi və qadınlar üçün 65 yaşa çatdırılması situasiyanın tələb etdiyi məntiqi addım olardı. Bizdə demoqrafik trend Finladiyadakından fərqlidır. Amma orta pensiya Finlandiyadakı kimi 1539 avro yox, cəmi 110 avrodur. Hansı pensiya islahatını aparırsan-apar, pensiyanı müəyyənləşdirmək üçün hansı üsulu tətbiq edirsən-et, pensiyaçını daha çox bir şey maraqlandırır: bu dəyişikliklər onun pensiyasının məbləğinin artmasına səbəb olacaqmı? Hələlik görünən budur ki, təklif olunan yeni pensiya islahatı orta statistik Azərbaycan pensiyaçısının pensiyasının nəzərəçarpan dərəcədə artmasına ən azı orta perspektivdə gətirib çıxarmayacaq.

“Pensiyaçıların bir hissəsi heç də 12 il pensiya almır. Pensiyaçı pensiyaya çıxan kimi və ya bir-iki ildən sonra vəfat edəndə, qalan 10-12 illik pensiya haqqını ailəsinə verirlərmi? Yox. Onda niyə salamat qalan pensiyaçı 12 ildən artıq pensiya almamalıdır?”
- Milli Məclisin Əmək və Sosial Siyasət komitəsinin sədri həm də bildirib ki, “Azərbaycanda ömür uzanıb, kişilər pensiyaya çıxandan sonra 77,4 yaşa qədər, qadınlar isə 78,6 yaşa qədər yaşayır. Biz qadınlara orta hesabla 78.5 yaşına qədər pensiya veririk. Amma bizim hesablamamızla pensiya haqqını ödəmə 12 il müddətinə verilməlidir. Yəni, qadın 72 yaşına qədər pensiya almalıdır. Biz yuxarı yaş həddini müəyyən edə bilmədiyimizə görə pensiyaya çıxma yaşını artırıb 65 edirik. Yəni, qadınların pensiya yaşı 65-ə çatdıqdan sonra onlar minimum 12-13 il pensiya alacaqlar». Bu baxışa münasibətiniz...

- Hökumətin yeni pensiya islahatının əsas hədəflərindən biri budur ki, heç bir pensiyaçı maksimum 12 ildən artıq pensiya almasın. Hesab edirik ki, pensiyaçılara belə yanaşma korrekt deyil. Ona görə ki, “pensiyaçı 12 ildən artıq pensiya almamalıdır prinsipi”ni ehkama çevirmək olmaz. Əgər “pensiyada olma müddəti” 12 ildən artıqdırsa, pensiya sistemi bunu nəzərə almalıdır. Digər tərəfdən isə pensiyaçıların bir hissəsi heç də 12 il pensiya almır. Pensiyaçı pensiyaya çıxan kimi və ya bir-iki ildən sonra vəfat edəndə, qalan 10-12 illik pensiya haqqını ailəsinə verirlərmi? Yox. Onda niyə salamat qalan pensiyaçı 12 ildən artıq pensiya almamalıdır? Ona görə də “pensiyada olma müddəti”nin hesablanması qaydasına yenidən baxmaq lazımdır. 2016-cı ildə dünyasını dəyişən 57 min nəfərə yaxın insanın 2 mini uşaq ölümü, 2600 avtoqəza və digər travmalar nəticəsində ölənlər, bir hissəsi həqiqətən də “pensiyada olma müddəti” hesab olunan 12 ildən çox yaşayanlar, əksəriyyəti təşkil edən qalan hissə isə pensiya yaşına çatmamış və ya “pensiyada olma müddəti”ndə dünyasını dəyişir.
Qadınların pensiya məsələsinə gəldikdə isə, bir müqayisə aparmaq yerinə düşər: Rusiya Statistika Komitəsinin məlumatlarına görə, kişilərin “pensiyada olma müddəti” 16 il, qadınlarınkı isə 25,5 ildir. Azərbaycan hökumətinin təqdim etdiyi islahat layihəsinin məntiqi ilə yanaşıldıqda, onda Rusiyada pensiya yaşı qadınlar üçün 55 yaşdan 69 yaşa çatdırılmalıdır ki, 12 ildən artıq pensiya almasınlar?...Görürsüz, burda normal məntiq yoxdur....yanaşma çox qüsurludur.

-Rusiyadan söhbət düşmüşkən....Rusiyanın tanınmış iqtisadçısı Kudrin pensiya yaşının artırılmasının tərəfdarı kimi çıxış edir, Azərbaycanın Siz də daxil olmaqla üzdə olan iqtisadçıları isə pensiya yaşının qaldırılmasnın əleyhinəsiniz. Kim haqlıdır?

-Rusiyanın demoqrafik göstəricilərindən çıxş edəndə Kudrin öz ölkəsi üçün haqlıdır. Buna baxmayaraq Rusiya hökumətinin aidiyyatı qurumları deyir ki, indi pensiya yaşının artırılması üçün zaman əlverişli deyil.
Biz isə öz iqtisadi, sosial, demoqrafık situasiyamızdan çıxış etdiyimizdən haqlıyıq. Rusiyada təbii artım çox aşağı səviyyədədir. Əhalinin azalması fonunda ahıl yaşda olanların xüsusi çəkisi artır. Əmək qabiliyyətli yaşda olan əhali isə azalır. Rusiyada kişi və qadınların 30 faizi Pensiya Fondunun təminatı altındadır. Belə vəziyyət iqtisadiyyatın inkişaf perspektivləri üçün ciddi təhlükə yaradır. Rusiyada əmək qabiliyyətli yaşda olan insanların sayının azalması şəraitində iqtisadiyyata dəyən ziyanı azaltmaq üçün pensiya yaşının artırılması tələbat yaranıb. Avropa ölkələrinin çoxunda da vəziyyət belədir. Rusiyada pensiya yaşı kişilər üçün 60, qadınlar üçün isə 55 yaşdır. Bu dünya ölkələri arasında ən aşağı göstəricilərdən biridir. Ona görə də Avropa ölkələrində olduğu kimi, Rusiyada da pensiya yaşının artırılması zərurəti yaranıb. Azərbaycanda isə əhalinin təbii artımı 1,1-1,3 faizdir. Əmək qabiliyyətli yaşda olan əhali artır. Pensiyaçılar əhalinin cəmi 13 faizi səviyyəsindədir.
-Rəsmi dairələr hesab edir ki, pensiya məsələsində orta ömür yox, pensiyada olma müddəti götürülməlidir. Buna münasibətiniz...

-Beynəlxalq praktikada pensiya islahatı bizdə tətbiq olunmağa başladığı kimi 7 ildən bir həyata keçirilən tədbir deyil ki, onu yalnız “pensiyada olma yaşı” kimi bir göstəriciyə istinad edərək həyata keçirəsən. Pensiya islahatını həyata keçirməkdən ötrü siyasi, iqtisadi, sosial, demoqrafik və s. cəhətdən əsaslar və şərait olmalıdır. Nə iqtisadi, nə sosial, nə də demoqrafik baxımdan indi pensiya yaşının kişi və qadınlar üçün artırılıb 65 yaşa çatdırılmasının zamanı hələ yetişməyib. Əhalinin xeyli hissəsi belə bir qərara hazır deyil. Xüsusən də kişilər və qadınlar üçün pensiya yaşının bərabərləşdirilməsi indi atılası addım deyil. Rayon yerlərində iş yerləri məhdud olduğundan xeyli ailə var ki, ailənin pensiya yaşında olan üzvünün pensiyası ilə dolanır və ya pensiyaya çıxmasını gözləyir. Rəsmi statistika ölkə üzrə kişilərin orta yaşını 73, qadınlarınkını isə 78-dən artıq göstərsə də, bir sıra rayonlarda kişilərin xeyli hissəsinin orta yaşı 63, qadınlarınki isə 68 olduğundan, pensiyaya vaxtında çıxmaq məsələsi çox aktuallıq kəsb edir. Hər il ölənlərin sayından uşaq ölümü, avtoqəza və digər hadisələr zamanı öləmlərin, eləcə də pensiyada olub 12 ildən çox yaşayanların sayını çıxdıqdan sonra qalan rəqəmin dərin araşdırılmalar aparılsa, məlum olar ki, hər il dünyasını dəyişənlərin çoxu pensiya yaşına çatmadan ölənlər və pensiya yaşında olanlardır. Obyektiv yanaşma üsulları tətbiq olunsa, görünəcək ki, pensiyaçılar arasında ölümün səviyyəsi yüksəlib.

“Pensiya Fondunu sadəcə tərifləmək yox, ona kömək eləmək lazımdır. Çünki pensiya kimi ağır bir problemi təkcə Pensiya Fondunun üstünə atmaq olmaz. Azərbaycan vətəndaşlarının layiqli pensiya alması məsələsi hökümətin siyasətində önə çəkilməlidir.”
-Belə bir fikir üstünlük təşkil edir ki, hazırkı pensiya islahatı büdcə vəsaitinə qənaət eləmək üçün həyat keçirilir...

-Pensiya yaşını artıran ölkələrdə hökumət əhaliyə bu islahatın fəlsəfəsini açır, açıq qalan suallara dolğun cavab verir. Həmin suallardan biri də pensiya yaşı qaldırılanda Pensiya Fondu (DSMF) vəsaitinə və büdcədən həmin fonda transfertərinə nə qədər qənaət ediləcəyi açıqlaması olur. Amma bizdə bunlar olmadan layihə Milli Məclisə çıxarılıb. Pensiya sisteminin səmərəli fəaliyyətini təmin etməkdən ötrü DSMF-ə yetərincə maliyyə resursu lazımdır. Dövlər Sosial Müdafiə Fondunda isə belə resurslar yoxdur. Amma hazırkı reallıqlar şəraitində pensiya yaşını artırmaq vəziyyətdən çıxış yolu deyil. Pensiyaya çıxanların ayı artacaq və nəzərəçarpan qənaətlər mümkün olmayacaq. Büdcə zərfi müzakirəyə çıxarılanda biz həmişə deyirik ki, indi təriflədiyiniz Pensiya Fondu bir neçə ildən sonra pensiyaların müsbət dinamikası şəraitində onun ödənilməsi problemi ilə rastlaşa bilər. Ona görə də Pensiya Fondunu sadəcə tərifləmək yox, ona kömək eləmək lazımdır. Çünki pensiya kimi ağır bir problemi təkcə Pensiya Fondunun üstünə atmaq olmaz. Azərbaycan vətəndaşlarının layiqli pensiya alması məsələsi hökümətin siyasətində önə çəkilməlidir. Biz pensiya modeli səmərəli işləyən bir sıra ölkələrin təcrübəsindən yaradıcılıqla istifadə edərək Sosial Müdafiə Fondunun vəsaitinin effektiv idarə folunması müxanizmi yaradılmasının və problemin köklü surətdə həll olunması variantının tərəfdarıyıq.Həmin mexanizm işə düşüb məqbul səmərəni verənədək isə dövlət dəstəyinə ehtiyac var.