BolgeXeber.Com » Mədəniyyət » İlham İsmixanoglu-Yeni şeirlər

İlham İsmixanoglu-Yeni şeirlər

9-03-2017, 09:42
Oxunub: 5 902 İlham İsmixanoglu-Yeni şeirlərÇağırdım, ölüm gəlmədi

Kölgəm

Anam mənlə qoşa doğdu
lap yaranışdan kölgəmi.
Böyütdüm boy həvəsilə,
aşırtdım başdan kölgəmi…

Özüm ilə qoşa saldım…
Yaman bərkə-boşa saldım.
Dağa saldım, daşa saldım –
keçirtdim daşdan kölgəmi.

Çağırdım, ölüm gəlmədi.
Oldu bir zülüm, gəlmədi…
Özümə əlim gəlmədi,
asdım ağacdan kölgəmi.

Dur, gözüm önündə

Sevdim, yüz şərt qoydun qarşıma mənim,
nəyi bacarmadım şərtlər içində?
Bircə ürəyimə qoymadım səni,
qorxdum itirərəm dərdlər içində.

Nəyinə gərəkdir ürəyim axı?
Ürəyim dərdlidir, başım havalı…
Öpüb, gözüm üstə qoymuşam səni,
dur gözüm önündə, a kasıb malı!..

O dünyadan məktub

Dost! Dünyanın xəlbirindən,
ələyindən nə xəbər?
Allahından, şeytanından,
mələyindən nə xəbər?

Yoxluğumdur usandığın.
Bəsdir daha yandığın!
Zülüm ilə qazandığın
çörəyindən nə xəbər?

Ağlayırmı yazıq anam?
Etibarsız oğlanam…
Uşaqlardan nigaranam,
Ürəyimdən nə xəbər?

Göz yaşınla gül bitirdin,
qəbrim üstə gətirdin.
İlham kimi dost itirdin,
kürəyindən nə xəbər?

Səsin özgə səsə verir


Bu adam ta xırıldayır;
səsin özgə səsə verir.
Bu təngiyən nəfəsini
bir özgə nəfəsə verir.

Bu adam zəlidir, zəli...
Bu adam dəlidir, dəli...
Almağa öyrəşən əli
əzrailə nəsə verir.

Həsrər qalır ağlına da,
son qoyulur nağlına da...
Ömrünü öz oğluna da
əli əsə-əsə verir.
İlham İsmixanoglu