BolgeXeber.Com » Media » Lentkəsən esse

Lentkəsən esse

6-01-2011, 15:55
Oxunub: 6 042

Alqışlı, musiqili, tortlu, küylü keçirdiyimiz bir ili də başa vurub, daha bir “-lı, -li, lu,lü” ili də qarşıladıq.

Daşqında və seçkilərdə azdan-çoxdan pələng balası kimi dişlərini qıcadan xalqın gücü elə qıcamağa çatdı. Sirkdə qamçıya öyrəşmiş pələnglərin təlimçinin adi əl yellətməsindən küyə düşən əhlləşmiş heyvanlar kimi (xalqımı heyvanlarla müqayisə etdiyimə görə, özümdən üzr istəyirəm) adicə polis maşınından diksinən bir xalq... Guya nə etməliydi? Heszad!

Guya bu ildə nə olacaq? Heszad? Yox... Ən azından, Gəncə tortu 1 metr daha uzanacaq.

Prezidentimizin də yeni il gecəsi qeyd etdiyi kimi, külli miqdarda layihələr “zapuskat” edildi. Həm də külli miqdarda pullar. Ötənilki kimi, 2011-də də belə olacaq. Amma, çox ehtimal ki, 2011 təmir-tikinti ili olacaq. Prezidentimizin təəssüflə qeyd etdiyi başaçatdırılmamış 3 miyol ağac əkmək planı yerinə yetirilməyəcək, yəqin ki. Əvəzində, “n” sayda qəza vəziyyətində olan obyekt aşkara çıxarılaraq plana salınacaq.

Mənim cəsarət edib verdiyim proqnoz budur. Məclisdəki üstünlüyü hansı nazir əldə edibsə, onun da işləri yağ kimi gedəcək. Bu arada, hansısa oxucum Nəqliyyat nazirliyində çalışırsa, məsləhət görərdim ki, vaxt itirmədən keçsin Fövqəl-nazirliyə. Çünki, orada bu il fövqəladə perspektivlər gözlənilir. Necə deyərlər, ulduzlar bu ilə fövqəladə hadisələr vəd edir.

Elə, dünyada da fövqəladə proqnozlar səsləndirilir. Bir neçə gün əvvəl dünya mətbuatında səs-küy qaldıran həmyerlimiz professor Elçin Xəlilovun 80 ölkədə fəlakət beşilliyi olacağı ilə bağlı proqnozlar da artıq özünü doğrultmağa başlayıb. İndoneziyadakı vulkanlar ilqabağı “jim-jim” eləməyə başlayıb. Bu da o deməkdir ki... Azərbaycanda hər şey əla olacaq. Görəsən, o hesabatda Azərbaycanla bağlı ciddi nəsə varmı?

Əgər, ilk olaraq hesabat bizim dövlət qurumlarına daxil olubsa, əlbəttə ki, ölkəmizlə bağlı ciddi siqnallar olmalıdır sənəddə. Hətta, təhlükə olmasa da. Çünki, bizim məmurlar hətta bəladan belə “çak-çuk” etməyi çox yaxşı bacarır. Yoxsa, Xəlilovun hesabatı Biləcəridən o tərəfə keçməzdi. O da, 80 ölkənin hökumətinə bu sənədi göndərə bilməzdi... Amma, bu fətvayi-mütləq deyil. Yəni, sadəcə, bəndənin fikridir.

Heç nəyə baxmayaraq, bizim bütün bəlavü-fəlakətli məsələlərin aqibəti məmur kabinetlərində və qanunverici orqanda (bu “orqan” sözü bizim parlamentə yaman yaraşır) həll olunacaq. Xalqın beyni isə, belə şeylərlə az ağrımalı olduğundan, ritmik-melodik əhval-ruhiyyə yenə davam edəcək. Etməlidir də. Başqa əlacımız yoxdur axı – ümumilli şəkildə.

Beynəlxalq sammitlərdə söz keçirə bilməyən, diplomatları tərəfindən təmsil olunmaq şansından məhrum, ordusunda vəzifə ancaq düşməni “cavab atəşi ilə susdurmaq” olan Azərbaycan Respublikasının şərəfini müğənnilət LAYİQİNCƏ qoruyacaqlar. Xüsusən də, qolunu-budağını sındırdıqları əcnəbi dillərdə. Savadı-biliyi-mənliyi olan tək-tük adamlara isə, vicdan göynərtisi çəkməkdən başqa heç nə qalmayacaq – o zaman ki, Milli Bankın göyərtisi tüstü və bəzəkli zərlər şəklində səhnələrə fışqırdılacaq.

Məsələn, “Eurovision”çuların ingiliscə oxuyub-danışmağını dinləyərkən (öz dilimiz barəsində heç danışmıram), litsey illərindən bu yana xarici dillər öyrənməyimə və magistr diplomunu hələ də ala bilməyən bir tərcüməçi olduğuma görə peşmanlıq çəkirəm. Çünki, onları anlayaraq (və ya anlamayaraq) dinləmək böyük əsəb gərginliyi yaşadır insana – hətta, səsləri olsa belə. Amma, çoxu söhbət edir – oxumaq əvəzinə. Layiq bildiyim biri var aralarında... Amma, Azərbaycandakı müsabiqələrdə layiqli seçimin keçirilməsinə skeptik yanaşan biri kimi, həmin xanımın “Eurovision”a (bizimkilər demişkən “Avrovijin”) getməsinə inanmıram.

Musiqidən söz düşmüşkən, mən milli-vətənpərvər ruhlu ədəbiyyat və musiqini sevsəm də, artıq, belə bir qənaətə gəlmişəm ki, bizim manıslar sevgidən-əyləncədən nə qədər çox oxusalar, o qədər yaxşı olar. Və bu, həm də Vətənə xidmət olar. Ən azından, Azərbaycanın adını yaltaqlıqda vasitəyə çevirməmiş olarlar.

Zarafat deyil, məndə də bəd bir adət yaradıb bu göydən 3 alma salan nağılçıların davamçıları: Hər “vətənpərvərlik” mahnısı eşidəndə, o andaca, qulaqlarımı 3 adı eşitməyə hazırlayıram: Heydər, İlham, Mehriban. Sanki, bu adlar hər mahnıda çəkilməsə, Azərbaycanın mahiyyəti yarımçıq açıqlanar.

Şəxsən, bu adların sahiblərinə qarşı heç bir qərəzim yoxdur. Sadəcə.... Artıq, “məqama sayğı” kimi anlayışı da gözdən salıb bizimkilər.

O ki qaldı yeni ilə... Mübüşdür! Həm mənə, həm də sizə onu qeyd etmək qalır. Və yaxud, yola vermək. Sözün yaxşı mənasında. Əsas odur ki, Dovşan ili gəldi. Sözün hər mənasında.

Rüfət Əhmədzadə