BolgeXeber.Com » Bölgə » Bərdədə turizm potensialının yüksəldilməsi ilə bağlı təlimlərə start verdi-FOTO

Bərdədə turizm potensialının yüksəldilməsi ilə bağlı təlimlərə start verdi-FOTO

10-03-2017, 14:32
Oxunub: 5 062 Bərdədə turizm potensialının yüksəldilməsi ilə bağlı təlimlərə start verdi-FOTOBərdə Regional Mədəniyyət və Turizm İdarəsi Bərdə Turizm İnformasiya mərkəzi ilə birlikdə regionlarda turizm potensialının yüksəldilməsi ilə bağlı təlimlərə start verdi

Turizm sektoru dünya üzrə ən gəlirli və sürətlə inkişaf edən iqtisadi sektora çevrilib. Belə ki, son dövrlər ölkəmizdə turizm sənayesinin və infrastrukturunun qurulması, turizm potensialının təbliği xarici turistlərin ölkəmizə axınını sürətləndirir. Onu da qeyd etmək yerinə düşər ki, bölgələrimizin turizm imkanları çox böyükdür. Bu imkanlardan istifadə edərək bölgələrə turistlərin axınını təşkil etmək və bu prosesin davamlılığını təmin etmək iqtisadiyyatımız üçün gərəklidir.
Bu baxımdan Bərdə Regional Mədəniyyət və Turizm İdarəsi və Bərdə Turizm İnformasiya mərkəzi bölgədə turizm sənayesinin qurulması , turizm imkanlarının tanıdılması üçün bölgədə ilk təlimini həyata keçirdi. Təlim maarifləndirici xarakter daşıdığı üçün əsasən gənc mədəniyyət və turizm işçiləri cəlb olunmuş və onlarla geniş şəkildə müzakirələr aparılmışdır. Təlimdə əyani vəsaitlər olaraq Bərdə Turizm İnformasiya Mərkəzinin hazırladığı buşlet, flayder, həmçinin, Bərdə bələdçi kitabı nümayiş olundu.
Təlimi giriş sözü ilə açan Bərdə Turizm İnformasiya mərkəzin direktoru Hikmət Heydərov turizm sahəsinin hazırda ən aktual sahələrdən birinə çevrildiyini bu sahənin dövlətin diqqət mərkəzində olduğunu qeyd etdi. Bərdə Regional Mədəniyyət və Turizm İdarəsi və tabeliyindəki nümayəndəliklərdə turizm sənayesinin məqsədyönlü şəkildə inkişaf etdirilməsi üçün Bərdə Regional Mədəniyyət və Turizm İdarəsi və Bərdə Turizm İnformasiya Mərkəzinin birlikdə hazırladığı “ Bölgədə Turizm imkanlarının öyrənilməsi və tanıdılması” haqqında maarifləndirici tədbirlər planından və qarşıda duran məqsədlərdən geniş şəkildə söz açdı.
Təlimdə çıxış edən Bərdə Regional Mədəniyyət və Turizm İdarəsin məsləhətçisi Ceyhun İsmayılzadə kənd turizminin əhəmiyyətindən danışaraq bu sahənin bölgəyə verə biləcəyi maddi və mənəvi faydalarını, mahiyyətini təlim iştirakçılarının nəzərinə çatdıraraq bildirdi ki, :- “Məqsədli şəkildə kənd turizmini inkişaf etdirsək, bolgələrimizim özünəməxsus adət ənnənəsi geniş şəkildə təbliğ ediləcək, kəndlinin maddi rifahı yüksələcək, müasir kənd infrasturukturu formalaşacaq və ətraf mühitin qorunmasına zəmin yaranacaq”.
Hər zaman olduğu kimi, bu gün də öz aktuallığını saxlayan sağlamlıq turizmi haqqında çıxış edən Bərdə Turizm İnformasiya Mərkəzinin mütəxəssisi Əhliyyət Əliyev bölgəmizin sağlamlıq turizminə verə biləcəyi töhfələrdən söz açdı.
O qeyd etdi ki, sağlamlıq turizmi sürətlə inkişaf edən bir sektor olaraq çox önəmli bir turizm növünə çevrilib və bölgəmiz bu baxımdan çox zəngin təbii sərvətlərə malikdir. Buna misal olaraq ərazidə yerləşən termal və müalicəvi əhəmiyyətli sulardan, neft məhsullarından və digər sərvətlərdən bəhs edərək onların yerləşdiyi ərazini, müalicəvi əhəmiyyətini, gələcəkdə daha məqsədyönlü şəkildə tanıdılması üçün görüləcək işləri təlim iştirakçılarının nəzərinə çatdırdı. Bütün bunlarla yanaşı Əhliyyət Əliyev onu da vurğuladı ki, - : “Ölkəyə gələn turistlərin sayı ildən-ilə artır və bu baxımdan sağlamlıq turizmi üçün faydalı turizm obyektlərinin tikintisi çox vacibdir”.
Daha sonra təlim qarşılıqlı müzakirələrlə davam etdi.
Bolgexeber.com