BolgeXeber.Com » Siyasət » “Bu təşəbbüs dünyada ilkdir” - Siyavuş Novruzovun “Facebook” təklifinə reaksiya

“Bu təşəbbüs dünyada ilkdir” - Siyavuş Novruzovun “Facebook” təklifinə reaksiya

10-03-2017, 20:25
Oxunub: 3 271 “Bu təşəbbüs dünyada ilkdir” - Siyavuş Novruzovun “Facebook” təklifinə reaksiya"Adambaşına düşən internet sürəti nə zaman 1 Gb/san olacaq”

Xəbər verdiyimiz kimi, deputat Siyavuş Novruzov Milli Məclisin bu gün keçirilən iclasında "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı çıxışında sosial şəbəkələrə şərh yazmaq üçün şəxsiyyət vəsiqəsi ilə qeydiyyatın tələb edilməsinin zəruri olduğunu deyib. Bu isə elə sosial şəbəkə istifadəçiləri arasında narazılıqla qarşılanıb.

Deputatın bu təklifinə münasibət bildirən "Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz BakiPost.az-a açıqlamasında qeyd edib ki, təhlükəsizlik tədbirlərinin bu yollarla tənzimlənməsi təklifləri təəssüf doğurur: "Bütün dünyada olduğu kimi bizdə də təhlükəsizliklə bağlı problemlər var. Təhlükəsizlik məqsədilə özünün milli sosial şəbəkəsinin yaradılmasına üstünlük verən ölkələr, hətta internet resurs hazırlamaqla bağlı polisdə qeydiyyatdan keçməyi tələb edən ölkələr olub. Amma bu tipdə təşəbbüs eşitməmişdim. Heç arzulamazdım ki, ölkəmizin indiki inkişaf səviyyəsində bu tip təkliflər səslənsin. Arzulayıram və ümid edirəm ki, Siyavuş bəyin növbəti çıxışından sonra münasibət bildirmək üçün jurnalistlər mənə " 5G-yə icazə ilk olaraq kimə veriləcək”, "Adambaşına düşən internet sürəti nə zaman 1 Gb/san olacaq”, "Dronlardan ölkəmizdə istifadəyə nə zaman icazə veriləcək”, "ÜDM-də İKT-nin xüsusi çəkisi nə zaman 10% olacaq”, "PayPal niyə Azərbaycana yetərincə diqqət göstərmir" və s. bu kimi suallar da ünvanlayacaqlar”.

O. Gündüz təhlükəsizlik tədbirlərinin gücləndirilməsi ilə bağlı öz təkliflərini də səsləndirib: "Təhlükəsizliklə əlaqəli qurumların peşəkarlığını artırmaq, maarifçilik işləri aparmaq, sosial medianın faydalı tərəflərini inkişaf etdirmək, "Facebook”, Google və s. bu kimi qlobal resurslarla əməkdaşlıq etmək, onları ölkəmizə dəvət etmək, onlarla informasiya münasibətlərini qaydaya salmaq daha doğru yanaşma olardı”.